Tuesday, January 12, 2010

SMDT 23 dekabr 2009-cu ildə Bələdiyyələrə keçirilmiş seçkilərin monitorinqi üzrə fəaliyyətinin XÜLASƏSİ






1.Ümumi məlumat

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafına çalışan müstəqil, tərəfsiz qeyri-hökumət təşkilatıdır. SMDT hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi ölkədə demokratik ənənələrin inkişafına, vətəndaşların rifahının yüksəlməsinə və insan hüquqlarının müdafiəsinə töhfə verəcək.

SMDT 23 dekabr 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərini müşahidə etmək üçün Mərkəzi və Dairə seçki komissiyalarında qeydiyyatdan keçmiş 1291 nəfər bitərəf müşahidəçi ilə əməkdaşlıq edib. Seçki günündən sonra - 24 dekabr 2009-cu ildə SMDT müşahidəçilərin məlumatları əsasında bələdiyyə seçkilərinin nəticələrinə dair İlkin Bəyanat yayıb. Qeyd edək ki, SMDT bələdiyyə seçkilərində səsvermə günü seçkiləri Respublikanın 118 seçki dairəsi üzrə 711 seçki məntəqsində müşahidə edib. Bu məntəqələr SMDT 4767 seçki məntəqəsi arasından təsadüfi yolla – püşkatma əsasında seçib.
Ümumiyyətlə isə SMDT 23 dekabr 2009-cu ildə Bələdiyyə seçkilərinin keçirilməsi haqqında rəsmi qərarın elan olunmasından başlayaraq, seçkilərə hazırlıq, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqat prosesləri üzrə Uzunmüddətli müşahidəçiliyi həyata keçirib və səsvermənin nəticələrinə dair İlkin Bəyanatı açıqlayıb . Bu mərhələdə SMDT seçki komissiyalarında fərdi qaydada qeydiyyatdan keçmiş 96 nəfər müşahidəçi vasitəsilə 112 seçki dairəsi və milli səviyyədə uzunmüddətli müşahidə aparıb.

2.Bələdiyyə seçkilərinin nəticələri

SMDT təəssüflə qeyd edir ki, Azərbaycan xalqının əsl iradəsinin ifadə edilməsi üçün bələdiyyə seçkilərinin keçirildiyi dövrdə, Respublika üzrə 1718 bələdiyyə üzrə keçiriləcək seçkilərlə ilə bağlı fəal ictimai-siyasi müzakirələr və seçicilərin geniş ictimai məlumatlandırması baş verməyib. Buna rəvac verən əsas səbəblərdən biri ölkədə sərbəst toplaşmaq, söz və mətbuat azadlığı ilə bağlı çatışmazlıqlar olub. Bələdiyyə seçkilər öncəsi insan hüquqları və vətəndaş cəmiyyətinin vəziyyəti daha da pisləşib.

Namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsi bir çox seçki dairələrində yerli icra hakimiyyətlərinin seçki prosesinə qanunsuz müdaxilələri ilə müşayiət olunub. Yerli səviyyəli nüfuzlu şəxslərin, o cümlədən müxalif siyasi partiya təmsilçilərinin namizədliyinin qeydiyyata alınmaması üçün süni əngəllər yaradılıb. SMDT hesab edir ki, yerli icra hakimiyyətləri və bəzi dairə seçki komissiyaları ölkə üzrə namizədlərin yarısının, habelə siyasi mənsubiyyəti olan namizədlərin böyük çoxluğunun Yeni Azərbaycan Partiyasından olmasında xüsusi fəallıq göstərib. Bununla da ölkədə seçicilərin alternativ seçim imkanlarının məhdudlaşdırılması, ədalətli siyasi rəqabət şəraitinin yaradılmaması və yerli idarətmə orqanlarında hakim siyasi partiyanın üstünlüyünün öncədən təmin olunmasına çalışılıb.

