Tuesday, November 3, 2009

Müsavatın seçkidə partiya kimi iştirakına problem yaradılır.

“Yeni Müsavat” qəzetinin verdiyi məlumata görə, MSK Müsavatın səlahiyyətli nümayəndələrini qeydə almır, təlimatlarda analoqu olmayan əngəllər ortaya çıxıb. MSK Müsavat Partiyasının bələdiyyə seçkilərində partiya kimi iştirakına mane olur. Müsavatın prosesdən kənarda saxlanması üçün müxtəlif süni əngəllər yaradılır. Partiyanın bələdiyyə seçkilərində iştirakına aid sənədlərin MSK-ya oktyabr ayının 29-da təhvil verilməsinə baxmayaraq, partiyanın səlahiyyətli nümayəndələri hələ də təsdiq olunmayıb. Müsavat Partiyasının yaydığı bəyanatda bildirilir ki, MSK-nın bu maneəsi Müsavatın namizədlərinin sənədlərinin dairə seçki komissiyalarına çatdırılmasını gecikdirmək üçündür.
Belə ki, namizədliyin təsdiq olunması üçün sənədlər dairə seçki komissiyalarına siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən təqdim olunmalıdır. O da qeyd olunmalıdır ki, Seçki Məcəlləsində MSK-ya təqdim olunmuş səlahiyyətli nümayəndələrin siyahısının təsdiqi üçün 5 gün lazım gəlməsi haqqında maddə yoxdur.
Beləliklə, MSK qəbul etdiyi təlimatlarla və partiyanın səlahiyyətli nümayəndələrinin təsdiqini gecikdirməklə, Müsavat Partiyasının bələdiyyə seçkilərində iştirakını əngəlləməkdə davam edir.
Qeyd olunanları nəzərə alaraq, Müsavat Partiyası MSK-nın siyasi partiyaların bələdiyyə seçkilərində iştirakına əngəllər yaratdığını, bu prosesin Azərbaycanın nüfuzuna mənfi təsir etdiyini bəyan edir və bu əngəllərin tezliklə aradan qaldırılmasını tələb edir.
Müsavat Partiyası, həmçinin, bəyan edir ki, 23 dekabra təyin edilmiş bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları Seçki Məcəlləsinin 54-cü maddəsində kifayət qədər mürəkkəb yazılıb.
Müsavat hesab edir ki, Seçki Məcəlləsinin bələdiyyə seçkilərinə həsr olunmuş VII bölməsində bu qaydalar bələdiyyə seçkilərinə uyğunlaşdırılmayıb. MSK-nın qəbul etdiyi bu qaydalar burokratik əngəllərlə zənginləşdirilib və analoqu olmayan hala salınıb. Belə ki, məcəllənin 52.3 və 54-cü maddələrində və “Bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında təlimat”da eyni sənədlər siyasi partiyalardan iki dəfə tələb olunur.
1.Siyasi partiyanln qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti
2.Siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti
3.Siyasi partiyaların təyin etdikləri səlahiyyətli nümayəndələrin siyahıları
4.Siyasi partiyanın səlahiyyətli nümayəndələrinin Mülkü Məcəllədə nəzərdə tutulmuş qaydada rasmiləşdirilmiş vəkalətnamələri
Tələblərə görə, bu sənədlər MSK-ya və dairə seçki komissiyalarına, 1-ci və 2-ci sənəd isə həm də “Bələdiyyə seçkilərində xüsusi seçki hesabatlarının açılması qaydaları haqqında təlimat”a uyğun olaraq xüsusi seçki hesabı açılarkən bankların tələbi ilə onlara da təqdim olunmalıdır.
Müsavat bəyan edir ki, respublika üzrə 119 seçki dairəsində bələdiyyə seçkilərinin keçirildiyi nəzərə alınarsa, bu sənədlərin hər birindən 240 nüsxə hazırlanması gərəkdir. Bütün bunlar partiyalara maneələrdir.
Müsavat “Qeyd olunan sənədlərin MSk-ya təqdim edildiyi, təsdiq olunmuş səlahiyyətli nümayəndlərin səlahiyyətli nümayəndələrin siyahılarının rəsmi dövlət qəzetlərində çap olunduğu halda, bu sənədlərin dairə seçki komissiyalarına təqdim olunma məcburiyyəti nədən irəli gəlir” sualına MSK-da cavab verən olmadığını da bəyan edir.

No comments:

Post a Comment