Thursday, November 26, 2009

23 dekabr 2009-ci ildə keçiriləcək Bələdiyyə seçkilərində amizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsinə dair ARALIQ HESABAT






(8 oktyabr – 24 noyabr 2009-ci il)

I. XÜLASƏ

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafına çalışan müstəqil və tərəfsiz qeyri-hökumət təşkilatıdır. SMDT hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi ölkədə demokratik ənənələrin inkişafına, vətəndaşların rifahının yüksəlməsinə və insan hüquqlarının müdafiəsinə töhfə verəcək.
SMDT Azərbaycan Respublikasında 23 dekabr 2009-ci ildə keçiriləcək bələdiyyə seçkilərinin uzunmüddətli müşahidəsinin birinci mərhələsini – namizədlərin irəli sürülməsi və qeydiyyatını (8 oktyabr – 23 noyabr 2009-ci il) həyata keçirib. Bu mərhələdə SMDT 96 seçki dairəsində və milli səviyyədə seçkiqabağı siyasi mühit, seçki komissiyalarının fəaliyyəti, namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesini müşahidə edib. Müşahidə üzrə məlumatlar həmçinin zərurət yarandıqda seçki komissiyalarının üzvlərindən, seçicilərdən, namizədlərdən və ya onların nümayəndələrindən alınaraq üçüncü şəxslərlə dəqiqləşdirilib.

SMDT hesab edir ki, 23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkiləri dəyərləndirilərkən, seçki prosesinin bütün mərhələləri – seçki qabağı siyasi mühit, qanunvericiliyin vəziyyəti, seçkidə sərbəst iştirak imkanları, səsvermə və səslərin hesablanması üzrə ayrıca qiymətləndirmə aparılmalı və bu zaman Azərbaycan Respublikasının azad və ədalətli seçkilərin keçirilməsinə dair beynəlxalq öhdəliklərinə istinad olunmalıdır.
SMDT qeyd edir ki, ölkədə bələdiyyə seçkiləri öncəsi siyasi mühit azad və demokratik qaydada seçkilərin keçirilməsi üçün normal şəraiti təmin etmir və bələdiyyə seçkiləri ərəfəsində sərbəst toplaşmaq azadlığı, siyasi fəaliyyət imkanları, söz və mətbuat azadlığına təminatla bağlı vəziyyət dəyişməyib.

SMDT narahatlıqla qeyd edir ki, 23 dekabr 2009-cu il bələdiyyə seçkilərinin ilk mərhələsində siyasi fəallıq və seçkilərə ictimai maraq 2004-cü ildə keçirilmiş bələdiyyə seçkiləri ilə müqayisədə xeyli aşağı olub. Eyni zamanda yerli icra hakimiyyətləri seçkilərə qatılmaq istəyən müxalif siyasi partiya fəallarınına təzyiqlər etməklə, həm seçkilərə kənar müdaxilələr, həm də seçkilərdə rəqabətin süni olaraq azaldılmasına rəvac veriblər.

SMDT hesab edir ki, Mərkəzi Seçki Komissiyası öz fəaliyyətini texniki cəhətdən qanunauyğun qaydada və müddətdə həyata keçirib. Ancaq namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesində Dairə Seçki Komissiyalarının fəaliyyətində ciddi qanun pozuntuları qeydə alınsa da, bunla bağlı MSK-nın reaksiyası adevkat olmayıb.
SMDT qeyd edir ki, Azərbaycan seçki sisteminə vətəndaşların göstərdiyi inamsızlıq bələdiyyə seçkisində daha açıq şəkildə təzahür edib. Bunun əsas səbəblərdən biri bələdiyyələrin səlahiyyətlərinin aşağı olması, müstəqil yerli özünidarəetmə institutu kimi formalaşmaması və yerli icra hakimiyyətlərindən asılı olmasıdır.
SMDT ümid edir ki, 23 dekabr 2009-cu ildə azad və ədalətli seçkilərin keçirilməsi naminə dövlət orqanları, seçki komissiyaları, qeydiyyata alınmış namizədlər, seçkiyə qatılan siyasi partiyalar, ictimai təşkilatlar və Kütləvi İnformasiya Vasitələri bələdiyyə seçkilərinin növbəti mərhələlərində (seçkiqabağı təbliğat və seçki günü) azad seçki mühitinin yaradılması, sərbəst toplaşmaq, söz və mətbuat azadlığının təmin olunması, habelə seçki prosesinə qanunsuz müdaxilələrin baş verməməsi və seçkiqabağı ictimai müzakirələr ilə bağlı birgə səylər nümayiş etdirəcəklər.

II. GİRİŞ

SMDT 1 dekabr 2008-ci ildə qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri və üzvləri tərəfindən təsis edilib. Qeyd edək ki, 14 may 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin iddiası əsasında Xətai rayon məhkəməsi SMM-in qeydiyyatını qanunsuz olaraq ləğv edib.

SMDT Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, seçki sisteminin inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündə fəaliyyət göstərən bitərəf və təcrübəli qeyri-hökumət təşkilatıdır.
SMDT (keçmiş SMM) üzvləri 2001-2009-ci illərdə Azərbaycanda keçirilən əlavə və təkrar parlament seçkiləri, referen¬dum, parlament, prezident və bələdiyyə seçkilərini müşahidə edib. SMDT ümumilikdə 10 seçkinin monitorinqini həyata keçirib. Seçkilərin monitorinqi ilə bağlı SMDT üzvləri indiyədək 9 min nəfərdən artıq vətəndaşa təlim keçib və onların seçki komissyialarında akkreditə olunmalarına hüquqi-texniki yardım edib.

Ölkədə keçirilən seçkilər ilə yanaşı SMDT nümayəndələri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ENEMO və digər beynəlxalq müşahidə missiyaları çərçivəsində Albaniya, Belarus, Norveç, Qırgızıstan, Qazaxıstan, Gürcüstan, Almaniya, Türkiyə, Ukrayna, Moldova, Əfqanıstan, Kosovada keçirilən parlament, prezident və yerli seçkiləri müşahidə ediblər.
SMDT ATƏT-ə üzv olan 17 dövlətdən 22 QHT-ni birləşdirən Seçkilərin Moni¬torinqi Təşkilatlarının Avropa Şəbəkəsinin (ENEMO) üzvüdür. ENEMO çərçivəsində təşkil olunan bütün tədbirlərdə və seçki müşahidə missiyalarında indiyədək SMDT-in 300-dən artıq üzvü və könüllüsü iştirak edib.

23 dekabr 2009-cu ildə keçiriləcək Bələdiyyə seçkisi ilə bağlı SMDT ölkə vətəndaşlarına fərdi qaydada müşahidəçilik üçün hüquqi-texniki yardım həyata keçirir. Hazırda bələdiyyə seçkiləri ilə bağlı SMDT 1500 nəfər ölkə vətəndaşına Dairə Seçki Komissiyaları və Mərkəzi Seçki Komissiyası üzrə fərdi qaydada müşahidəçi kimi qeydiyyatdan keçməsinə hüquqi-texniki yardım edir, habelə onları zəruri metodik vəsaitlərlə təmin etməyi nəzərdə tutur.

23 dekabr 2009-cu il bələdiyyə seçkiləri vaxtı rəsmi elan olunduqdan sonra SMDT uzunmüddətli müşahidəni ölkənin 118 seçki dairəsindən 96-da fərdi qaydada qeydiyyatdan keçmiş uzunmüddətli müşahidəçilər vasitəsilə həyata keçirməyə başlayıb. SMDT uzunmüddətli müşahidəni 23 dekabr 2009-cu il bələdiyyə seçkilərinin bütün mərhələləri – namizədlərin irəli sürülməsi və qeydiyyatı, təbliğat təşviqat kampaniyası, seçici siyahılarının dəqiqləşdirilməsi, seçki günü səsvermə və səsvermənin nəticələrinin hesablanması, habelə bələdiyyə seçkiləri dövründə hüquq pozuntularına dair şikayətlərin araşdırılması prosesi üzrə nəzərdə tutur.

SMDT Bələdiyyə seçkiləri ilə bağlı proqramını Böyük Britaniya hökuməti və Kanada səfirliyinin maddi-texniki dəstəyi ilə həyata keçirir.

