Thursday, November 26, 2009

23 dekabr 2009-ci ildə keçiriləcək Bələdiyyə seçkilərində amizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsinə dair ARALIQ HESABAT






(8 oktyabr – 24 noyabr 2009-ci il)

I. XÜLASƏ

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafına çalışan müstəqil və tərəfsiz qeyri-hökumət təşkilatıdır. SMDT hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi ölkədə demokratik ənənələrin inkişafına, vətəndaşların rifahının yüksəlməsinə və insan hüquqlarının müdafiəsinə töhfə verəcək.
SMDT Azərbaycan Respublikasında 23 dekabr 2009-ci ildə keçiriləcək bələdiyyə seçkilərinin uzunmüddətli müşahidəsinin birinci mərhələsini – namizədlərin irəli sürülməsi və qeydiyyatını (8 oktyabr – 23 noyabr 2009-ci il) həyata keçirib. Bu mərhələdə SMDT 96 seçki dairəsində və milli səviyyədə seçkiqabağı siyasi mühit, seçki komissiyalarının fəaliyyəti, namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesini müşahidə edib. Müşahidə üzrə məlumatlar həmçinin zərurət yarandıqda seçki komissiyalarının üzvlərindən, seçicilərdən, namizədlərdən və ya onların nümayəndələrindən alınaraq üçüncü şəxslərlə dəqiqləşdirilib.

SMDT hesab edir ki, 23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkiləri dəyərləndirilərkən, seçki prosesinin bütün mərhələləri – seçki qabağı siyasi mühit, qanunvericiliyin vəziyyəti, seçkidə sərbəst iştirak imkanları, səsvermə və səslərin hesablanması üzrə ayrıca qiymətləndirmə aparılmalı və bu zaman Azərbaycan Respublikasının azad və ədalətli seçkilərin keçirilməsinə dair beynəlxalq öhdəliklərinə istinad olunmalıdır.
SMDT qeyd edir ki, ölkədə bələdiyyə seçkiləri öncəsi siyasi mühit azad və demokratik qaydada seçkilərin keçirilməsi üçün normal şəraiti təmin etmir və bələdiyyə seçkiləri ərəfəsində sərbəst toplaşmaq azadlığı, siyasi fəaliyyət imkanları, söz və mətbuat azadlığına təminatla bağlı vəziyyət dəyişməyib.

SMDT narahatlıqla qeyd edir ki, 23 dekabr 2009-cu il bələdiyyə seçkilərinin ilk mərhələsində siyasi fəallıq və seçkilərə ictimai maraq 2004-cü ildə keçirilmiş bələdiyyə seçkiləri ilə müqayisədə xeyli aşağı olub. Eyni zamanda yerli icra hakimiyyətləri seçkilərə qatılmaq istəyən müxalif siyasi partiya fəallarınına təzyiqlər etməklə, həm seçkilərə kənar müdaxilələr, həm də seçkilərdə rəqabətin süni olaraq azaldılmasına rəvac veriblər.

SMDT hesab edir ki, Mərkəzi Seçki Komissiyası öz fəaliyyətini texniki cəhətdən qanunauyğun qaydada və müddətdə həyata keçirib. Ancaq namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesində Dairə Seçki Komissiyalarının fəaliyyətində ciddi qanun pozuntuları qeydə alınsa da, bunla bağlı MSK-nın reaksiyası adevkat olmayıb.
SMDT qeyd edir ki, Azərbaycan seçki sisteminə vətəndaşların göstərdiyi inamsızlıq bələdiyyə seçkisində daha açıq şəkildə təzahür edib. Bunun əsas səbəblərdən biri bələdiyyələrin səlahiyyətlərinin aşağı olması, müstəqil yerli özünidarəetmə institutu kimi formalaşmaması və yerli icra hakimiyyətlərindən asılı olmasıdır.
SMDT ümid edir ki, 23 dekabr 2009-cu ildə azad və ədalətli seçkilərin keçirilməsi naminə dövlət orqanları, seçki komissiyaları, qeydiyyata alınmış namizədlər, seçkiyə qatılan siyasi partiyalar, ictimai təşkilatlar və Kütləvi İnformasiya Vasitələri bələdiyyə seçkilərinin növbəti mərhələlərində (seçkiqabağı təbliğat və seçki günü) azad seçki mühitinin yaradılması, sərbəst toplaşmaq, söz və mətbuat azadlığının təmin olunması, habelə seçki prosesinə qanunsuz müdaxilələrin baş verməməsi və seçkiqabağı ictimai müzakirələr ilə bağlı birgə səylər nümayiş etdirəcəklər.

II. GİRİŞ

SMDT 1 dekabr 2008-ci ildə qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri və üzvləri tərəfindən təsis edilib. Qeyd edək ki, 14 may 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin iddiası əsasında Xətai rayon məhkəməsi SMM-in qeydiyyatını qanunsuz olaraq ləğv edib.

