Friday, October 30, 2009

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi RATİ-də qəflətən yoxlamalara başladı.


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Ədliyyə Nazirliyinin RATİ-də qəflətən yoxlamalara başlamasını Azərbaycan Hökumətinin RATİ-yə qarşı açıq şəkildə başlayan yeni təzyiq kampaniyasının başlanğıcı kimi qiymətləndirir.
Belə ki, 29 oktyabr, 2009-cu ildə Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin əməkdaşları saat 12.30-da RATİ-nin ofisinə zəng edərək, saat 15.00-da yoxlama üçün gələcəklərini bildirib. Öz növbəsində RATİ əməkdaşları Ədliyyə Nazirliyinin əməkdaşına bildiriblər ki təşkilatın sədri Emin Hüseynov Rumıniyada keçirilən QHT forumunda iştirak edir və yalnız noyabrın 1-də qayıdıb onların suallarını cavablandıra bilər. Lakin buna baxmayaraq Ədliyyə Nazirliyinin əməkdaşları Salmanova Səbinə Qədir qızı və Həmidli Günel Bəxtiyar qızı RATİ-yə elə həmin gün yoxlama məqsədi ilə gəldilər. Yoxlama aparmağa əsas kimi onlar “RATİ-nin fəaliyyətinin nizamnaməyə və qanunvericiliyə uyğunluğunu öyrənmək məqsədi ilə” yoxlama aparmaq üçün RATİ-yə ezam olunmaları barədə Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəis müavini Mehman Soltanovun imzaladığı və RATİ sədri Emin Hüseynova ünvanlanmış məktubu təqdim ediblər.
Yoxlama aparanlar 1 saat müddətində ofisdə olan RATİ əməkdaşlarına çox sayda suallar veriblər. Onları əsasən təşkilatın təsisçiləri, üzvləri, qrantları, hüquqi və faktiki ünvanlar barədə məlumatlarla maraqlanıblar.
RATİ hesab edir ki bu cür hədələyici tərzdə əsassız və yersiz yoxlamalar başlamaq Azərbaycan Hökumətinin müstəqil QHT-yə qarşı olan dözümsüzlüyünün bariz nümunəsidir.
RATİ bəyan edir ki, bütün bunlar Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsində nəzərdə tutulmuş Birləşmək hüququnun və Avropa Konvensiyasının 11-ci maddəsində nəzərdə tutulmuş Yığıncaqlar və birləşmək azadlığının pozulmasıdır.
RATİ xatırladır ki, bir müddət öncə “Seçki Monitorinq Mərkəzi” (SMM) ictimai birliyinin qeydiyyatı Ədliyyə nazirliyi tərəfindən ləğv edilib.
RATİ onu da qeyd edir ki, bu ilin iyun ayında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna bir çox məhdudlaşdırıcı əlavə və dəyişikliklər edilmişdir.
RATİ bildirir ki, hazırda qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etmiş onlarla QHT-nin qeydiyyatı gecikdirilir.
RATİ Azərbaycan hakimiyyətini bu cür repressiv addımlara son qoymağa çağırmaq üçün beynəlxalq demokratik ictimaiyyətə müraciət edir.
RATİ həmçinin Azərbaycan iqtidarını müstəqil QHT-lərə qarşı dözümlü olmağa çağırır.

Wednesday, October 21, 2009

Bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının “qaynar xətti” yaradılıb.

Mərkəzi Seçki Komissiyasının 115 saylı “qaynar xətt”i fəaliyyətini davam etdirir. Ölkə vətəndaşları 23 dekabr 2009-cu ilə təyin edilmiş bələdiyyə seçkilərinə dair hər hansı bir məsələ ilə bağlı həmin “qaynar xətt”-ə müraciət edə bilərlər.
Bundan əlavə vətəndaşlar Mərkəzi Seçki Komissiyasının İctimai İnformasiya Mərkəzinin (+994 12) 493-48-69,(+994 12)493-48-85 saylı telefonlarına zəng etməklə də məsləhət ala bilərlər.
Həmçinin, Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifələrində (www.msk.gov.az; www.cec.gov.az;www.infocenter.gov.az)elektron qaynar xətt də (http://www.infocenter.gov.az/v3/zeng.php) fəaliyyət göstərir. Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifələrində Komissiyanın qərarları, təsdiq etdiyi normativ xarakterli aktlar, fəaliyyəti ilə bağlı məlumatlar, seçici siyahıları, dairə və məntəqə seçki komissiyalarının dislokasiyaları, ünvanları və digər seçki sənədləri yerləşdirilib.