III. SEÇKİQABAĞI SİYASİ MÜHİT

a) Hüquqi - siyasi mühit


23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərindən əvvəl Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009 tarixli sərəncamına əsasən Respublika ərazisində olan bələdiyyələrin bir qismi birləşdirilib. Müvafiq sərəncamdan sonra bələdiyyələrin sayı 2757-dən 1718-ə qədər azaldılıb. Bu seçkilərdə həmçinin səlahiyyətləri 2011-ci ildə bitməli olan bələdiyyələr də iştirak edəcəklər. Xatırladaq ki, həmin bələdiyyələrə 6 oktyabr 2006-cı ildə növbədənkənar təkrar və əlavə seçkilər keçirilib.
SMDT hesab edir ki, bəzi siyasi təşkilatların 23 dekabr 2009-ci il bələdiyyə seçkisində aktiv iştirak etməməsi seçici fəallığına mənfi təsir edəcək. Bununla da seçkiqabağı təşviqat prosesi son bələdiyyə seçkisi ilə müqayisədə rəqabətsiz şəraitdə keçəcəyi narahatlıq yaradır. Ancaq təəsüf ki, siyasi hakimiyyət mövcud situasiyanın aradan qalxması üçün seçici fəallığına rəvac verəcək əsaslı tədbirlər həyata keçirməyib.
Qeyd edək ki, siyasi partiyaların bələdiyyə seçkilərində zəif iştirakının əsas səbəbi bələdiyyə seçkilərində namizədlərin siyasi partiya və ya siyasi partiya bloklarının nümayəndələri kimi qeydiyyatı üçün tələb olunan sənədlərin çoxluğu olub. Bununla da xeyli sayda şəxslərin seçkilərdə partiya adından qeydiyyatdan keçməsi məhdudlaşıb. Qeyd edək ki, müvafiq qanuna görə siyasi partiyalar hər bir namizəd üçün ayrı-ayrılıqda partiyanın nizamnaməsinin notariat qaydada təsdiq olunmuş sürətini, namizədlərin irəli sürülməsi haqda siyasi partiyanın rəhbər oraqanının iclasının qərarı və müvafiq iclasın protokolu, səlahiyyətli nümayəndələrin təyin edilməsi barədə siyasi partiyanın rəhbər orqanı iclasının qərarı və digər bu kimi sənədləri dairə seçki komissiyalarına təqdim etməlidirlər.
Bələdiyyə seçkilərində siyasi fəallığa mənfi təsir edən digər amil ölkədə indiyədək müstəqil və güclü səlahiyyətlərə malik yerli idaretmə institutunun –bələdiyyələrin formalaşmasına kömək edəcək hüquqi-siyasi islahatların aparılmamasıdr. Bununla yanaşı müstəqil ekspertlərə görə, 18 mart 2009-cu il referendumda Azərbaycan Respublikası Konstitusiyasının 146-cı maddəsinə “bələdiyyələrin öz fəaliyyətləri barəsində Azərbaycan Respublikası Milli Məclisinə hesabat təqdim etməsi” haqqında bəndin əlavə edilməsi bələdiyyələrin müstəqilliyinin təminatını daha da məhdudlaşdırıb.

b) İnsan hüquqlarının vəziyyəti

SMDT seçkilər ərəfəsi və seçkilər dövründə ölkədə vətəndaşların sərbəst və dinc toplaşmaq azadlığının qorunması, söz və mətbuat azadlığına təminat yönündə müsbət dəyişikliklər qeydə almayıb, əksinə ölkədə əsas siyasi azadlıqların ciddi şəkildə pozulması halları müşahidə olunub. Məsələn, 8 oktyabr 2009-cu ildə Müsavat Partiyasının təmsilçilərinin Bərdə rayonuna səfəri zamanı rayon rəhbərliyi zorakılıqla bələdiyyə seçkiləri ilə bağlı nəzərdə tutulan tədbirin təşkilinə imkan verməyiblər. Polislər Bərdə rayonu mərkəzində fəaliyyət göstərən çayxanaları bağlayıb və müxalif siyasi fəalların qapalı yerlərdə belə toplanmasına imkan verməyiblər. Eyni zamanda Bərdə rayon İcra Hakimiyyətinin nümayəndələri və mülki geyimli polislər görüş iştirakçılarına təzyiq göstərərək, onların Bərdəni tərk etməsi tələb ediblər. Həmin gün Yevlax şəhərinə getmək istəyən müsavatçıları polis Yevlax şəhərinə buraxmayıb. Müsavat partiyasının üzvü, millət vəkili İkram İsrafilin təkidlərinə baxmayaraq, polis Yevlaxa bütün giriş yollarını bağlayıb.

5 oktyabr 2009-cu ildə Bakıda metroda qiymətlərin qalxması ilə əlaqədar bir qrup gənc aksiya keçirib. Aksiya zamanı 2 gənc fəal - Emin Əliyev və Loğman Qasımov polis tərəfindən saxlanılıb. Gənclər Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendəki polis bölməsinə aparılaraq 52 AZN cərimə edildikdən sonra sərbəst buraxılıblar.
21 oktyabr 2009-cu ildə Azərbaycanda türk şəhid məzarının üzərində Türkiyə bayraqlarının endirilməsinə etiraz olaraq bir qrup partiya fəalları aksiya keçirib. Aksiya polis tərəfindən dağıdılaraq, jurnalist Elçin Həsənov, AXCP fəalları Əbülfəz Qurbanlı və Rövşən Nəsirlini həbs edilib. Bir neçə saat polis şöbəsində saxlanılan şəxslər sonra sərbəst buraxılıb.
11 noyabr 2009-cu ildə Səbail Rayon Məhkəməsi gənc bloqçular, “OL” Gənclər Hərəkatının koordinatoru Adnan Hacızadəni 2 il, “Alumni Network” Gənclər Hərəkatının təsisçisi Emin Millini 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Qeyd edək ki, 8 iyul 2009-cu il «Livan» restoranında baş verən münaqişədən sonra həbs edilən Adnan Hacızadə və Emin Milli xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunublar. Yerli və beynəlxalq ictimaiyyət gənclərin ictimai fəaliyyətinə görə şərləndiyi qənaətindədirlər.
22 noyabr 2009-cu ildə gənclər təşkilatının bir qrup üzvlərinin söz azadlığının boğulmasına etiraz olaraq təşkil etdikləri dinc aksiyaya polis müdaxilə edib. Aksiyanın iştirakçısı olan “Turan” İnformasiya Agentliyinin əməkdaşı Turxan Qarışqa, AXCP Gənclər Təşkilatının üzvləri Ramil Qafarlı və Teymur Məmmədzadə Səbail Rayon polis əməkdaşları tərəfindən 1 saat müddətinə saxlanılıb.

c) Vətəndaş cəmiyyətinin vəziyyəti

Bələdiyyə seçkiləri ərəfəsində Ədliyyə Nazirliyi Azərbaycanda müstəqil və yerli seçki müşahidə təşkilatı olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzini (SMDT) qeydiyyata almaqdan imtina edib. SMDT 2009-cu ildə 2 dəfə sənədlərini dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim etsə də, nazirlik müxtəlif bəhanələrlə sənədləri icraata almadan geri qaytarıb. SMDT bununla bağlı yerli məhkəmələrə müraciət etsə də, məhkəmə Ədliyyə Nazirliyinin xeyrinə qərar çıxarıb.

Bələdiyyə seçkiləri ərəfəsində yerli hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi şəxslər, o cümlədən “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirli, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin azad olunması barədə heç bir tədbirlər görülməyib.

Bələdiyyə seçkilərində seçicilərin və vətəndaş cəmiyyəti təşkilatlarının fəal iştirakı yönündə mühüm tədbirlər baş verməyib. Seçki prosesinə ictimai marağın yaradılması, seçkiqabağı ictimai müzakirələr və seçicilərin məlumatlandırılması yönündə dövlət orqanları, seçki komissiyaları, yerli və beynəlxalq təşkilatların əsaslı fəaliyyəti müşahidə olunmayıb.

IV. SEÇKİ KOMİSSİYALARININ FƏALİYYƏTİ

Bələdiyyə seçkilərinin ilk mərhələsində Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyəti digər seçki komissiyaları ilə müqayisədə fəallığı ilə seçilib. Bələdiyyə seçkiləri ilə bağlı ilk mərhələdə MSK fəaliyyətini qanunla müəyyən edilmiş müddətdə həyata keçirib və bələdiyyələrə hazırlıqla bağlı zəruri sənədləri təsdiq edib. Bu müddət ərzində MSK-da müşahidəçilərin qeydiyyatı ilə bağlı müraciətlərə qanunla müəyyən olunmuş müddətdə baxılmasa da, bir müddət yaranmış problemlər həll edilib. MSK-nın iclaslarında iştirak etmək istəyən müşahidəçilərin müraciətinə müsbət reaksiya verilib, zəruri imkanlar yaradılıb.

SMDT-nin Respublika üzrə 96 seçki dairəsi ərazisində apardığı müşahidələr göstərir ki, əvvəlki seçkilərlə müqayisədə Dairə və Məntəqə Seçki Komissiyalarının fəaliyyətində ciddi irəliləyişlər baş verməyib. Məsələn, 9, 10, 11 noyabrda 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 1, 2, 4, 5, 7, 9, saylı MnSK-larında məntəqə sədrlərindən başqa digər üzvlər olmayıb. Bununla da Seçki Məcəlləsinin 33.1 və 38.1-ci maddələri, Əmək Məcəlləsinin 179.1-ci maddəsinin tələbləri pozulub.