SMDT Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, seçki sisteminin inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündə fəaliyyət göstərən bitərəf və təcrübəli qeyri-hökumət təşkilatıdır.
SMDT (keçmiş SMM) üzvləri 2001-2009-ci illərdə Azərbaycanda keçirilən əlavə və təkrar parlament seçkiləri, referen¬dum, parlament, prezident və bələdiyyə seçkilərini müşahidə edib. SMDT ümumilikdə 10 seçkinin monitorinqini həyata keçirib. Seçkilərin monitorinqi ilə bağlı SMDT üzvləri indiyədək 9 min nəfərdən artıq vətəndaşa təlim keçib və onların seçki komissyialarında akkreditə olunmalarına hüquqi-texniki yardım edib.

Ölkədə keçirilən seçkilər ilə yanaşı SMDT nümayəndələri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ENEMO və digər beynəlxalq müşahidə missiyaları çərçivəsində Albaniya, Belarus, Norveç, Qırgızıstan, Qazaxıstan, Gürcüstan, Almaniya, Türkiyə, Ukrayna, Moldova, Əfqanıstan, Kosovada keçirilən parlament, prezident və yerli seçkiləri müşahidə ediblər.
SMDT ATƏT-ə üzv olan 17 dövlətdən 22 QHT-ni birləşdirən Seçkilərin Moni¬torinqi Təşkilatlarının Avropa Şəbəkəsinin (ENEMO) üzvüdür. ENEMO çərçivəsində təşkil olunan bütün tədbirlərdə və seçki müşahidə missiyalarında indiyədək SMDT-in 300-dən artıq üzvü və könüllüsü iştirak edib.

23 dekabr 2009-cu ildə keçiriləcək Bələdiyyə seçkisi ilə bağlı SMDT ölkə vətəndaşlarına fərdi qaydada müşahidəçilik üçün hüquqi-texniki yardım həyata keçirir. Hazırda bələdiyyə seçkiləri ilə bağlı SMDT 1500 nəfər ölkə vətəndaşına Dairə Seçki Komissiyaları və Mərkəzi Seçki Komissiyası üzrə fərdi qaydada müşahidəçi kimi qeydiyyatdan keçməsinə hüquqi-texniki yardım edir, habelə onları zəruri metodik vəsaitlərlə təmin etməyi nəzərdə tutur.

23 dekabr 2009-cu il bələdiyyə seçkiləri vaxtı rəsmi elan olunduqdan sonra SMDT uzunmüddətli müşahidəni ölkənin 118 seçki dairəsindən 96-da fərdi qaydada qeydiyyatdan keçmiş uzunmüddətli müşahidəçilər vasitəsilə həyata keçirməyə başlayıb. SMDT uzunmüddətli müşahidəni 23 dekabr 2009-cu il bələdiyyə seçkilərinin bütün mərhələləri – namizədlərin irəli sürülməsi və qeydiyyatı, təbliğat təşviqat kampaniyası, seçici siyahılarının dəqiqləşdirilməsi, seçki günü səsvermə və səsvermənin nəticələrinin hesablanması, habelə bələdiyyə seçkiləri dövründə hüquq pozuntularına dair şikayətlərin araşdırılması prosesi üzrə nəzərdə tutur.

SMDT Bələdiyyə seçkiləri ilə bağlı proqramını Böyük Britaniya hökuməti və Kanada səfirliyinin maddi-texniki dəstəyi ilə həyata keçirir.

