Wednesday, November 25, 2009

SMDT bölgələrdə Vətəndaş Forumları keçirib






Vətəndaş Forumlarında əhalinin seçki proseslərinə marağının azalması vurğulanıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 23 dekabr Bələdiyyə Seçkilərinə hazırlıqla əlaqədar Vətəndaş Forumlarını keçirməyə başlayıb. Bu məqsədlə, SMDT icraçı direktoru Bəşir Süleymanlı Mingəçevir və Göyçay şəhərlərində keçirilən Vətəndaş Forumlarında iştirak edib.

Noyabr 23-də Mingəçevir şəhərində keçirilən Vətəndaş Forumunda bələdiyyə seçkilərinə hazırlıq, namizədlərin irəli sürülməsi və qeydiyyatı məsələləri müzakirə olunub. Bəşir Süleymanlı bələdiyyə seçkilərində namizədlərin qeydə alınması mərhələsi barədə iştirakçılara məlumat verib. Vətəndaş və İnkişaf Partiyasının Mingəçevir şəhər təşkilatının rəhbəri Natiq Hüseynov seçicilərin bələdiyyə seçkilərinə olan inamsızlığını bələdiyyələrin fəaliyyətsizliyi və icra hakimiyyəti tərəfindən səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqələndirib. Müsavat Partiyasından bələdiyyə seçkilərinə namizəd kimi qeydə alınan Ağahüseyn Mahmudbəyli Müsavat partiyasından olan 6 namizədə güclü təzyiqlərin edildiyi və nəticədə, 4 namizədin öz namizədliyini geri götürdüyünü bildirib. SMDT könüllüsü Bəliyar Baxışov isə bələdiyyələr, eləcə də bələdiyyə seçkiləri ilə bağlı əhalinin maarifləndirilməsinə ehtiyacın olduğunu deyib. Vətəndaş Forumunda könüllülər, bələdiyyə üzvləri, siyasi partiya nümayəndələri və QHT üzvləri olmaqla, 22 nəfər iştirak edib.

Noyabr 24-də Göyçay şəhərində keçirilən Vətəndaş Forumunda Bəşir Süleymanlı bələdiyyələr, onlara keçirilən seçkilər, SMDT-nin bu istiqamətdə fəaliyyəti və müşahidəçilik institutunun müsbət tərəfləri barədə iştirakçılara məlumat verib. Məktəb müəllimi Telman İsmayılov bələdiyyə seçkilərində təzyiqlərdən söhbət açaraq, təzyiqlərin bir mərkəzdən idarə olunduğunu bildirib. Göyçay Bələdiyyəsinin üzvü Əlimövsüm Rəhimov bələdiyyələrlə bağlı qanunların işləməməsindən narahat olduğunu qeyd edib. AXCP nümayəndəsi Səmid Məmmədov seçki prosesində qanun pozuntularından söhbət açaraq, seçkilərə namizədlərin icra hakimiyyəti tərəfindən əvvəlcədən təyin edildiklərini və bunun nəticə etibarı ilə əhalidə seçkilərə marağın azalmasına təsir etdiyini vurğulayıb. Göyçayda keçirilən Forumda siyasi partiya nümayəndələri, bələdiyyəyə namizədlər və bələdiyyə üzvləri olmaqla 24 nəfər iştirak edib.
Vətəndaş Forumları Kanada səfirliyinin maliyyə və texniki dəstəyi ilə həyata keçirilir.

Xatırladaq ki, SMDT-ni 14 may 2008-ci ildə dövlət qeydiyyatı Ədliyyə Nazirliyinin iddiası əsasında Xətai rayon məhkəməsində ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin üzvləri təsis ediblər. SMDT-nin əsas məqsədi Azərbaycanda azad və ədalətli seckilərin kecirilməsi, vətəndaşların dovlət idarəetməsində və demokratiyanın inkişafı prosesində fəal iştirakına yardım etməkdir.

No comments:

Post a Comment