SMDT bildirir ki, bələdiyyə seçkilərinin təbliğat-təşviqat mərhələsi yerli və milli səviyyəli ictimai müzakirələr olmadan sönük seçki kampaniyası ilə müşayiət olunub. Seçkiqabağı təşviqat müddətində (25 noyabr-22 dekabr 2009-cu il) çox az sayda namizəd təşviqat aparıb və bununla da namizədlərin, siyasi partiyalar və seçicilərin seçki prosesinə cəlb olunması və geniş ictimai məlumatlanma baş verməyib.

Bələdiyyə seçkiləri günü SMDT ilə əməkdaşlıq edən müşahidəçilər seçki məntəqələrinin açılışı zamanı çox az sayda pozuntular qeydə alıblar. Seçki məntəqələrinin təşkili əsasən qanunun tələblərinə uyğun qurulub.

Səslərin sayılması zamanı müşahidəçilərin olduğu seçki məntəqələrinin 3,1 faizində seçki qutuları açılmazdan əvvəl onların möhürlü olub-olmadığı yoxlanılmayıb. Eyni zamanda, müşahidənin aparıldığı seçki məntəqələrinin yalnız 95 faizində səslərin sayılması prosesi açıq şəkildə keçirilib.

SMDT narahatlıqla qeyd edir ki, müşahidəçilərin olduğu seçki məntəqələrinin 23,4 faizində protokolların surəti məntəqənin qarşısında asılmayıb. Bununla yanaşı, SMDT ilə əməkdaşlıq edən müşahidəçilərin olduğu seçki məntəqələrinin 20,4 faizində müşahidəçilərə protokolların surəti verilməyib.

SMDT səsvermə prosesi zamanı müşahidənin aparıldığı seçki məntəqələrinin əksəriyyətində ciddi qanun pozuntularının baş verdiyini müəyyən edib. Bu qanun pozuntularına bir şəxsin bir-neçə dəfə səs verməsi, seçicilərin qrup halında məntəqəyə gətirilməsi, adı seçici siyahısında olmayan insanların səsvermədə iştirakı və seçki buletenlərinin topa halında qutulara atılması daxildir.

SMDT qeyd edir ki, əvvəlki seçkilər dövründə olduğu kimi, 23 dekabr 2009-cu il bələdiyyə seçkilərinin hazırlıq və seçkiqabağı təşviqat mərhələlərində, habelə seçki günü inzibati resurslardan istifadə edilib. Bununla yanaşı bir çox yerlərdə seçki subyektlərinə təzyiqlər olub. Səsvermə günü 10 MnSK-da SMDT ilə əməkdaşlıq edən müşahidəçilərə fiziki və psixoloji təzyiqlər göstərilib.

SMDT bələdiyyə seçkiləri günü seçici fəallığına dair məlumatların bəzi seçki məntəqələrində süni olaraq şişirdildiyini və seçici fəallığının real səviyyəsinin 17-18 faiz olduğunu qeydə alıb.

SMDT hesab edir ki, səsvermə günü də daxil olmaqla ümumi seçki mühitində baş verən çatışmazlıqlar və ciddi qanun pozuntularına əsasən 23 dekabr 2009-cu il bələdiyyə seçkiləri Azərbaycan Respublikası qanunlarının kobud qaydada pozulması halları ilə müşayiət olunaraq baş vermiş bu seçkilər azad, demokratik və ədalətli hesab edilə bilməz.