III. SEÇKİQABAĞI SİYASİ MÜHİT

a) Hüquqi - siyasi mühit


23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərindən əvvəl Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009 tarixli sərəncamına əsasən Respublika ərazisində olan bələdiyyələrin bir qismi birləşdirilib. Müvafiq sərəncamdan sonra bələdiyyələrin sayı 2757-dən 1718-ə qədər azaldılıb. Bu seçkilərdə həmçinin səlahiyyətləri 2011-ci ildə bitməli olan bələdiyyələr də iştirak edəcəklər. Xatırladaq ki, həmin bələdiyyələrə 6 oktyabr 2006-cı ildə növbədənkənar təkrar və əlavə seçkilər keçirilib.
SMDT hesab edir ki, bəzi siyasi təşkilatların 23 dekabr 2009-ci il bələdiyyə seçkisində aktiv iştirak etməməsi seçici fəallığına mənfi təsir edəcək. Bununla da seçkiqabağı təşviqat prosesi son bələdiyyə seçkisi ilə müqayisədə rəqabətsiz şəraitdə keçəcəyi narahatlıq yaradır. Ancaq təəsüf ki, siyasi hakimiyyət mövcud situasiyanın aradan qalxması üçün seçici fəallığına rəvac verəcək əsaslı tədbirlər həyata keçirməyib.
Qeyd edək ki, siyasi partiyaların bələdiyyə seçkilərində zəif iştirakının əsas səbəbi bələdiyyə seçkilərində namizədlərin siyasi partiya və ya siyasi partiya bloklarının nümayəndələri kimi qeydiyyatı üçün tələb olunan sənədlərin çoxluğu olub. Bununla da xeyli sayda şəxslərin seçkilərdə partiya adından qeydiyyatdan keçməsi məhdudlaşıb. Qeyd edək ki, müvafiq qanuna görə siyasi partiyalar hər bir namizəd üçün ayrı-ayrılıqda partiyanın nizamnaməsinin notariat qaydada təsdiq olunmuş sürətini, namizədlərin irəli sürülməsi haqda siyasi partiyanın rəhbər oraqanının iclasının qərarı və müvafiq iclasın protokolu, səlahiyyətli nümayəndələrin təyin edilməsi barədə siyasi partiyanın rəhbər orqanı iclasının qərarı və digər bu kimi sənədləri dairə seçki komissiyalarına təqdim etməlidirlər.
Bələdiyyə seçkilərində siyasi fəallığa mənfi təsir edən digər amil ölkədə indiyədək müstəqil və güclü səlahiyyətlərə malik yerli idaretmə institutunun –bələdiyyələrin formalaşmasına kömək edəcək hüquqi-siyasi islahatların aparılmamasıdr. Bununla yanaşı müstəqil ekspertlərə görə, 18 mart 2009-cu il referendumda Azərbaycan Respublikası Konstitusiyasının 146-cı maddəsinə “bələdiyyələrin öz fəaliyyətləri barəsində Azərbaycan Respublikası Milli Məclisinə hesabat təqdim etməsi” haqqında bəndin əlavə edilməsi bələdiyyələrin müstəqilliyinin təminatını daha da məhdudlaşdırıb.

b) İnsan hüquqlarının vəziyyəti

SMDT seçkilər ərəfəsi və seçkilər dövründə ölkədə vətəndaşların sərbəst və dinc toplaşmaq azadlığının qorunması, söz və mətbuat azadlığına təminat yönündə müsbət dəyişikliklər qeydə almayıb, əksinə ölkədə əsas siyasi azadlıqların ciddi şəkildə pozulması halları müşahidə olunub. Məsələn, 8 oktyabr 2009-cu ildə Müsavat Partiyasının təmsilçilərinin Bərdə rayonuna səfəri zamanı rayon rəhbərliyi zorakılıqla bələdiyyə seçkiləri ilə bağlı nəzərdə tutulan tədbirin təşkilinə imkan verməyiblər. Polislər Bərdə rayonu mərkəzində fəaliyyət göstərən çayxanaları bağlayıb və müxalif siyasi fəalların qapalı yerlərdə belə toplanmasına imkan verməyiblər. Eyni zamanda Bərdə rayon İcra Hakimiyyətinin nümayəndələri və mülki geyimli polislər görüş iştirakçılarına təzyiq göstərərək, onların Bərdəni tərk etməsi tələb ediblər. Həmin gün Yevlax şəhərinə getmək istəyən müsavatçıları polis Yevlax şəhərinə buraxmayıb. Müsavat partiyasının üzvü, millət vəkili İkram İsrafilin təkidlərinə baxmayaraq, polis Yevlaxa bütün giriş yollarını bağlayıb.

5 oktyabr 2009-cu ildə Bakıda metroda qiymətlərin qalxması ilə əlaqədar bir qrup gənc aksiya keçirib. Aksiya zamanı 2 gənc fəal - Emin Əliyev və Loğman Qasımov polis tərəfindən saxlanılıb. Gənclər Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendəki polis bölməsinə aparılaraq 52 AZN cərimə edildikdən sonra sərbəst buraxılıblar.
21 oktyabr 2009-cu ildə Azərbaycanda türk şəhid məzarının üzərində Türkiyə bayraqlarının endirilməsinə etiraz olaraq bir qrup partiya fəalları aksiya keçirib. Aksiya polis tərəfindən dağıdılaraq, jurnalist Elçin Həsənov, AXCP fəalları Əbülfəz Qurbanlı və Rövşən Nəsirlini həbs edilib. Bir neçə saat polis şöbəsində saxlanılan şəxslər sonra sərbəst buraxılıb.
11 noyabr 2009-cu ildə Səbail Rayon Məhkəməsi gənc bloqçular, “OL” Gənclər Hərəkatının koordinatoru Adnan Hacızadəni 2 il, “Alumni Network” Gənclər Hərəkatının təsisçisi Emin Millini 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Qeyd edək ki, 8 iyul 2009-cu il «Livan» restoranında baş verən münaqişədən sonra həbs edilən Adnan Hacızadə və Emin Milli xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunublar. Yerli və beynəlxalq ictimaiyyət gənclərin ictimai fəaliyyətinə görə şərləndiyi qənaətindədirlər.
22 noyabr 2009-cu ildə gənclər təşkilatının bir qrup üzvlərinin söz azadlığının boğulmasına etiraz olaraq təşkil etdikləri dinc aksiyaya polis müdaxilə edib. Aksiyanın iştirakçısı olan “Turan” İnformasiya Agentliyinin əməkdaşı Turxan Qarışqa, AXCP Gənclər Təşkilatının üzvləri Ramil Qafarlı və Teymur Məmmədzadə Səbail Rayon polis əməkdaşları tərəfindən 1 saat müddətinə saxlanılıb.