Monday, October 19, 2009

SMDT növbəti bələdiyyə seçkiləri üzrə fəaliyyətinə dair Bacarıqların İnkişafı Seminarı keçirib





Oktyabrın 16-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərində fəaliyyətinə dair təşkilatın işçi heyəti, bölgə koordinatorları və könüllüləri üçün Bacarıqların İnkişafı Seminarı keçirib.

Tədbirdə bələdiyyətlərin statusu və səlahiyyətləri, bələdiyyə seçkilərinin keçirilmə qaydaları, əvvəlki seçkilərin təcrübəsi və SMDT-nin nəzərdə tutulan tədbirlərinə dair məlumat verilib. Seminar iştirakçıları 23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərində yerli müşahidəçiliyin təşkili, seçicilərin məlumatlandırılması və seçici fəallığının artırılmasına dair SMDT-nin fəaliyyət istiqamətləri, metodları və Təqvim Planını müəyyən ediblər.

Seminar iştirakçılarına həmçinin müşahidəçilərin qeydiyyatı, uzunmüddətli müşahidəçiliyin təşkili və seçki günü statistikaya əsaslandırımış müşahidəçilik barədə məlumat verilib. Qeyd edək ki, 23 dekabr 2009-cu il seçkilərinin statistik qaydada müşahidəsi üçün SMDT 1500 nəfər müşahidəçinin hazırlanmasına yardım edəcək.

Xatırladaq ki, SMDT-ni 14 may 2008-ci ildə Ədliyyə Nazirliyinin iddiası əsasında Xətai rayon məhkəməsində qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) üzvləri təsis ediblər. SMDT Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsinin (ENEMO) üzvüdür və indiyədək ENEMO-nun beynəlxalq müşahidə missiyaları çərçivəsində SMDT-nin 300 nəfərdən artıq üzvü xarici ölkələrdə seçkilərin müşahidəsində iştirak edib.

Tuesday, October 13, 2009

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin 2009-cu il, dekabr ayında keçiriləcək növbəti bələdiyyə seçkiləri üzrə Fəaliyyət Planı

I XÜLASƏ

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycan Respublikası bələdiyyələrinə 2009-cu il dekabr ayında azad, demokratik və ədalətli seçkilərin keçirilməsinə yardım etməyi planlaşdırır. Bu baxımdan, SMDT bələdiyyə seçkilərinin Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq öhdəliklərinə uyğun olaraq, seçki iştirakçılarının sərbəst iştirakı və qarşı duran tərəflərin ədalətli mübarizəsi şəraitində keçirilməsini vacib sayır.

SMDT 2009-cu ilin dekabr ərəfəsində keçiriləcək bələdiyyə seçkilərində əsasən seçkilərin uzunmüddətli və qısamüddətli (Seçki günü) müşahidəsini, seçicilərin hazırlığının və fəallığının artırılması, habelə seçki hüquqlarının müdafiəsi yönündə fəaliyyət göstərməsini nəzərdə tutan Fəaliyyət Planını həyata keçirəcəkdir.

Bələdiyyə seçkilərinin müşahidəsi ilə bağlı SMDT seçici siyahılarının dəqiqləşdirilməsi, seçki komissiyalarının fəaliyyəti, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqat və seçki günü səsvermə prosesinin monitorinqini həyata keçirsini nəzərdə tutub. Bu məqsədlə SMDT 1500 nəfər müşahidəçinin seçki komissiyalarında qeydiyyatına yardım edəcək və onlara təlimlər keçirəcək, habelə müşahidəçilərə seçki prosesində hüquqi-texniki yardım göstərəcəkdir.

SMDT Azərbaycan Respublikasında 2009-cu ilin deklabrında üçüncü dəfə keçiriləcək bələdiyyə seçkilərinə milli marağın artırılması, bununla da vətəndaşların ictimai idarəetmədə iştiraka cəlb olunması istiqamətində tədbirlər keçirəcəkdir. Bu tədbirlər seçki qaydaları barədə nəşr və elektron materialların hazırlanaraq yayılması, habelə seçki təcrübəsinin təkmilləşdirilməsinə yönələn ictimai müzakirələrin keçirilməsini özündə ehtiva edir.