3.Bələdiyyə seçkilərinin nəticələrinə dair şikayətlər

Səsvermə günündən sonrada respublika ərazisində seçkilərin nəticılərinə dair etiraz edən şəxslər, xüsusən də namizədlər Dairə seçki komissiyalarına şikayətlərlə müraciət ediblər. Ancaq SMDT-nin müşahidələri göstərir ki, bu şikayətlər dairə seçki komissiyalarında düzgün araşdırılmayıb, yaxud da baxılmayıb. Təəssüf ki, bununla bağlı MSK-ya daxil olmuş şikayətlərin araşdırılmasında da ciddi nöqsanlar qeydə alınıb. Mərkəzi Seçki Komissiyası çox az sayda şikayətləri araşdırıb, təqdim olunan şikayətlərin çox hissəsinin MSK-ya daxil olması inkar olunub. Bəzi şikayətlər isə müddətin keçdiyi əsas gətirilərək araşdırılmayıb. MSK tərəfindən araşdılan bəzi şikayətlər barədə isə tam məlumat verilməyib. MSK-nın təqdim edilən şikayətlərlə əlaqədar şikayət edən tərəflərə qəbz verilməsi barədə təlimatı olsa da, şikayətçilərə belə qəbzlər verilməyib.

Şikayətlərinə baxılmayan namizədlər seçki günündən sonra müxtəlif formada etiraz aksiyaları keçiriblər. Sabirabad rayonundan olan təxminən 150 nəfər etirazçılar 5 yanvar 2009-cu il tarixdə Mərkəzi Seçki Komissiyasının qarşısında şikayətlərinə baxılması üçün aksiya keçiriblər. Aksiya polis tərəfindən dağıdılsa da, şikayətçilər həmin gün Prezident Administrasiyasının qarşısında da aksiya keçiriblər. Sabirabad şəhərindan olan etirazçıların əksəriyyəti iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvləri olub. Bununla yanaşı Tovuz rayonun İbrahimhacılı kənd bələdiyyəsinə YAP-dan olan 5 nəfər namizədi da seçkinin nəticələrinə etiraz ediblər. Onlar qeyd ediblər ki, məntəqənin protokolunda adları qalib kimi qeyd olunmasına baxmayaraq, MSK-nın internet ünvanında yerləşdirilən protokolda məlumatlar əksinə olub. Saxtakarlığa qarşı həmçinin İmişli, Qazax, Salyan və Neftçala rayonlarında da etirazlar olub.

4.Bələdiyyə seçkilərinin nəticələrinə yerli və beynəlxalq təşkilatların münasibəti


23 dekabr 2009-cu il bələdiyyə seçkilərində iştirak edən Müsavat partiyasının verdiyi rəydə bələdiyyələrə keçirlən bu seçkilərin yerli özünüidarəetmə sisteminin yaradılmasına imkan verən standartlara uyğun keçirilmədiyi qeyd edilib.

23 dekabr 2009-cu ildə keçirilən bələdiyyə seçkiləri rəsmi elan olunandan sonra “Demokratiyanı Öyrənmə” İctimai Birliyi və “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi (VCU) seçkilərin müşahidəsini aparacaqları barədə açıqlamalar verib. Həmçinin “exit-poll” həyata keçirmək məqsədilə isə Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və "ELS" Müstəqil Araşdırmalar Mərkəzi MSK-dan qeydiyyatdan keçib. Səsvermə günündən sonra ilkin bəyanatlarında bu təşkilatlardan “Demokratiyanı Öyrənmə” İctimai Birliyi, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi (VCU) səsvermə günü bəzi qanun pozuntularının olduğunu bildirib. "ELS" Müstəqil Araşdırmalar Mərkəzi ilə “exit-poll” həyata keçirən Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasısı (AVCİYA) isə seçici fəallığının 32,6 faiz olmasını qeyd edib. Müşahidə və “exitpoll” həyata keçirən təşkilatlardan “Demokratiyanı Öyrənmə” İctimai Birliyi və “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi (VCU) istisna olmaqla digər iki təşkilat maliyyə mənbəyini açıqlamayıb.