c) Vətəndaş cəmiyyətinin vəziyyəti

Bələdiyyə seçkiləri ərəfəsində Ədliyyə Nazirliyi Azərbaycanda müstəqil və yerli seçki müşahidə təşkilatı olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzini (SMDT) qeydiyyata almaqdan imtina edib. SMDT 2009-cu ildə 2 dəfə sənədlərini dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim etsə də, nazirlik müxtəlif bəhanələrlə sənədləri icraata almadan geri qaytarıb. SMDT bununla bağlı yerli məhkəmələrə müraciət etsə də, məhkəmə Ədliyyə Nazirliyinin xeyrinə qərar çıxarıb.

Bələdiyyə seçkiləri ərəfəsində yerli hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi şəxslər, o cümlədən “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirli, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin azad olunması barədə heç bir tədbirlər görülməyib.

Bələdiyyə seçkilərində seçicilərin və vətəndaş cəmiyyəti təşkilatlarının fəal iştirakı yönündə mühüm tədbirlər baş verməyib. Seçki prosesinə ictimai marağın yaradılması, seçkiqabağı ictimai müzakirələr və seçicilərin məlumatlandırılması yönündə dövlət orqanları, seçki komissiyaları, yerli və beynəlxalq təşkilatların əsaslı fəaliyyəti müşahidə olunmayıb.

IV. SEÇKİ KOMİSSİYALARININ FƏALİYYƏTİ

Bələdiyyə seçkilərinin ilk mərhələsində Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyəti digər seçki komissiyaları ilə müqayisədə fəallığı ilə seçilib. Bələdiyyə seçkiləri ilə bağlı ilk mərhələdə MSK fəaliyyətini qanunla müəyyən edilmiş müddətdə həyata keçirib və bələdiyyələrə hazırlıqla bağlı zəruri sənədləri təsdiq edib. Bu müddət ərzində MSK-da müşahidəçilərin qeydiyyatı ilə bağlı müraciətlərə qanunla müəyyən olunmuş müddətdə baxılmasa da, bir müddət yaranmış problemlər həll edilib. MSK-nın iclaslarında iştirak etmək istəyən müşahidəçilərin müraciətinə müsbət reaksiya verilib, zəruri imkanlar yaradılıb.

SMDT-nin Respublika üzrə 96 seçki dairəsi ərazisində apardığı müşahidələr göstərir ki, əvvəlki seçkilərlə müqayisədə Dairə və Məntəqə Seçki Komissiyalarının fəaliyyətində ciddi irəliləyişlər baş verməyib. Məsələn, 9, 10, 11 noyabrda 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 1, 2, 4, 5, 7, 9, saylı MnSK-larında məntəqə sədrlərindən başqa digər üzvlər olmayıb. Bununla da Seçki Məcəlləsinin 33.1 və 38.1-ci maddələri, Əmək Məcəlləsinin 179.1-ci maddəsinin tələbləri pozulub.

Həmçinin bəzi dairələrdə namizədlərin qeydiyyatından imtina ilə bağlı protokoldan çıxarışlar namizədlərə gec verilib. Bəzi hallarda isə verilən sənədlərdə vətəndaşların seçki hüququ barədə biliklərinin az olmasından istifadə edərək şikayət cavabın tarixi əvvəki tarixlərə qeyd edilib ki, yuxarı instansiyaya şikayət etmək üçün müddət bitsin. Məsələn, 84 saylı Füzuli seçki dairəsində namizədliyini qeydiyyata alınmaq üçün müraciət edən İsmayılov Bayaz Ədil oğluna protokoldan çıxarışı 20 noyabr 2009-cu il tarixdə dairə seçki komissiyasından təqdim ediblər ancaq protokolda isə 17 noyabr 2009-cu il tarix qeyd edilib.