Həmçinin bəzi dairələrdə namizədlərin qeydiyyatından imtina ilə bağlı protokoldan çıxarışlar namizədlərə gec verilib. Bəzi hallarda isə verilən sənədlərdə vətəndaşların seçki hüququ barədə biliklərinin az olmasından istifadə edərək şikayət cavabın tarixi əvvəki tarixlərə qeyd edilib ki, yuxarı instansiyaya şikayət etmək üçün müddət bitsin. Məsələn, 84 saylı Füzuli seçki dairəsində namizədliyini qeydiyyata alınmaq üçün müraciət edən İsmayılov Bayaz Ədil oğluna protokoldan çıxarışı 20 noyabr 2009-cu il tarixdə dairə seçki komissiyasından təqdim ediblər ancaq protokolda isə 17 noyabr 2009-cu il tarix qeyd edilib.

Seçki Məcəlləsin 112-ci maddəsinə əsasən vətəndaşlar seçki pozuntularından yuxarı seçki komissiyalarına 3 gün müddətində şikayət verə bilərlər. Ancaq MSK-ya təqdim olunan şikayətlər bəzi hallarda araşdırılmayıb. Məsələn, Müsavat Partiyası üzvlərinə Bərdə şəhərində olan təzyiqlərlə bağlı MSK-ya şikayətlə müraciət etsədə, MSK-nın Ekspert Qrupu şikayətin onun səlahiyyətlərinə aid olmamasını əsas gətirərək baxılmaq üçün qəbul etməyib.
Həmçinin MSK-ya seçici imzalarının toplanması zamanı polis orqanları və yerli icra hakimiyyəti orqanları nümayəndələrinin müdaxilələri, o cümlədən dairə seçki komissiyalarının fəaliyyəti ilə bağlı şikayətlər təqdim olunub. Məsələn, Ağdam rayonu Böyük Bəhmənli kənd sakini Əliyeva Gülşən Ərşad qızı, Sabirabad rayonu Qalağayın kənd sakini Əliquliyev Elxan Hacı oğlu, İsmayıllı rayonu Tircan kənd sakini Abdulov Mirzalı Fərzalı oğlu və digər şəxslərin MSK-ya ünvanlanan şikayətlərə müvafiq müddətdə cavab bildirilməyib.
SMDT ilə əməkdaşlıq edən müşahidəçilərin verdiyi məlumatlara görə, seçki hüquqları pozulan bir çox şəxslər əksər hallarda yerli icra strukturları və polisin təzyiqlərindən çəkinərək, MSK-ya şikayət vermək istəməyiblər.

Müşahidələrə əsasən bəzi dairə və məntəqə seçki komissiyaları əksər hallarda iş günü olmasına baxmayaraq, fəaliyyət göstərməyib. Bəzi hallar üzrə məlumatlar aşağıdakılardır:

● Oktyabrın 18-də 44 saylı Sumqayıt-Abşeron seçki dairəsinin 32 saylı məntəqəsi saat 17.00-da bağlı olub.
● Noyabrın 9-da 37 saylı Nizami birinci Seçki Dairəsinin 5 və 6 saylı seçki məntəqələri saat 15.00dan 16.00-dək bağlı olub.
● Noyabrın 10-da 67-saylı Cəlilabad şəhər seçki dairəsinin 1, 3, 4, 5 saylı məntəqələri saat 10.20-dən 15.30-dək bağlı olub.
● Noyabrın 11-də 73 saylı Lənkəran şəhər seçki dairəsinin 11, 12, 13 saylı məntəqələri bağlı olub.
● Noyabrın 17-də 74-saylı Lənkəran kənd seçki dairəsinin 35-saylı məntəqəsi bağlı olub.
● Noyabr 16-da 37 saylı Nizami birinci Seçki Dairəsinin 11 saylı məntəqəsində saat 13.30-dan 15.00-dək ancaq komissiya sədri iş yerində olub.
● Noyabrın 17-də 2009-cu il tarixdə 88 saylı Göyçay seçki dairəsinin 19 saylı seçki məntəqəsi saat 15.00-dan 17.30-dək bağlı olub.

V. NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ VƏ QEYDİYYATI
Seçki Məcəlləsinin 53.1-ci maddəsinə əsasən namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər. Ancaq ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərməlidir. Namizədin irəli sürülməsini həmçinin siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən həyata keçirə bilər. (Seçki Məcəlləsi maddə 54.1). Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş: əhalisi 99.999-dan çox olan ərazidə — 150, əhalisi 49.999-dan çox olan ərazidə — 100, əhalisi 19.999-dan çox olan ərazidə — 75, əhalisi 9.999-dan çox olan ərazidə — 50, əhalisi 4.999-dan çox olan ərazidə — 30, əhalisi 4.999-dan az olan ərazidə — 15 seçici imzası toplayıb.

Qeyd edək ki, namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi 8 oktyabr 2009-cu ildə başlayıb və 23 noyabr 2009-cu ilədək davam edib.

Rəsmi məlumata görə 23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərində 31 min 861 namizəd qeydə alınıb. Bu namizədlər 1718 bələdiyyədə olan 15 682 bələdiyyə üzvlüyünə iddia edib. Qeyd edək ki, bələdiyyə seçkiləri ilə bağlı 35 076 nəfərin namizədliyi təsdiq edilib. Dairə Seçki Komissiyaları 3215 nəfərin namizədliyini qeydə almaqdan imtina edib.

Qeydə alınan şəxslərin 14 min 647 nəfərinin seçkilərə namizədliyini özü tərəfindən, 147 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürüb. Yeni Azərbaycan Partiyası 15 388, Ana Vətən Partiyası 120, Vətəndaş Həmrəyliyi Partiyası 223, Müsavat Partiyası 125, Demokratik Azərbaycan Dünyası Partiyası 76, Ümid Partiyası 375, Kommunist Partiyası 7, Azərbaycan Vətənpərvərlər Partiyası 4, Sosial Rifah Partiyası 8, Sosial Demokrat Partiyası 1, Liberal Demokrat Partiyası 4, Müasir Müsavat Partiyası 22, Demokratik İslahatlar Partiyası 72, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 238, Böyük Quruluş Partiyası 385, Vətəndaş Birliyi Partiyası 31, Vətəndaş və İnkişaf Partiyası 1, Milli Demokrat 10 namizəd irəli sürüb.


Seçkilərdə iştirak edən namizədlərin partiya mənsubiyyətinə gəldikdə onların 17 688-i Yeni Azərbaycan, 35-i Milli İstiqlal, 292-si Ana Vətən, 306-sı Vətəndaş Həmrəyliyi, 130-u Müsavat, 134-ü Demokratik Azərbaycan Dünyası, 3-ü Yaşıllar, 348-i Ümid, 74-ü Kommunist, 1-i Milli Demokrat, 16-sı AVP, 1-i DSP, 164-ü Sosial Rifah, 5-i Liberal, 2-si Sosial Demokrat, 38-i Xalq Cəbhəsi, 8-i Vəhdət, 4-ü Liberal Demokrat, 26-sı Demokrat, 28-i Ədalət, 2-si MVP, 31-i Müasir Müsavat, 1-i Tərəqqi, 75-i ADİSP, 264-ü Bütöv Azərbaycan Xalq Cəbhəsi, 381-i Böyük Quruluş, 17-si Vətəndaş Birliyi, 39-u Klassik Xalq Cəbhəsi, 25-i Vətəndaş və İnkişaf, 10-u Milli Demokrat partiyalarının üzvləridir. Seçkilərə 11 331 nəfər bitərəf qatılıb. Namizədlərin 382 nəfəri isə partiya mənsubiyyətini göstərməyib.

2004-cü ildə keçirilmiş bələdiyyə seçkilərdən fərqli olaraq hazırkı bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi çoxlu sayda qanun pozuntuları ilə müşayiət olunub. SMDT-nin müşahidələri göstərir ki, qanun pozuntuları əsasən bələdiyyələrə namizədliyini irəli sürən müxalifət partiyasının üzvlərinə qarşı baş verib. Bəzi dairələrdə namizədliyini verən müxalifət nümayəndələrinin sənədləri müxtəlif bəhanələrlə qəbul edilməyib.
Bəzi seçki dairələrində sənədlərini təqdim edən namizədlərin imza vərəqələrini heç bir səbəb göstərilmədən qeydiyyat gününə bir gün qalmış qəbul edib. Məsələn, 98 saylı Şəmkir şəhər dairə seçki komissiyası noyabr 12-də saat 21 radələrində namizədlərin imza vərəqələrini qəbul edib.