23 dekabr 2009-cu ildə keçirilən bələdiyyə seçkilərini müşahidə edən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Müşahidə Missiyasının 24 dekabr 2009-cu ildə keçirdiyi mətbuat konfransında Azərbaycan üzrə məruzəçi fransalı Yean-Klod Frekon qeyd edib ki, seçkilər praktiki nöqteyi-nəzərdən sakit amosferdə keçib. Seçki məntəqələri əvvəlki seçkilərlə müqayisədə daha yaxşı təchiz olunub, müşahidələrin aparılması üçün şərait yaradılıb. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə 1 nəfərin bütün ailə üzvlərinin yerinə səs verməsi, seçki kabinəsinə eyni vaxtda 2 nəfərin daxil olması halları xeyli azalıb. Burada problem yaradan əsas məqam yaşlı nəslin nümayəndələrinin latın əlifbasını bilməmələridir. Belə olduqda komissiya üzvləri və ya yaxınları onlara yardım etməli olublar. Nümayəndə heyətinin rəhbəri Qaya Doğanoğlunun seçkilərin nəticələri ilə bağlı bəyanatında deyilir ki, bu seçkilər Avropa Şurasının seçki praktikası mexanizminə uyğun olaraq yaxşı hazırlanmış, sakit, şəffaf və demokratik keçmişdir. Nümayəndə heyəti seçkilərin yüksək səviyyədə keçməsi ilə yanaşı, bəzi seçki məntəqələrində səslərin hesablanmasında müəyyən nöqsanlara yol verildiyini də diqqətə çatdırıb. Səkkiz ölkədən olan 11 nəfərlik müşahidə qrupunun üzvləri 100-dən çox məntəqədə seçkilərin gedişini izləyiblər.
Qeyd edək ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Müşahidə Missiyasının bəyanatı yerli ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

5.Rəsmi nəticələr

Yanvarın 11 də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. İclasda dekabrın 23-də Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinə yekun vurulub və nəticələri elan edilib.
MSK–nın rəsmi məlumatına görə dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində ölkə üzrə seçicilərin 32,4 faizinin iştirak etdiyi bildirilib. Ümumilikdə 30 seçki məntəqəsində və 9 bələdiyyəyə üzrə keçirilən seçkilərin nəticələri ləğv edilib. Qusar rayonu Uluq, Quba rayonu Ağgül, Sabirabad rayonu Şəhriyar, Masallı rayonu Boradigah, İmişli rayonu Mərzəli, Qızılkənd və Sarxanlı, Şəfəq və Naftalan bələdiyyələrinə keçirilən seçkilərin nəticəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmayıb. Buna görə də həmin bələdiyyələrə keçirilən seçkilər baş tutmamış sayılıb.

18 seçki məntəqəsinin, 2 dairə seçki komissiyasının (DSK) tərkibi tam olaraq buraxılıb, 2 DSK sədrinin isə öz vəzifəsinə uyğun gəlmədiyi bildirilərək vəzifəsindən uzaqlaşdırılıb.

MSK-nın Ümid Partiyasından olan üzvü Akif Qurbanov seçkilərin bütün mərhələlərinin ciddi qanun pozuntuları ilə keçirildiyini bildirərək, yekun protokola imza atmayıb.

SMDT MSK-nın qanun pozuntuları olan bəzi seçki məntəqələrində nəticələrinin ləğv edilməsini müsbət hal kimi qiymətləndirir. Ancaq təssüflə bildirir ki, 30 seçki məntəqəsi üzrə 9 bələdiyyədə nəticələrin ləğv edilməsi qanun pozuntularının obyektiv araşdırılması kimi izah oluna bilməz. 23 dekabr 2009-cu ildə keçirilmiş Bələdiyyə seçkiləri ilə əlaqədar xeyli sayda şikayətlər olub və MSK bu şikayətlərin araşdırılmasında ciddi səylər nümayiş etdirməyib.
SMDT 23 dekabr 2009-cu ildə keçirilmiş Bələdiyyə seçkilərinin nəticələri ilə bağlı MSK-nın 11 yanvar 2010-cu ildə açıqladığı nəticələrin obyektiv olmadığını bildirir, şikayətlərin tam və şəffaf araşdırılmadığı qənaətinə gəlib.