Seçki Məcəlləsin 112-ci maddəsinə əsasən vətəndaşlar seçki pozuntularından yuxarı seçki komissiyalarına 3 gün müddətində şikayət verə bilərlər. Ancaq MSK-ya təqdim olunan şikayətlər bəzi hallarda araşdırılmayıb. Məsələn, Müsavat Partiyası üzvlərinə Bərdə şəhərində olan təzyiqlərlə bağlı MSK-ya şikayətlə müraciət etsədə, MSK-nın Ekspert Qrupu şikayətin onun səlahiyyətlərinə aid olmamasını əsas gətirərək baxılmaq üçün qəbul etməyib.
Həmçinin MSK-ya seçici imzalarının toplanması zamanı polis orqanları və yerli icra hakimiyyəti orqanları nümayəndələrinin müdaxilələri, o cümlədən dairə seçki komissiyalarının fəaliyyəti ilə bağlı şikayətlər təqdim olunub. Məsələn, Ağdam rayonu Böyük Bəhmənli kənd sakini Əliyeva Gülşən Ərşad qızı, Sabirabad rayonu Qalağayın kənd sakini Əliquliyev Elxan Hacı oğlu, İsmayıllı rayonu Tircan kənd sakini Abdulov Mirzalı Fərzalı oğlu və digər şəxslərin MSK-ya ünvanlanan şikayətlərə müvafiq müddətdə cavab bildirilməyib.
SMDT ilə əməkdaşlıq edən müşahidəçilərin verdiyi məlumatlara görə, seçki hüquqları pozulan bir çox şəxslər əksər hallarda yerli icra strukturları və polisin təzyiqlərindən çəkinərək, MSK-ya şikayət vermək istəməyiblər.

Müşahidələrə əsasən bəzi dairə və məntəqə seçki komissiyaları əksər hallarda iş günü olmasına baxmayaraq, fəaliyyət göstərməyib. Bəzi hallar üzrə məlumatlar aşağıdakılardır:

● Oktyabrın 18-də 44 saylı Sumqayıt-Abşeron seçki dairəsinin 32 saylı məntəqəsi saat 17.00-da bağlı olub.
● Noyabrın 9-da 37 saylı Nizami birinci Seçki Dairəsinin 5 və 6 saylı seçki məntəqələri saat 15.00dan 16.00-dək bağlı olub.
● Noyabrın 10-da 67-saylı Cəlilabad şəhər seçki dairəsinin 1, 3, 4, 5 saylı məntəqələri saat 10.20-dən 15.30-dək bağlı olub.
● Noyabrın 11-də 73 saylı Lənkəran şəhər seçki dairəsinin 11, 12, 13 saylı məntəqələri bağlı olub.
● Noyabrın 17-də 74-saylı Lənkəran kənd seçki dairəsinin 35-saylı məntəqəsi bağlı olub.
● Noyabr 16-da 37 saylı Nizami birinci Seçki Dairəsinin 11 saylı məntəqəsində saat 13.30-dan 15.00-dək ancaq komissiya sədri iş yerində olub.
● Noyabrın 17-də 2009-cu il tarixdə 88 saylı Göyçay seçki dairəsinin 19 saylı seçki məntəqəsi saat 15.00-dan 17.30-dək bağlı olub.

V. NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ VƏ QEYDİYYATI
Seçki Məcəlləsinin 53.1-ci maddəsinə əsasən namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər. Ancaq ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərməlidir. Namizədin irəli sürülməsini həmçinin siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən həyata keçirə bilər. (Seçki Məcəlləsi maddə 54.1). Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş: əhalisi 99.999-dan çox olan ərazidə — 150, əhalisi 49.999-dan çox olan ərazidə — 100, əhalisi 19.999-dan çox olan ərazidə — 75, əhalisi 9.999-dan çox olan ərazidə — 50, əhalisi 4.999-dan çox olan ərazidə — 30, əhalisi 4.999-dan az olan ərazidə — 15 seçici imzası toplayıb.

Qeyd edək ki, namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi 8 oktyabr 2009-cu ildə başlayıb və 23 noyabr 2009-cu ilədək davam edib.

Rəsmi məlumata görə 23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərində 31 min 861 namizəd qeydə alınıb. Bu namizədlər 1718 bələdiyyədə olan 15 682 bələdiyyə üzvlüyünə iddia edib. Qeyd edək ki, bələdiyyə seçkiləri ilə bağlı 35 076 nəfərin namizədliyi təsdiq edilib. Dairə Seçki Komissiyaları 3215 nəfərin namizədliyini qeydə almaqdan imtina edib.