SMDT bələdiyyə seçkiləri ilə bağlı ölkənin 11 bölgəsində - Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki, Göyçay, Cəlilabad, Beyləqan, Şirvan, Quba, Mingəçevir şəhərləri və yaxın ərazilərdə yerləşən 123 seçki dairəsində fəaliyyət göstərəcəkdir. Bu bölgələrdə SMDT 11 bölgə nümayəndəliyi, 50 nəfər dairə koordinatoru və 1500 nəfər könüllü vasitəsi ilə bələdiyyə seçkiləri üzrə proqramlarını həyata keçirəcəyini planlaşdırır.

SMDT bələdiyyə seçkiləri dövründə Press Relizlər, Aralıq hesabatlar və seçkilərdən sonra Yekun hesabat hazırlayaraq, dövlət orqanlarına, KİV, siyasi partiya, seçki komissiyaları, yerli və beynəlxalq təşkilatlara yayacaqdır.

2009-cu ilin dekabr bələdiyyə seçkiləri üzrə proqramlarının səmərəli icrası və koordinasiyası ilə bağlı SMDT seçki komissiyaları, ABŞ Milli Demokratiya İnstitutu, Seçki Sistemləri üzrə Beynəlxalq Fond, yerli QHT və digər vətəndaş qrupları ilə əməkdaşlıq edəcək.

II GİRİŞ


Təşkilat barədə:

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. SMDT-ni qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri və üzvləri 1 dekabr 2008-ci ildə yenidən təsis ediblər. Qeyd edək ki, 14 may 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qanunsuz iddiası əsasında Xətai rayon Məhkəməsi SMM-in qeydiyyatını ləğv edibdir.
SMDT-in təsisçiləri və üzvləri 2001-2008-ci illərdə SMM nəzdində əlavə və təkrar parlament seçkilərinin, referendum, prezident, bələdiyyə və parlament seçkilərinin müşahidəsi üzrə proqramlarda iştirak ediblər. Bununla yanaşı, SMDT üzvləri Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsinin (ENEMO) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Müşahidə Missiyaları tərkibində Albaniya, Əfqanıstan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Ukraynada keçirilən prezident, parlament seçkiləri və referendumu müşahidə ediblər.

Milli Seçki Sistemi və Bələdiyyələr:

Ölkədəki hüquqi-siyasi sistemə görə Azərbaycanda dövlət hakimiyyətinin bölünməsi 3 orqan – Prezident (icraedici), Məhkəmə (nəzarət) və Milli Məclis (qanunverici - parlament) arasında müəyyən olunur. Ölkədə hər beş ildən bir yerli idarəetmə orqanları – bələdiyyələrə, president postuna və parlamentə seçkiləri keçirilir. Azərbaycan Respublikasında yerli idarəetmə orqanlarına – bələdiyyələrə indiyədək 2 dəfə (1999 və 2004-cü illər) mojaritar qaydada seçkilər keçirilib. Bu seçkilərin heç biri yerli seçki müşahidə qrupları tərəfindən azad, demokratik və ədalətli qiymətləndirilməyibdir.
Azərbaycan Respublikası Konstitusiyasına əsasən bələdiyyələr yerlərdə özünüidarənin təşkili ilə məşğul olurlar. Bələdiyyələrin səlahiyyətlərinə yerli vergilərin və ödənişlərin müəyyən edilməsi, yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam, yerli sosial müdafiə və sosial inkişaf proqramlarının və yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi, yerli ekoloji proqramların qəbulu- icrası və digər məsəslər daxildir. Konstitusiyaya görə, Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir və qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər. Yerli və beynəlxalq ekspertlərin rəyinə əsasən, Azərbaycanda bələdiyyələr yerli dövlət idarəetmə orqanı statusuna malik deyil və icra hakimiyyətindən asılıdırlar. Xatırladaq ki, 2001-ci il dekabrın 25-də Azərbaycan Yerli Özünüidarə haqqında Avropa Xartiyasını üzv olub.