Bələdiyyə seçkiləri üzrə namizədlərin irəli sürülüməsi və qeydiyyatı prosesi üzrə müşahidələr üzrə məlumatlar:

● Oktyabrın 17-də 59 saylı Salyan seçki dairəsi ADP-nin fəal üzvləri olan Hüseynov Mahir və Hüseynov Mübarizin namizədlik üçün sənədlərini qəbul etməkdən imtina edib, dairədən bu həmin günün şənbə istirahət olması ilə əsaslandırılib.

● 84 saylı Füzuli seçki dairəsinə Füzuli rayon Böyük Bəhmənli bələdiyyəsi üzrə namizədliyini irəli sürən Əliyeva Gülşən Ərşad qızının namizədliyi qeydə almayib. Səbəb kimi isə namizədinin təqdim etdiyi sənədlər arasında şəxsiyyət vəsiqəsinin sürətinin olmaması əsas götürülübdü.

● 6 saylı Culfa-Babək dairə seçki komissiyası namizədlərin qeydə alınması üçün tələb olunan sənədləri 12 noyabr 2009-cu il tarixdə qəbul etsə də, 13 noyabr sənədləri geri qaytarıb. Əsas kimi sənədlərin səhv olması göstərilib və DSK tərəfindən qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında yaşayan müsavatçılar üçün protokolların Müsavat Partiyası Naxçıvan təşkilatı tərəfindən verilməlidir.

● 84 saylı Füzuli seçki dairəsindən Böyük Bəhmənli bələdiyyəsi üzrə namizədliyini irəli sürən Əliyeva Gülşən Ərşad qızının imza vərəqələrində oxşarlığın olunması səbəbi ilə namizədliyini qanunsuz olaraq qəbul etməyib və dairə üzvlərinin iclasda qəbul etdikləri qərarla ona əlavə olan cədvəl arasında uyğunsuzluqlar olub.

● 82 saylı Ağcəbədi və 83 saylı Ağcəbədi-Ağdam dairə seçki komissiyalarına namizədliklərini qeydə alınmaq üçün vermiş Müsavat partiyasının üzvlərinə imza vərəqələri imzatoplama kampaniyasının bitməsinə bir gün qalmiş veriblər və nəticədə sənədlərini təqdim etmiş 65 partiya üzvündən yalnız 5 nəfəri imza toplayaraq sənədlərini müvafiq DSK-lara təqdim edib.

● Noyabrın 13-də 64 saylı Sabirabad ikinci dairə seçki komissiyasının sədri İmanov Şükür iş vaxtı seçki dairəsində olmayıb. Sonra Müsavat partiyasının Ulacalı kənd bələdiyyəsinə namizədi Muradov Əjdər, Güdəcuhur kənd bələdiyyəsinə namizədi Əliyev Mirzəağa və Muğangəncəli kənd bələdiyyəsinə namizədi Səfiyev Məhəmmədin sənədlərini heç bir səbəb göstərmədən qəbul etməyib.

● Noyabr 12-də 63 saylı Sabirabad birinci seçki dairəsinin sədri Məstalı Nuriyev Surra kənd bələdiyyəsinə namizədliyini AXCP-dən irəli sürən Əsədov Qismət Qüdrət oğlunun namizədliyini bitərəf kimi qeydə alıb.

● Noyabr 12-də 98 saylı Şəmkir şəhər dairə seçki komissiyası saat 21 radələrində namizədlərin imza vərəqələrini qəbul edib. 99 saylı Şəmkir kənd dairə seçki komissiyası isə bu günə qədər də Müsavat Partiyasının namizədlərinin təsdiq olunması üçün vermək istədikləri sənədləri qəbul etməyib.

● Azərbaycan Beynəlxalq Bankının Salyan fillialında bələdiyyə seçkilərinə namizədlərdən bank hesabı açmaq üçün qanunsuz olaraq 10 AZN məbləğində pul tələb olunub.

● 110 saylı Zaqatala seçki dairəsində Müsavat partiyasının namizədlərinin sənədləri dairə seçki komissiyası tərəfindən qəbul olunmayıb. Kənd yerində yaşayan namizədlərdən onlara ayrılmış payı bəlli torpaqlardan əldə etdikləri gəlirlər haqqında arayış tələb olunur. Payı bəlli torpaqlardan heç bir gəlir əldə edə bilməyən vətəndaşlar üçün belə arayışların alınması problemə çevrilib. Ərazi icra nümayəndələri müxtəlif bəhanələrlə belə arayışları verməkdən imtina ediblər. Buna görədə namizədlər sənədlərini DSK-ya verə bilməyiblər.

● Noyabrın 13-də 18 saylı Nərimanov-Nizami dairə seçki komissiyasından Nizami rayon bələdiyyəsinə namizəd ADP-nin üzvü İsmayilov Nurəddinin namizədliyini imzalarda şübhəli məqamlar olduğunu əsas gətirərək qeydiyyata almayıb.

VI.TƏZYİQLƏR

Bələdiyyə seçkilərinin ilkin mərhələsində qeydə alınan ən ciddi və kobud qanun pozuntuları namizədliyini irəli sürən müxalif partiyaların nümayəndələrinə və onların yaxınlarına qarşı olan təzyiqlər olub. Namizdlərin irəli sürülməsi və qeydiyyatı mərhələsində əsasən namizədliyini geri götürmək üçün namzədlərə təzyiqlər edilib.

Seçkilərin bu mərhələsində qeydə alınmış təzyiq halları ilə bağlı məlumatlar:

● Noyabrın 14-də 59 saylı Salyan seçki dairəsindən Sarvan kənd bələdiyyəsinə namizəd, Demokrat Partiyasının üzvü Alim Həsənova kənd icra nümayəndəsi Ağalarov Əlipənah tərəfindən namizədliyini geri götürməsi üçün təzyiq edilib.

● Noyabrın 19-da 63 sayli Sabirabad birinci seçki dairəsindən Kürkəndi kənd bələdiyyəsi üzrə Xalq Cəbhəsi Partiyasından olan namizəd Balamirzə Fətiyevə namizədliyini bitərəf kimi verməsi təklif olunub. Ancaq Fətiyev bundan imtina etdikdə, onun namizədliyi qeydə alınmayıb.

● 70 saylı Masallı şəhər seçki dairəsindən Musaküçə kənd bələdiyyəsinə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülən Qəmbərov Yusif Kərəməli oğluna və İbrahimov Nabuq Həsən oğluna Musaküçə kənd icra nümayəndəsi Şəmsəddin Teymurov tərəfindən namizədliklərindən imtina etmələri üçün təzyiqlər edilib.

● Noyabrın 12-də 60 saylı Salyan-Neftçala seçki dairəsindən Qaracala kənd bələdiyyəsi üçün namizədliyini irəli sürən Demokrat Partiyasının üzvü Faiq Nuriyevə kənd icra nümayəndəsi Elyoldaş Hüseynov tərəfindən təzyiq edilib

● 60 saylı Salyan-Neftçala dairə seçki komissiyasının Aşağı Noxudlu kənd bələdiyyəsinə namizədliyi qeydə alınmış ADP üzvü Xudayev Məhərrəmə və onun atasına kənd icra nümayəndəsi Kamran Səmədov namizədliyini geri götürmədiyi üçün hədələyib.

● 63 saylı Sabirabad birinci seçki dairəsindən Qalağayın bələdiyyəsinə Müsavat partiyası tərəfindən namizədliyi irəli sürülmüş Elxan Əliquliyevə təzyiq olub. Belə ki, kənd icra nümayəndəsi Zülfəli Musayev 9 noyabr 2009-cu il tarixində evinə gələrək onu namizədliyini geri götürməsi üçün təzyiq edilib.

● 67 saylı Cəlilabad seçki dairəsindən Vətəndaş və İnkişaf Partiyası tərəfindən Təzəkənd bələdiyyəsinə namizədliyini irəli sürən Eyvazov Yadullaya, Abşabad kənd bələdiyyəsinə namizədliyini irəli sürən İlham Salayevə ərazi icra nümayəndəliyi və kənd polis nümayəndəsi tərəfindən təzyiqlər olub.

● Masallıda bələdiyyə üzvlüyünə namizədlər Çingiz Həşimov və oğlu Yavər Həşimova rayonun icra başçısı Qəzənfər Ağayev tərəfindən təzyiqlər olunub. Bu fakt YAP-dan həmin dairədən deputat seçilmiş Əhəd Abıyev tərəfindən də təsdiqlənib.

● Salyanda bələdiyyə üzvlüyünə namizədliyini Klassik Xalq Cəbhəsi Partiyası üzvü kimi irəli sürən Vaqif Hacıyevin imza vərəqələrinin sürətləri dairə seçki komissiyasından qanunsuz olaraq rayon icra başçısına verilib. İcra başçısının göstərişi ilə imza verən aşağıdakı şəxslərə - Səfərova Gülnaz Nazim qızı, Xurşudova Sevil Kərim qızı və Hüseynova Şəlalə Abbas qızına təzyiqlər edilib. Onlar işlədikləri dövlət müəsisələrindən çıxarılacaqları ilə hədələnərək, öz imzalarından imtina etməyə məcbur ediliblər.