Qeydə alınan şəxslərin 14 min 647 nəfərinin seçkilərə namizədliyini özü tərəfindən, 147 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürüb. Yeni Azərbaycan Partiyası 15 388, Ana Vətən Partiyası 120, Vətəndaş Həmrəyliyi Partiyası 223, Müsavat Partiyası 125, Demokratik Azərbaycan Dünyası Partiyası 76, Ümid Partiyası 375, Kommunist Partiyası 7, Azərbaycan Vətənpərvərlər Partiyası 4, Sosial Rifah Partiyası 8, Sosial Demokrat Partiyası 1, Liberal Demokrat Partiyası 4, Müasir Müsavat Partiyası 22, Demokratik İslahatlar Partiyası 72, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 238, Böyük Quruluş Partiyası 385, Vətəndaş Birliyi Partiyası 31, Vətəndaş və İnkişaf Partiyası 1, Milli Demokrat 10 namizəd irəli sürüb.


Seçkilərdə iştirak edən namizədlərin partiya mənsubiyyətinə gəldikdə onların 17 688-i Yeni Azərbaycan, 35-i Milli İstiqlal, 292-si Ana Vətən, 306-sı Vətəndaş Həmrəyliyi, 130-u Müsavat, 134-ü Demokratik Azərbaycan Dünyası, 3-ü Yaşıllar, 348-i Ümid, 74-ü Kommunist, 1-i Milli Demokrat, 16-sı AVP, 1-i DSP, 164-ü Sosial Rifah, 5-i Liberal, 2-si Sosial Demokrat, 38-i Xalq Cəbhəsi, 8-i Vəhdət, 4-ü Liberal Demokrat, 26-sı Demokrat, 28-i Ədalət, 2-si MVP, 31-i Müasir Müsavat, 1-i Tərəqqi, 75-i ADİSP, 264-ü Bütöv Azərbaycan Xalq Cəbhəsi, 381-i Böyük Quruluş, 17-si Vətəndaş Birliyi, 39-u Klassik Xalq Cəbhəsi, 25-i Vətəndaş və İnkişaf, 10-u Milli Demokrat partiyalarının üzvləridir. Seçkilərə 11 331 nəfər bitərəf qatılıb. Namizədlərin 382 nəfəri isə partiya mənsubiyyətini göstərməyib.

2004-cü ildə keçirilmiş bələdiyyə seçkilərdən fərqli olaraq hazırkı bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi çoxlu sayda qanun pozuntuları ilə müşayiət olunub. SMDT-nin müşahidələri göstərir ki, qanun pozuntuları əsasən bələdiyyələrə namizədliyini irəli sürən müxalifət partiyasının üzvlərinə qarşı baş verib. Bəzi dairələrdə namizədliyini verən müxalifət nümayəndələrinin sənədləri müxtəlif bəhanələrlə qəbul edilməyib.
Bəzi seçki dairələrində sənədlərini təqdim edən namizədlərin imza vərəqələrini heç bir səbəb göstərilmədən qeydiyyat gününə bir gün qalmış qəbul edib. Məsələn, 98 saylı Şəmkir şəhər dairə seçki komissiyası noyabr 12-də saat 21 radələrində namizədlərin imza vərəqələrini qəbul edib.

Bələdiyyə seçkiləri üzrə namizədlərin irəli sürülüməsi və qeydiyyatı prosesi üzrə müşahidələr üzrə məlumatlar:

● Oktyabrın 17-də 59 saylı Salyan seçki dairəsi ADP-nin fəal üzvləri olan Hüseynov Mahir və Hüseynov Mübarizin namizədlik üçün sənədlərini qəbul etməkdən imtina edib, dairədən bu həmin günün şənbə istirahət olması ilə əsaslandırılib.

● 84 saylı Füzuli seçki dairəsinə Füzuli rayon Böyük Bəhmənli bələdiyyəsi üzrə namizədliyini irəli sürən Əliyeva Gülşən Ərşad qızının namizədliyi qeydə almayib. Səbəb kimi isə namizədinin təqdim etdiyi sənədlər arasında şəxsiyyət vəsiqəsinin sürətinin olmaması əsas götürülübdü.

● 6 saylı Culfa-Babək dairə seçki komissiyası namizədlərin qeydə alınması üçün tələb olunan sənədləri 12 noyabr 2009-cu il tarixdə qəbul etsə də, 13 noyabr sənədləri geri qaytarıb. Əsas kimi sənədlərin səhv olması göstərilib və DSK tərəfindən qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında yaşayan müsavatçılar üçün protokolların Müsavat Partiyası Naxçıvan təşkilatı tərəfindən verilməlidir.

● 84 saylı Füzuli seçki dairəsindən Böyük Bəhmənli bələdiyyəsi üzrə namizədliyini irəli sürən Əliyeva Gülşən Ərşad qızının imza vərəqələrində oxşarlığın olunması səbəbi ilə namizədliyini qanunsuz olaraq qəbul etməyib və dairə üzvlərinin iclasda qəbul etdikləri qərarla ona əlavə olan cədvəl arasında uyğunsuzluqlar olub.