III. Bələdiyyə seçkilərinin müşahidəsi
SMDT bələdiyyə seçkilərin monitorinqini Azərbaycan Respublikasının 119 seçki dairəsində aşağıdakı tədbirlər vasitəsilə həyata keçiriləcək:

3.1. Müşahidəçilərin qeydiyyatına hüquqi-texniki yardım;
SMDT 2009-cu ilin oktyabrında başlayaraq, Mərkəzi və Dairə seçki komissiyalarında uzunmüddətli və qısamüddətli müşahidəçilərin qeydiyyatına yardım edəcək. Bu məqsədlə müşahidəçi olmaq istəyən şəxslərə qeydiyyat ərizələrinin hazırlanması izah ediləcək və bu ərizələr toplandıqdan sonra seçki komissiyalarına çatdırılması təmin olunacaqdır. Ümumilikdə, bələdiyyə seçkiləri ilə bağlı ölkə üzrə 1500 nəfər müşahidəçinin seçki komissiyalarında akkreditə olunmasına hüquqi-texniki yardım edilməsi nəzərdə tutulubdur. Bu məqsədlə SMDT-nin mərkəzi ofisində qaynar xətt yaradılması planlaşdırılır. Seçki komissiyalarında müşahidəçilərin qeydiyyatı zamanı yarana bilən hər hansı problemlər bu qaynar xətt vasitəsi ilə qəbul ediləcək və problemin aradan qaldırılması üçün MSK və digər müvafiq qurumlara müraciət ediləcəkdir.
Qeyd edək ki, SMDT uzunmüddətli və qısamüddətli müşahidəçiliyə dair mediada ictimai elanlar verəcək və müşahidəçi olmağı arzu edən şəxslərin müşahidəçilik fəaliyyətinə hüquqi-texniki yardım edəcəkdir.

3.2. Uzunmüddətli müşahidəçilik
SMDT bələdiyyə seçkilərində uzunmüddətli müşahidəçilik fəaliyyətinə Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkilərini rəsmi elan etməsindən sonra başlayacaqdır ( təqribən 2009-cu il oktaybrında).
Uzunmüddətli müşahidəçilik aşağıdakı mərhələləri əhatə edəcək:

• Seçkiqabağı siyasi vəziyyət (sərbəst yigincaq azaalığı, sərbəst söz azadlığı və s);
• Namizədlərin irəli sürülməsi və qeydiyyatı;
• Seçki inzibatçılığı;
• Seçkiqabağı təşviqat;
• Səslərin qeydiyyatı və səs siyahısının yoxlanması;
• Seçki şikayətlərinin tətqiqat prosesi;
• Yerli icra hakimiyyətlərinin fəallığı
SMDT uzunmüddətli müşahidəçiliyin nəticələri haqqında hesabat və press relizləri ictimaiyyətə yayacaqdır.

3.3. 2009 bələdiyyə seçkilərinin qısamüddətli müşahidəçiliyi üzrə təlimlər

a) Təlimçilər üçün Təlim
SMDT qısamüddətli müşahidəçilərə təlimlər keçəcək şəxslər üçün xüsusi təlimlər təşkil edəcəkdir. Bu təlim bitərəf müşahidəçilər üçün nəzərdə tutulmuş Təlimçilər üçün Təlim (TəT) metodu əsasında keçiriləcəkdir.

b) Müşahidəçilər üçün nəşr materiallarının hazırlanması
SMDT qisamüddətli müşahidəçilərinə bələdiyyə seçkilərini müşahidə etmək üçün yaddaş vərəqləri çap etdirəcəkdir. Bu materiallara seçki günü üsullar, məruzə vermək, kommunikasiya prosedurları və müşahidəçilik formaları daxil ediləcəkdir.

c) Qısamüddətli müşahidəçilər üçün təlimlərin təşkili
SMDT Bələdiyyə seçkisi günü onunla əməkdaşlıq edəcək 1500 nəfər şəxs üçün qısamüddətli müşahidəçiliyə dair 70-ə yaxın təlim keçirəcəkdir. Təlimlərdə yalnız seçki komissiyalarında akkreditə olunmuş müşahidəçilərin iştirakının təmin edilməsi nəzərdə tutulubdur.

Təlimlərdə aşağıdakı mövzular tədris olunacaq:
• Seçki Məcəlləsi üzrə müşahidəçilərin hüquq və səlahiyyətləri;
• Tərəfsiz müşahidəçilik üzrə davranış qaydaları;
• Seçki günü müşahidəçiliyin təşkili qaydaları;
• SMDT-nin Qısamüddətli müşahidə metodologiyası;
• Bələdiyyə seçkilərində qısamüddətli müşahidənin təşkili;
• Seçki günü müşahidə formalarının doldurulması;
• Seçki günü hesabat vermə və kommunikasiya;
• Qısamüddətli müşahidəçilərin seçki günü maddi-texniki təchizatı;