● 95 saylı Tərtər seçki dairəsindən Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülən Əskipara kənd sakini Babayev Nazimə, Hüseynli kənd sakini Əhmədov Habilə rayon icra hakimiyyətinin tapşırığı əsasında müvafiq kənd nümayəndəsi və sahə müvəkkilləri tərəfindən müxtəlif hədələrlə təhdid və təzyiq olunaraq dairə seçki komissiyalarında namizədliklərini geri götürülməsi barədə məcburi ərizə yazdırılıb.

VII. NƏTİCƏLƏR VƏ TÖVSİYYƏLƏR


SMDT 23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərinin ilk mərhələsini ümumiləşdirərək, aşağıdakı nəticələrə gəlir:

● Ölkədə bələdiyyə seçkiləri qabağı siyasi mühit azad və demokratik qaydada seçkilərin keçirilməsi üçün normal şəraiti təmin etməyib. Bələdiyyə seçkiləri ərəfəsində sərbəst toplaşmaq azadlığı, siyasi fəaliyyət imkanları, söz və mətbuat azadlığının təmin olunması yönündə dəyişikliklər baş verməyib.

● Mərkəzi Seçki Komissiyası öz fəaliyyətini texniki cəhətdən qanunauyğun qaydada və müddətdə həyata keçirib. Ancaq namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesində Dairə Seçki Komissiyalarının fəaliyyətində ciddi qanun pozuntuları qeydə alınıb və bu cür halarla bağlı MSK-nın reaksiyası adevkat olmayıb.

● Bələdiyyə seçkilərində əksər siyasi partiyaların hazırlığı və iştirakının səviyysəsi zəif olub. Eyni zamanda yerli icra hakimiyyətləri siyasi partiyaların seçki prosesində iştirakının süni olaraq azaldılması yönündə təzyiqlərə rəvac verərək, seçki prosesinə qeyri-qanuni müdaxilə ediblər.

● Bələdiyyələrə namizədliklərini irəli sürən müxalif siyasi partiya üzvlərinə təzyiqlər olub. Təzyiqlər müxalif siyasi partiya üzvlərinə həm namizədliklərini irəli sürmə, həm də imzatoplama vaxtı qeydə alınıb.

SMDT 23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərinin ilk mərhələsinin nəticələrinə əsasən aşağıdakıların həyata keçirilməsini təklif edir:

● Bələdiyyə seçkiləri ərəfəsində namizədlərin irəli sürülməsi və qeydiyyatı zamanı qeydə alınmış qanun pozuntularının araşdıırlması yönündə müvafiq tədbirlər həyata keçirilməlidir;

● Seçki hüququnu pozan bütün şəxslər, xüsusən də yerli icra strukturlarının nümayəndələri məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır;

● Bələdiyyə seçkilərinin növbəti mərhələlərində - seçkiqabağı təbliğat və seçki günü seçki iştirakçılarına sərbəst və azad seçki mühitinin yaradılması, sərbəst toplaşmaq, söz və mətbuat azadlığının təmin olunması, habelə seçki prosesinə kənar müdaxilələrin baş verməməsi və seçkiqabağı ictimai müzakirələr üçün şərait yaradılmalıdır;


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin İdarə Heyəti
25 noyabr, 2009-cu il

Wednesday, November 25, 2009

SMDT bölgələrdə Vətəndaş Forumları keçirib






Vətəndaş Forumlarında əhalinin seçki proseslərinə marağının azalması vurğulanıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 23 dekabr Bələdiyyə Seçkilərinə hazırlıqla əlaqədar Vətəndaş Forumlarını keçirməyə başlayıb. Bu məqsədlə, SMDT icraçı direktoru Bəşir Süleymanlı Mingəçevir və Göyçay şəhərlərində keçirilən Vətəndaş Forumlarında iştirak edib.

Noyabr 23-də Mingəçevir şəhərində keçirilən Vətəndaş Forumunda bələdiyyə seçkilərinə hazırlıq, namizədlərin irəli sürülməsi və qeydiyyatı məsələləri müzakirə olunub. Bəşir Süleymanlı bələdiyyə seçkilərində namizədlərin qeydə alınması mərhələsi barədə iştirakçılara məlumat verib. Vətəndaş və İnkişaf Partiyasının Mingəçevir şəhər təşkilatının rəhbəri Natiq Hüseynov seçicilərin bələdiyyə seçkilərinə olan inamsızlığını bələdiyyələrin fəaliyyətsizliyi və icra hakimiyyəti tərəfindən səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqələndirib. Müsavat Partiyasından bələdiyyə seçkilərinə namizəd kimi qeydə alınan Ağahüseyn Mahmudbəyli Müsavat partiyasından olan 6 namizədə güclü təzyiqlərin edildiyi və nəticədə, 4 namizədin öz namizədliyini geri götürdüyünü bildirib. SMDT könüllüsü Bəliyar Baxışov isə bələdiyyələr, eləcə də bələdiyyə seçkiləri ilə bağlı əhalinin maarifləndirilməsinə ehtiyacın olduğunu deyib. Vətəndaş Forumunda könüllülər, bələdiyyə üzvləri, siyasi partiya nümayəndələri və QHT üzvləri olmaqla, 22 nəfər iştirak edib.

Noyabr 24-də Göyçay şəhərində keçirilən Vətəndaş Forumunda Bəşir Süleymanlı bələdiyyələr, onlara keçirilən seçkilər, SMDT-nin bu istiqamətdə fəaliyyəti və müşahidəçilik institutunun müsbət tərəfləri barədə iştirakçılara məlumat verib. Məktəb müəllimi Telman İsmayılov bələdiyyə seçkilərində təzyiqlərdən söhbət açaraq, təzyiqlərin bir mərkəzdən idarə olunduğunu bildirib. Göyçay Bələdiyyəsinin üzvü Əlimövsüm Rəhimov bələdiyyələrlə bağlı qanunların işləməməsindən narahat olduğunu qeyd edib. AXCP nümayəndəsi Səmid Məmmədov seçki prosesində qanun pozuntularından söhbət açaraq, seçkilərə namizədlərin icra hakimiyyəti tərəfindən əvvəlcədən təyin edildiklərini və bunun nəticə etibarı ilə əhalidə seçkilərə marağın azalmasına təsir etdiyini vurğulayıb. Göyçayda keçirilən Forumda siyasi partiya nümayəndələri, bələdiyyəyə namizədlər və bələdiyyə üzvləri olmaqla 24 nəfər iştirak edib.
Vətəndaş Forumları Kanada səfirliyinin maliyyə və texniki dəstəyi ilə həyata keçirilir.

Xatırladaq ki, SMDT-ni 14 may 2008-ci ildə dövlət qeydiyyatı Ədliyyə Nazirliyinin iddiası əsasında Xətai rayon məhkəməsində ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin üzvləri təsis ediblər. SMDT-nin əsas məqsədi Azərbaycanda azad və ədalətli seckilərin kecirilməsi, vətəndaşların dovlət idarəetməsində və demokratiyanın inkişafı prosesində fəal iştirakına yardım etməkdir.

Friday, November 20, 2009

SMDT yenidən Ədliyyə Nazirliyinə müraciət edəcək

ENEMO çərçivəsində müşahidəçi olmaq istəyən şəxslər öz ölkələrində müşahidəçilik təcrübəsinə malik olmalıdır

Bü günlərdə Kosovanın paytaxtı Priştinada Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) üzvü olduğu Avropada Seçki Monitorinqi Təşkilatları Şəbəkəsinin (ENEMO) Baş Assambleyasının iclası keçirilib. İclasda ENEMO-ya yeni üzvlərin qəbulu, növbəti il üçün planlaşdırılan müşahidə missiyası və icra strukturlarının seçilməsi ilə bağlı məsələlər müzakirə olunub. ENEMO üzvləri beynəlxalq müşahidə missiyalarının təşkili ilə bağlı bir sıra təlimatlar qəbul ediblər. Qəbul olunmuş yeni təlimata əsasən ENEMO çərçivəsində beynəlxalq müşahidə missiyasında yalnız öz ölkələrində seçki müşahidəçiliyində iştirak etmiş şəxslər cəlb oluna bilər. Bununla yanaşı Albaniya, Qazaxstan və Moldovadan yerli QHT-lər ENEMO-ya üzv olub və bununla da üzv təşkilatların sayı 17 ölkə üzrə 22-yə çatıb.

Noyabrın 19-da isə SMDT-nin Ümumi yığıncağı keçirilib. Yığıncaqda SMDT-nin qeydiyyat sənədlərinin hazırlanıb növbəti dəfə dövlət qeydiyyatı üçün Ədliyyə Nazırliyinə təqdim edilməsı qərara alınıb. Yığıncaqda həmçinin Anar Məmmədli yenidən SMDT-nin sədri, Bəşir Süleymanlı isə icraçı direktor seçilib.