● 82 saylı Ağcəbədi və 83 saylı Ağcəbədi-Ağdam dairə seçki komissiyalarına namizədliklərini qeydə alınmaq üçün vermiş Müsavat partiyasının üzvlərinə imza vərəqələri imzatoplama kampaniyasının bitməsinə bir gün qalmiş veriblər və nəticədə sənədlərini təqdim etmiş 65 partiya üzvündən yalnız 5 nəfəri imza toplayaraq sənədlərini müvafiq DSK-lara təqdim edib.

● Noyabrın 13-də 64 saylı Sabirabad ikinci dairə seçki komissiyasının sədri İmanov Şükür iş vaxtı seçki dairəsində olmayıb. Sonra Müsavat partiyasının Ulacalı kənd bələdiyyəsinə namizədi Muradov Əjdər, Güdəcuhur kənd bələdiyyəsinə namizədi Əliyev Mirzəağa və Muğangəncəli kənd bələdiyyəsinə namizədi Səfiyev Məhəmmədin sənədlərini heç bir səbəb göstərmədən qəbul etməyib.

● Noyabr 12-də 63 saylı Sabirabad birinci seçki dairəsinin sədri Məstalı Nuriyev Surra kənd bələdiyyəsinə namizədliyini AXCP-dən irəli sürən Əsədov Qismət Qüdrət oğlunun namizədliyini bitərəf kimi qeydə alıb.

● Noyabr 12-də 98 saylı Şəmkir şəhər dairə seçki komissiyası saat 21 radələrində namizədlərin imza vərəqələrini qəbul edib. 99 saylı Şəmkir kənd dairə seçki komissiyası isə bu günə qədər də Müsavat Partiyasının namizədlərinin təsdiq olunması üçün vermək istədikləri sənədləri qəbul etməyib.

● Azərbaycan Beynəlxalq Bankının Salyan fillialında bələdiyyə seçkilərinə namizədlərdən bank hesabı açmaq üçün qanunsuz olaraq 10 AZN məbləğində pul tələb olunub.

● 110 saylı Zaqatala seçki dairəsində Müsavat partiyasının namizədlərinin sənədləri dairə seçki komissiyası tərəfindən qəbul olunmayıb. Kənd yerində yaşayan namizədlərdən onlara ayrılmış payı bəlli torpaqlardan əldə etdikləri gəlirlər haqqında arayış tələb olunur. Payı bəlli torpaqlardan heç bir gəlir əldə edə bilməyən vətəndaşlar üçün belə arayışların alınması problemə çevrilib. Ərazi icra nümayəndələri müxtəlif bəhanələrlə belə arayışları verməkdən imtina ediblər. Buna görədə namizədlər sənədlərini DSK-ya verə bilməyiblər.

● Noyabrın 13-də 18 saylı Nərimanov-Nizami dairə seçki komissiyasından Nizami rayon bələdiyyəsinə namizəd ADP-nin üzvü İsmayilov Nurəddinin namizədliyini imzalarda şübhəli məqamlar olduğunu əsas gətirərək qeydiyyata almayıb.

VI.TƏZYİQLƏR

Bələdiyyə seçkilərinin ilkin mərhələsində qeydə alınan ən ciddi və kobud qanun pozuntuları namizədliyini irəli sürən müxalif partiyaların nümayəndələrinə və onların yaxınlarına qarşı olan təzyiqlər olub. Namizdlərin irəli sürülməsi və qeydiyyatı mərhələsində əsasən namizədliyini geri götürmək üçün namzədlərə təzyiqlər edilib.

Seçkilərin bu mərhələsində qeydə alınmış təzyiq halları ilə bağlı məlumatlar:

● Noyabrın 14-də 59 saylı Salyan seçki dairəsindən Sarvan kənd bələdiyyəsinə namizəd, Demokrat Partiyasının üzvü Alim Həsənova kənd icra nümayəndəsi Ağalarov Əlipənah tərəfindən namizədliyini geri götürməsi üçün təzyiq edilib.

● Noyabrın 19-da 63 sayli Sabirabad birinci seçki dairəsindən Kürkəndi kənd bələdiyyəsi üzrə Xalq Cəbhəsi Partiyasından olan namizəd Balamirzə Fətiyevə namizədliyini bitərəf kimi verməsi təklif olunub. Ancaq Fətiyev bundan imtina etdikdə, onun namizədliyi qeydə alınmayıb.

● 70 saylı Masallı şəhər seçki dairəsindən Musaküçə kənd bələdiyyəsinə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülən Qəmbərov Yusif Kərəməli oğluna və İbrahimov Nabuq Həsən oğluna Musaküçə kənd icra nümayəndəsi Şəmsəddin Teymurov tərəfindən namizədliklərindən imtina etmələri üçün təzyiqlər edilib.

