Tuesday, November 3, 2009

Parlament səsverməsində bəzi deputatların yerinə texniki işçilər səs verir


“Bizim yol qəzetinin yaydığı məlumata görə, Azərbaycan Milli Məclisində bəzən texniki işçilər millət vəkillərinin yerinə səsvermə prosesində iştirak edir, bu və ya digər deputatın yerinə səs verirlər. Hərdən elə hallar olub ki, parlamentdə iştirak edən deputatların sayı az olmasına baxmayaraq, yetərsay əldə etmək mümkün olur.
«Pensiya sistemi haqqında» qanun sonuncu dəfə parlamentdə müzakirə olunarkən müxalifətçi deputatların, Əli Məsimovun və Vahid Əhmədovun bu qanunun əleyhinə çıxmasına baxmayaraq, sonda məlum olub ki, qanunun əleyhinə cəmi 2 nəfər səs verib.
Ümumiyyətlə, ölkənin gələcəyi üçün qəbul edilən ciddi qanunların səsə qoyulması zamanı bu cür metodlardan istifadə olunması birmənalı qarşılana bilməz.
Deputat Pənah Hüseyn deyib ki, parlamentdə texniki işçilərin deputatların yerinə səs verib-verməməsini, istənilən qəzetin parlament müxbirindən öyrənmək olar: «Sözün açığı mən burada şahidlik etmək istəmirəm. Ancaq bir çox məsələlər kimi bu qanun da pozulur».
Ümid Partiyasının sədri İqbal Ağazadə isə deyib ki, bu məsəllər üzə mütəxəssis deyil: «Bu cür problemləri də araşdıran deyiləm. Ancaq şəxsən mən özüm öz yerimə səs verirəm. Parlament zalında olmadığım müddətdə isə heç kim mənim yerimə səs verə bilməz. Ancaq kimin kiminsə yerinə səs verdiyini bilmirəm. Bütün hallarda hesab edirəm ki, seçicilər parlamentin texniki işçisini deyil, millət vəkilini seçib. Ona görə də, səsvermədə deputatların özü səs verməlidir. Texniki işçilərin deputatın yerinə səs verməsi doğru deyil».

No comments:

Post a Comment