Xatırladaq ki, SMDT-ni 14 may 2008-ci ildə dövlət qeydiyyatı Ədliyyə Nazirliyinin iddiası əsasında Xətai rayon məhkəməsində ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin üzvləri təsis ediblər.

Monday, November 16, 2009

«Seçki pozuntuları sifarişlə həyata keçirilir»


Noyabrın 13-də bələdiyyə seçkilərində imzatoplama kampaniyası başa çatdı.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, 1718 bələdiyyə üzrə 35 mindən çox şəxs namizədliyini irəli sürüb. Onlardan hələ ki, 28 mini qeydə alınıb. Qeydə alınanların 19 minə qədəri partiya üzvüdür. Onların da 14 mini bir partiyaya-hakim YAP-a, qalan 5 min nəfər isə 30 partiyaya mənsubdur.

«Panorama» verilişində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nümayəndəsi Məhərrəm Zülfüqarlı YAP-ın üstünlüyünü bir sıra amillərlə izah edib. Onun fikrincə, hər şeydən əvvəl müxalifət partiyaları zəifdir. Başqa tərəfdən, Seçki Məcəlləsi partiya siyahılarından seçkiyə qatılmanı xeyli çətinləşdirir.

Məhərrəm Zülfüqarlı deyir ki, YAP maliyyə və inzibati imkanlarından istifadə edərək çətinlikləri asanlıqla dəf edə bilər. Üstəlik, o hesab edir ki, yerlərdə müxalifət üzvlərinə yaradılan çətinliklər də YAP-ı şəksiz qalibə çevirir:

«Ancaq mən bütün təzyiqlərə görə yalnız hakimiyyəti qınamaq istəməzdim. Gərək vətəndaşlar da fəal olsunlar və öz hüquqları uğrunda axıra kimi mübarizə aparsınlar…».

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin üzvü Bəşir Süleymanlı isə sadə insanlarda bir elə də günah görmür:

«Bu insanlar neçə ildir seçkilərə qatılıb öz namizədlərini verirlər. Ancaq görəndə ki, seçki yolu ilə heç nəyi dəyişmək olmur, ruhdan düşürlər. Təzyiqlərin, repressiyaların qarşısını hakimiyyət ala bilər. Ancaq mən bu istiqamətdə hər hansı bir addım görmürəm».

Bəşir Süleymanlı düşünür ki, bələdiyyə seçkilərində təzyiqlərlə bağlı sifariş mərkəzdən gəlir. Məqsəd həm parlament seçkiləri ərəfəsində müxalifətin güclənməsinə yol verməmək, həm də arzuedilməz şəxslərin seçilməsinin qarşısını almaqdır.

Məhərrəm Zülfüqarlı isə təzyiqlərlə bağlı yuxarı orqanlardan sifariş verilməsini istisna etməsə də, başlıca günahı yerli məmurlarda görür:

«Ola bilsin, yuxarıdan deyirlər ki, saçın kəpəyini və ya saçın özünü azaldın. Ancaq yerli məmurlar saç əvəzinə baş kəsirlər…».

Bələdiyyə namizədlərinə efir verilmədi

Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasında iştiraka dair kütləvi informasiya vasitələrinin müraciətləri üçün müəyyən olunan vaxt qurtardı. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müəyyən olunmuş müddətdə quruma “Azərbaycan”, “Respublika”, “Azad Azərbaycan”, “Səs”, “Yeni Müsavat”, “168 saat”, “Üç nöqtə” qəzetləri, APA, “Riyad media”, agentlikləri, “Lent.az” portalı, İctimai Televiziya və İctima Radio Yayımları Şirkəti müraciət edib.
Seçki Məcəlləsinin 78.1-ci maddəsinə əsasən seçkilərin təbliğa-təşviqat kampaniyasında iştirak etmək niyyətində olan KİV seçkilərin təyin olunması ilə bağlı qərar dərc edildikdən sonra 35 gün müddətində reklam qiymətləri haqda MSK-ya bildiriş göndərməli və bunu öz səhifəsində yerləşdirməlidir. Bu tələbi yerinə yetirməyən KİV-in təbliğat kampaniyasına qoşulması qanunsuz sayılacaq. Deməli, aydın olur ki, namizədlərin öz hesabına televiziyadan təbliğat qurmaq imkanı əldən çıxdı. Bəs televiziyaların bu addımı hansı səbəbdən irəli gəlib.
“Space” kanalı bildirib ki, bu kanal heç vaxt bələdiyyəyə namizədlərə efir verməyib və bu ənənəni pozmaq fikrində də deyil. ATV kanalı da bələdiyyə namizədlərini efirinə buraxmayacaq. (“Azadlıq” 14 noyabr 2009)

Namizədlərin qeydiyyatı Noyabrın 23-də başa çatacaq

13 noyabrın, saat 18-də bələdiyyə seçkilərində iştirak etmək üçün götürülən imza vərəqələrinin və digər seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim olunması başa çatıb. Namizədlərin qeydiyyatı isə bundan 10 gün sonra yekunlaşacaq.
“Media forum” saytına danışan Mərkəzi Seçki Komissiyası mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki, noyabrın 25-də təşviqat kampaniyasının rəsmi startı veriləcək. Kampaniya 28 gün çəkərək dekabrın 21-də başa çatacaq.
Namizədlərin qeydiyyatı başa çatdıqdan sonra MSK ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış partiya və blokların siyahısını müəyyənləşdirəcək. Ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış partiya və bloklar İctimai Televiziya və Radioda pulsuz efir vaxtından istifadə edəcəklər. Seçki Məcəlləsinə görə, efir vaxtı 3 saatdan az olmamalıdır. Ayrılan müddət televiziyada pulsuz təşviqat hüququ qazanan partiya və bloklar arasında bərabər şəkildə bölünəcək. Bu partiya və blokların təsisçiləri dövlət orqanları olan və ya büdcədən maliyyələşən 4 nəşrdə - “Azərbaycan”, “Xalq qəzet”, “Respublika” və “Bakinski raboçi”də də pulsuz təşviqat aparmaları mümkün olacaq.
Ölkə üzrə bələdiyyələrin yarıdan çoxunda namizədləri olmayan siyasi partiya və bloklar isə ancaq ödənişli təbliğat apara bilərlər. Lakin A.Sarıyev ödənişli təbliğatı çətinləşdirən bir nüansı açıqlayıb: “Biz vaxtında elan vermişdik ki, bələdiyyə seçkilərində ödənişli əsaslarla reklam vermək istəyən KİV MSK-ya rəsmi bildiriş təqdim etməlidir. Bu günə qədər heç bir televiziya, qəzet, agentlik MSK-ya bildiriş təqdim etməyib. Noyabrın 12-də bildirişin təqdim olunma vaxtı bitir. O zamana qədər bildiriş təqdim etməyən KİV bələdiyyə seçkiləri ilə bağlı ödənişli reklam verə bilməyəcək”. A.Sarıyevin sözlərinə görə, bu, pulsuz reklama yer ayıracaq İTV-yə də aiddir: “Onlar da ödənişli reklam vermək istəyirlərsə, ayın 12-dək MSK-ya bildiriş təqdim etməlidirlər”.
MSK-nın noyabrın 9-u axşama olan rəsmi məlumatına görə, artıq 1700 bələdiyyə üzrə 22 851 nəfərin namizədliyi qeydə alınıb. Namizədlikləri qeydə alınan şəxslərdən 5972 nəfəri bitərəfləri, digərləri isə 24 siyasi partiyanı əhatə edirlər. 22 siyasi partiya rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb.
Dekabrın 23-də keçiriləcək seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir

1718 bələdiyyə üzrə 35 min 76 nəfərin namizədliyi təsdiq edilib.

Namizədlərin qeydə alınması üçün seçki sənədlərinin təqdimedilmə müddəti başa çatıb. Mərkəzi Seçki Komissiyasının mətbuat xitmətindən bildiriblər ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58-ci maddəsinin tələbinə əsasən, namizədliyin qeydə alınması üçün seçki sənədlərinin dairə seçki komissiyalarına (DSK) təqdim edilməsi üçün müəyyən olunan müddət 13 noyabr, saat 18.00 –da başa çatıb. Qeyd olunan vaxta qədər 1718 bələdiyyə üzrə 35 min 76 nəfərin namizədliyi təsdiq edilib. Namizədliyi təsdiqlənən şəxslərin 34 min 699 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alıb, həmin şəxslərdən 32 min 32 nəfəri isə namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri seçki sənədlərini müvafiq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq 1718 bələdiyyə üzrə 28 min 515 nəfərin namizədliyi qeydə alınmışdır. Qeydə alınmış namizədlərin 14 min 506 nəfəri ali təhsilli, 5 min 900 –ü qadındır.
Namizədlikləri qeydə alınan şəxslərdən 9 min 253 nəfəri bitərəfləri, digərləri isə 30 siyasi partiyanı təmsil edirlər. 22 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürmüşdür. Bu partiyalardan 19-nun irəli sürdüyü namizədlər DSK-lar tərəfindən qeydə alınmışdır.
Xatırladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 min 682 bələdiyyə üzvü seçilməlidir. Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifələrinə (www.msk.gov.azl; www.cec.gov.az; www.infocenter.gov.az;) müraciət etməklə bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydiyyatı barədə məlumat əldə etmək mümkündür.