SMDT qısamüddətli müşahidəçilər üçün təlimlərin keçirilməsinə 2009-cu ilin noyabrda başlayacaq və bu proses seçkiyə 5 gün qalmışadək davam edəcəkdir.

d) Bələdiyyə seçkilərinə dair seçicilərin məlumatlandırması
Bələdiyyə seçkilərini öncəsi SMDT Azərbaycan Respublikası Seçki Məcəlləsinin təkmilləşdirilməsi, seşki qanunvericiliyinin və Mərkəzi Seçki Komissiyasının təlimatlarının seçki iştirakçılarına və ictimaiyyətə izahı, müşahidəçilərə onların qeydiyyatı və fəaliyyəti, seçkilərin bütün mərhələlər üzrə monitorinqinin nəticələrinin mərhələlərinə dair məlumatların qiymətləndirilməsi yönündə hüquqi yardım göstərəcəkdir.
SMDT həmçinin bələdiyyə seçkiləri ərəfəsi və dövründə seçicilərin fəallığının artırılması və seçki prosesi barədə məlumatlandırılması üçün aşağıdakı tədbirlər həyata keçirəcək:
• Bələdiyyə seçkisi ilə bağlı 7 bölgədə 7 Vətəndaş Forumlarının keçirilməsi;
• Bələdiyyə seçkiləri ilə bağlı 10, 000 nüsxə Yaddaş Vərəqəsinin nəşri və yayılması;
• SMDT-nin İnternet səhifəsində bələdiyyə seçkiləri barədə məlumatların daimi olaraq yerləşdirilməsi;
• Bələdiyyə Seçkiləri ilə bağlı xüsusi qəzetin çap olunması
• Bələdiyyə seçkiləri ilə bağlı mətbuat konfranslarının keçirilməsi;

V. İctimai müzakirələr.

SMDT bələdiyyə seçkiləri ərzində Bakıda və bölgələrdə seçki prosesi ilə bağlı 11 İctimai Forum keçirəcəkdir:
• Bələdiyyə seçkiləri ərəfəsində insan hüquqları və vətəndaş cəmiyyətinin vəziyyəti;
• Bələdiyyə seçkilərində qadınların iştirakı;
• Bələdiyyə seçkilərində gənclərin iştirakı;
• Bələdiyyə seçkilərində namizədlərin iştirakı və seçkiqabağı şərait;
• Bələdiyyə seçkilərində QHT, KİV və siyasi partiyaların iştirak imkanları;
• Bələdiyyə seçkilərinin nəticələri;

Friday, October 9, 2009

SMDT Bələdiyyə Seçkiləri ilə bağlı Fəaliyyət Planı qəbul edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 2009-cu il dekabrın 23-də Azərbaycan Respublikası Bələdiyyələrinə keçiriləcək növbəti seçkilərin azad, demokratik və ədalətli şəraitdə keçirilməsinə yardım etmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirəcək.

SMDT bələdiyyə seçkiləri ilə bağlı Uzunmüddətli muşahidəçilik həyata keçirəcək. Bu məqsədlə seçici siyahılarının dəqiqləşdirilməsi, seçki komissiyalarının fəaliyyəti, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqat və seçki günü səsvermə prosesi müşahidə ediləcək. SMDT həmçinin seçki günü statistik göstəricilərə əsaslanmış müşahidə üzrə 1500 nəfər bitərəf müşahidəçiyə təlim keçəcəkdir.

SMDT bələdiyyə seçkilərinə milli marağın artırılması, seçkidə seçicilərin fəal iştirakının təmin edilməsi yönündə nəşr materiallarının hazırlanaraq seçicilərə pulsuz yayılmasını, habelə seçki təcrübəsinin təkmilləşdirilməsinə yönələn İctimai müzakirələrin və Vətəndaş Forumların keçirilməsini nəzərdə tutur.

Xatırladaq ki, SMDT qeydiyyatı 14 may 2008-ci ildə Ədliyyə Nazirliyinin iddiası əsasında Xətai rayon məhkəməsi tərəfindən ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) üzvləri və təsisçiləri tərəfindən 1 dekabr 2008-ci ildə yaradılıb. SMDT-nin əsas məqsədi Azərbaycanda azad və ədalətli seckilərin keçirilməsi, vətəndaşların dovlət idarəetməsində və demokratiyanın inkişafı prosesində fəal iştirakına yardım etməkdir.