Tuesday, November 10, 2009

MÜŞAHİDƏ

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydə alınması davam edir. Noyabrın 9-dək 1718 bələdiyyə üzrə 32 min 933 nəfərin namizədliyi təsdiq edilibdir

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildiriblər ki, namizədliyi təsdiqlənən şəxslərin 32 min 86 nəfəri dairə seçki komissiyalarından imza vərəqləri alıb, həmin şəxslərdən 27 min 53 nəfəri isə namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri seçki sənədləri müvafiq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq 1700 bələdiyyə üzrə 22 851 nəfərin namizədliyi qeydə alınıbdır. Qeydə alınan namizədlərin 12 min 70 nəfəri ali təhsilli şəxslərdir. Namizədliyi qeydə alınan şəxslərin 4962-si qadınlardır.
Namizədlikləri qeydə alınan şəxslərdən 5972 nəfəri bitərəfləri, digərləri isə 24 siyasi partiyanı əhatə edir. 22 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb. Bu partiyalardan 13-nün irəli sürdüyü namizədlər DSK-lar tərəfindən qeydə alınıb.
Xatırladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir

SEÇKİ BÜLLETENLƏRİNİN SAYI MÜƏYYƏNLƏŞİB, FORMASI TƏSDİQLƏNİB

Dekabrın 23-də keçiriləsi bələdiyyə seçkilərində istifadə olunacaq bülletenlərin forması təsdiqlənib. Mərkəzi Seçki Komissiyasının qərarına görə, bülletendə namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri göstəriləcək. Onları irəli sürmüş subyektlərin adı, mənsub olduğu siyasi partiyanın qısa adı da bülletendə yer alacaq.
Bülletenlər Milli Məclis Aparatının mətbəəsində dərc olunacaq. Ölkə üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq - 4 729 681 ədəd seçki bülleteni hazırlanacaq.

Bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının “qaynar xətti” yaradılıb.

Mərkəzi Seçki Komissiyasının 115 saylı “qaynar xətt”i fəaliyyətini davam etdirir. Ölkə vətəndaşları 23 dekabr 2009-cu ilə təyin edilmiş bələdiyyə seçkilərinə dair hər hansı bir məsələ ilə bağlı həmin “qaynar xətt”-ə müraciət edə bilərlər.
Bundan əlavə vətəndaşlar Mərkəzi Seçki Komissiyasının İctimai İnformasiya Mərkəzinin (+994 12) 493-48-69,(+994 12)493-48-85 saylı telefonlarına zəng etməklə də məsləhət ala bilərlər.
Həmçinin, Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifələrində (www.msk.gov.az; www.cec.gov.az;www.infocenter.gov.az)elektron qaynar xətt də (http://www.infocenter.gov.az/v3/zeng.php) fəaliyyət göstərir. Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifələrində Komissiyanın qərarları, təsdiq etdiyi normativ xarakterli aktlar, fəaliyyəti ilə bağlı məlumatlar, seçici siyahıları, dairə və məntəqə seçki komissiyalarının dislokasiyaları, ünvanları və digər seçki sənədləri yerləşdirilib

Bələdiyyə seçkilərində üzvlüyə namizədlərə pulsuz efir vaxtı ayrılacaq.

Day.az İnformasiya portalının yazdığı 22 oktyabr 2009 cu il məlumatına görə,MSK Bələdiyyə seçkilərin namizədlərə öz seçkiqabağı təşviqat kampaniyalarını aparmaq üçün KİV-də pulsuz efir və çap məkanı ayrılacaqdır.
MSK bildirir ki, - “ Siyasi partiya və bloqlara, eləcədə bələdiyyələrin yarıdan çoxunda qeydiyyatdan keçmiş namizədlərə seçkiqabağı KİV-də təşviqat kampaniyası aparmaq üçün İctimai Radio və Televiziyada, “ Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakınskiy rabociy” qəzetlərində pulsuz efir və çap məkanları təşkil ediləcəkdir.
Əgər hər hansı digər teleradio və redaksiyada təşviqat kampaniyası üçün pulsuz efir və çap məkanı ödənişli olarsa, onlar MSK-ya bunun haqqında bildiriş məktubu ilə müraciət etməlidirlər.
Pulsuz efir və çap məkanı haqqında informasiya və onun qiymətləri seçkilərin rəsmi elanından 35 günə qədər aydınlaşmalı, təşviqat subyekti müəyyənləşdikdən sonra qanunauyğun olaraq MSK-a göndərilməlidir.


Səlyan rayon seçki komissiyası Demokratik Partiyanın fəallının sənədlərini qəbul etməkdək imtina etdi

Bakı/17.10.09/ Turan: 59 saylı Səlyan rayon seçki komissiyası bələdiyyələrə namizədliyini verən Azərbaycan Demokrat partiyası fəalları Mübariz və Mahir Hüseynovun sənədlərini qəbul etməkdən imtina etdi. Buna səbəb kimi komissiyanın həftə sonları işləməməsi göstərildi.
“Demokratiyaya Dəstək” qeyri-hökumət təşkilatının başçısı Emil Məmmədovun Turana verdiyi müsahibədə - “Seçki kampaniyasının vaxtına çox az qalıb və indi komissiya hətta həftə sonları da işləməlidir. MSK-da “Ümid” partiyasının üzvü Akif Qurbanov etiraf edir ki, sənədlərin qəbul edilməməsi qanunsuzdur” – bildirib.
Bələdiyyələrə namizədlik üçün müraciət edənlər dairə seçki komissiyalarında seçki imzaları toplamaq üçün lazım olan sənədləri götürməlidirlər.

Salyan rayon bələdiyyələrinə namizədlərdən bank hesabı açılması üçün pul istənilib.

Bakı/19.10.09/ Turan:Azərbaynacan Beynəlxalq bakının Səlyan filialı bələdiyyə seçkilərinə namizədlərin hər birindən seçki kampaniyalarının həyata keçirilməsi üçün 10 AZN məbləğində pul istəyib.
“Demokratiyaya Dəstək” QHT-i sədri Emil Məmmədov bunun qanunsuz olduğunu hesab edir. “Heç bir normativ akt seçki kampaniyasının həyata keçirilməsi üçün hər hansı məbləğin ödənilməsini özündə əks etdirmir” – cənab Məmmədov Turana müsahibəsində bildirib.
MSK katibi Natiq Məmmədov Turana müsahibəsində bildirib ki, “ hesabın açılması bank xidməti hesab edilir və həmin bank dpvlət qanunvericiliyi və beynəlxalq standartlara uyğun işləyir”.
Cənab Məmmədov bank tələbini qanunauyğun hesab edir.

Salyanın icra başçısı müxalifətçilərə təzyiq edir. Bələdiyyəyə namizədliyini verən KXCP üzvünə imza verənlər təqib olunur

www.news.qaynar.info internet saytinin verdiyi məlumata görə, bələdiyyələrə namizədləyini verən bəzi müxalifət partiyalarının nümayəndələrinə təzyiqlər olunur. Belə ki, 59 saylı Seçki Dairəsindən Salyan şəhəri bələdiyyəsinin üzvlüyünə namizədliyini verən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclis üzvü Tahir Abbaslı icra başçısı Rasim Bəşirovun təzyiqləri ilə üzləşib. Bu barədə qaynar.info-ya KXCP Seçki Qərargahının sədr müavini, partiyanın Salyan rayon şöbəsinin sədri Ədalət Yusubov məlumat verib.
Onun sözlərinə görə, Tahir Abbaslı 59 saylı Seçki Dairəsindən Salyan şəhəri bələdiyyəsinin üzvlüyünə namizədliyinin verib və lazım olan imzaları toplayaraq, DSK-ya təqdim edib: "Hansısa səbəb üzündən T. Abbaslının topladığı imzalar Salyanın icra başçısı Rasim Bəşirova təqdim olunub. İcra başçısı T. Abbaslının namizədliyi üçün imza verən şəxslərin kimliklərinin araşdırılmasına göstəriş verib. İmza verənlərdən 2-3 nəfəri şəxsən R. Bəşirov kabinetində qəbul edərək, onlara hədə-qorxu gəlib və verdikləri imzalardan imtina edilməsi barədə 59 saylı Seçki Dairəsinə müraciət edilməsini tələb edib. Əks təqdirdə işlərini itirəcəklərini deyib. Lakin həmin şəxslər bundan imtina edib. R. Bəşirov 59 saylı DSK-nın rəhbərliyinə göstəriş verib ki, T. Abbaslının namizədliyi qeydə alınmasın. Bunun üçün onun topladığı 26-27 imzanı etibarsız elan etmək istəyirlər. Hesab edirik ki, bu, seçki komissiyalarının müstəqil və sərbəst fəaliyyətinə icra başçısının müdaxilə etməsini göstərir".
Onun sözlərinə görə, R. Bəşirov yağan yağışlar nəticəsində rayonda evlərin su basması problemini həll etməkdənsə, T. Abbaslının namizədliyini qeydə alınmamasına çalışır

Thursday, November 5, 2009

SMDT Bələdiyyə seçkilərinin keçiriləcəyi seçki məntəqələrinin siyahısının açıqlanmamasından narahatdır

4 noyabr 2009-cu ildə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) proqram direktoru Bəşir Süleymanlı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət edib.

Müraciətdə Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifələrində seçkilərin keçiriləcəyi bələdiyyələr və onlara nəzərdə tutulan üzvlərin sayı, həmçinin mövcud seçki dairələrə aid bələdiyyələr barədə məlumatların yerləşdirilməsini təqdirəlayiq hal hesab edildiyi vurğulanıb. Ancaq, qeyd edilib ki, bələdiyyələrə keçiriləcək seçkilərin hansı seçki məntəqələrini əhatə etməsi barədə Mərkəzi Seçki Komissiyasının rəsmi internet ünvanlarında məlumatlar yerləşdirilmir. Belə ki, bələdiyyə seçkilərinin hansı seçki məntəqələrində baş verəcəyi və ya əhatə edəcəyi məlum deyil. Bununla da müvafiq bələdiyyələrə namizədliyini irəli sürən şəxslər hansı seçki məntəqələrində imzatoplama və ya təşviqat kampaniyası aparacağını öncədən müəyyən edə bilmir və bu cür hal nəticədə bələdiyyə seçkiləri barədə ictimaiyyətin ətraflı və dolğun məlumatlar əldə etməsinə də məhdudiyyətlər yaradır. Müraciətdə yuxarıda göstərilən məsələlər ilə bağlı ictimaiyyətin geniş məlumatlandırılmasına və yaranmış problemin həllinin zəruriliyi vurğulanıb.

Tuesday, November 3, 2009

Parlament səsverməsində bəzi deputatların yerinə texniki işçilər səs verir


“Bizim yol qəzetinin yaydığı məlumata görə, Azərbaycan Milli Məclisində bəzən texniki işçilər millət vəkillərinin yerinə səsvermə prosesində iştirak edir, bu və ya digər deputatın yerinə səs verirlər. Hərdən elə hallar olub ki, parlamentdə iştirak edən deputatların sayı az olmasına baxmayaraq, yetərsay əldə etmək mümkün olur.
«Pensiya sistemi haqqında» qanun sonuncu dəfə parlamentdə müzakirə olunarkən müxalifətçi deputatların, Əli Məsimovun və Vahid Əhmədovun bu qanunun əleyhinə çıxmasına baxmayaraq, sonda məlum olub ki, qanunun əleyhinə cəmi 2 nəfər səs verib.
Ümumiyyətlə, ölkənin gələcəyi üçün qəbul edilən ciddi qanunların səsə qoyulması zamanı bu cür metodlardan istifadə olunması birmənalı qarşılana bilməz.
Deputat Pənah Hüseyn deyib ki, parlamentdə texniki işçilərin deputatların yerinə səs verib-verməməsini, istənilən qəzetin parlament müxbirindən öyrənmək olar: «Sözün açığı mən burada şahidlik etmək istəmirəm. Ancaq bir çox məsələlər kimi bu qanun da pozulur».
Ümid Partiyasının sədri İqbal Ağazadə isə deyib ki, bu məsəllər üzə mütəxəssis deyil: «Bu cür problemləri də araşdıran deyiləm. Ancaq şəxsən mən özüm öz yerimə səs verirəm. Parlament zalında olmadığım müddətdə isə heç kim mənim yerimə səs verə bilməz. Ancaq kimin kiminsə yerinə səs verdiyini bilmirəm. Bütün hallarda hesab edirəm ki, seçicilər parlamentin texniki işçisini deyil, millət vəkilini seçib. Ona görə də, səsvermədə deputatların özü səs verməlidir. Texniki işçilərin deputatın yerinə səs verməsi doğru deyil».

Müsavatın seçkidə partiya kimi iştirakına problem yaradılır.

“Yeni Müsavat” qəzetinin verdiyi məlumata görə, MSK Müsavatın səlahiyyətli nümayəndələrini qeydə almır, təlimatlarda analoqu olmayan əngəllər ortaya çıxıb. MSK Müsavat Partiyasının bələdiyyə seçkilərində partiya kimi iştirakına mane olur. Müsavatın prosesdən kənarda saxlanması üçün müxtəlif süni əngəllər yaradılır. Partiyanın bələdiyyə seçkilərində iştirakına aid sənədlərin MSK-ya oktyabr ayının 29-da təhvil verilməsinə baxmayaraq, partiyanın səlahiyyətli nümayəndələri hələ də təsdiq olunmayıb. Müsavat Partiyasının yaydığı bəyanatda bildirilir ki, MSK-nın bu maneəsi Müsavatın namizədlərinin sənədlərinin dairə seçki komissiyalarına çatdırılmasını gecikdirmək üçündür.
Belə ki, namizədliyin təsdiq olunması üçün sənədlər dairə seçki komissiyalarına siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən təqdim olunmalıdır. O da qeyd olunmalıdır ki, Seçki Məcəlləsində MSK-ya təqdim olunmuş səlahiyyətli nümayəndələrin siyahısının təsdiqi üçün 5 gün lazım gəlməsi haqqında maddə yoxdur.
Beləliklə, MSK qəbul etdiyi təlimatlarla və partiyanın səlahiyyətli nümayəndələrinin təsdiqini gecikdirməklə, Müsavat Partiyasının bələdiyyə seçkilərində iştirakını əngəlləməkdə davam edir.
Qeyd olunanları nəzərə alaraq, Müsavat Partiyası MSK-nın siyasi partiyaların bələdiyyə seçkilərində iştirakına əngəllər yaratdığını, bu prosesin Azərbaycanın nüfuzuna mənfi təsir etdiyini bəyan edir və bu əngəllərin tezliklə aradan qaldırılmasını tələb edir.
Müsavat Partiyası, həmçinin, bəyan edir ki, 23 dekabra təyin edilmiş bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları Seçki Məcəlləsinin 54-cü maddəsində kifayət qədər mürəkkəb yazılıb.
Müsavat hesab edir ki, Seçki Məcəlləsinin bələdiyyə seçkilərinə həsr olunmuş VII bölməsində bu qaydalar bələdiyyə seçkilərinə uyğunlaşdırılmayıb. MSK-nın qəbul etdiyi bu qaydalar burokratik əngəllərlə zənginləşdirilib və analoqu olmayan hala salınıb. Belə ki, məcəllənin 52.3 və 54-cü maddələrində və “Bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında təlimat”da eyni sənədlər siyasi partiyalardan iki dəfə tələb olunur.
1.Siyasi partiyanln qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti
2.Siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti
3.Siyasi partiyaların təyin etdikləri səlahiyyətli nümayəndələrin siyahıları
4.Siyasi partiyanın səlahiyyətli nümayəndələrinin Mülkü Məcəllədə nəzərdə tutulmuş qaydada rasmiləşdirilmiş vəkalətnamələri
Tələblərə görə, bu sənədlər MSK-ya və dairə seçki komissiyalarına, 1-ci və 2-ci sənəd isə həm də “Bələdiyyə seçkilərində xüsusi seçki hesabatlarının açılması qaydaları haqqında təlimat”a uyğun olaraq xüsusi seçki hesabı açılarkən bankların tələbi ilə onlara da təqdim olunmalıdır.
Müsavat bəyan edir ki, respublika üzrə 119 seçki dairəsində bələdiyyə seçkilərinin keçirildiyi nəzərə alınarsa, bu sənədlərin hər birindən 240 nüsxə hazırlanması gərəkdir. Bütün bunlar partiyalara maneələrdir.
Müsavat “Qeyd olunan sənədlərin MSk-ya təqdim edildiyi, təsdiq olunmuş səlahiyyətli nümayəndlərin səlahiyyətli nümayəndələrin siyahılarının rəsmi dövlət qəzetlərində çap olunduğu halda, bu sənədlərin dairə seçki komissiyalarına təqdim olunma məcburiyyəti nədən irəli gəlir” sualına MSK-da cavab verən olmadığını da bəyan edir.