● Noyabrın 12-də 60 saylı Salyan-Neftçala seçki dairəsindən Qaracala kənd bələdiyyəsi üçün namizədliyini irəli sürən Demokrat Partiyasının üzvü Faiq Nuriyevə kənd icra nümayəndəsi Elyoldaş Hüseynov tərəfindən təzyiq edilib

● 60 saylı Salyan-Neftçala dairə seçki komissiyasının Aşağı Noxudlu kənd bələdiyyəsinə namizədliyi qeydə alınmış ADP üzvü Xudayev Məhərrəmə və onun atasına kənd icra nümayəndəsi Kamran Səmədov namizədliyini geri götürmədiyi üçün hədələyib.

● 63 saylı Sabirabad birinci seçki dairəsindən Qalağayın bələdiyyəsinə Müsavat partiyası tərəfindən namizədliyi irəli sürülmüş Elxan Əliquliyevə təzyiq olub. Belə ki, kənd icra nümayəndəsi Zülfəli Musayev 9 noyabr 2009-cu il tarixində evinə gələrək onu namizədliyini geri götürməsi üçün təzyiq edilib.

● 67 saylı Cəlilabad seçki dairəsindən Vətəndaş və İnkişaf Partiyası tərəfindən Təzəkənd bələdiyyəsinə namizədliyini irəli sürən Eyvazov Yadullaya, Abşabad kənd bələdiyyəsinə namizədliyini irəli sürən İlham Salayevə ərazi icra nümayəndəliyi və kənd polis nümayəndəsi tərəfindən təzyiqlər olub.

● Masallıda bələdiyyə üzvlüyünə namizədlər Çingiz Həşimov və oğlu Yavər Həşimova rayonun icra başçısı Qəzənfər Ağayev tərəfindən təzyiqlər olunub. Bu fakt YAP-dan həmin dairədən deputat seçilmiş Əhəd Abıyev tərəfindən də təsdiqlənib.

● Salyanda bələdiyyə üzvlüyünə namizədliyini Klassik Xalq Cəbhəsi Partiyası üzvü kimi irəli sürən Vaqif Hacıyevin imza vərəqələrinin sürətləri dairə seçki komissiyasından qanunsuz olaraq rayon icra başçısına verilib. İcra başçısının göstərişi ilə imza verən aşağıdakı şəxslərə - Səfərova Gülnaz Nazim qızı, Xurşudova Sevil Kərim qızı və Hüseynova Şəlalə Abbas qızına təzyiqlər edilib. Onlar işlədikləri dövlət müəsisələrindən çıxarılacaqları ilə hədələnərək, öz imzalarından imtina etməyə məcbur ediliblər.

● 95 saylı Tərtər seçki dairəsindən Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülən Əskipara kənd sakini Babayev Nazimə, Hüseynli kənd sakini Əhmədov Habilə rayon icra hakimiyyətinin tapşırığı əsasında müvafiq kənd nümayəndəsi və sahə müvəkkilləri tərəfindən müxtəlif hədələrlə təhdid və təzyiq olunaraq dairə seçki komissiyalarında namizədliklərini geri götürülməsi barədə məcburi ərizə yazdırılıb.

VII. NƏTİCƏLƏR VƏ TÖVSİYYƏLƏR


SMDT 23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərinin ilk mərhələsini ümumiləşdirərək, aşağıdakı nəticələrə gəlir:

● Ölkədə bələdiyyə seçkiləri qabağı siyasi mühit azad və demokratik qaydada seçkilərin keçirilməsi üçün normal şəraiti təmin etməyib. Bələdiyyə seçkiləri ərəfəsində sərbəst toplaşmaq azadlığı, siyasi fəaliyyət imkanları, söz və mətbuat azadlığının təmin olunması yönündə dəyişikliklər baş verməyib.

● Mərkəzi Seçki Komissiyası öz fəaliyyətini texniki cəhətdən qanunauyğun qaydada və müddətdə həyata keçirib. Ancaq namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesində Dairə Seçki Komissiyalarının fəaliyyətində ciddi qanun pozuntuları qeydə alınıb və bu cür halarla bağlı MSK-nın reaksiyası adevkat olmayıb.

● Bələdiyyə seçkilərində əksər siyasi partiyaların hazırlığı və iştirakının səviyysəsi zəif olub. Eyni zamanda yerli icra hakimiyyətləri siyasi partiyaların seçki prosesində iştirakının süni olaraq azaldılması yönündə təzyiqlərə rəvac verərək, seçki prosesinə qeyri-qanuni müdaxilə ediblər.

● Bələdiyyələrə namizədliklərini irəli sürən müxalif siyasi partiya üzvlərinə təzyiqlər olub. Təzyiqlər müxalif siyasi partiya üzvlərinə həm namizədliklərini irəli sürmə, həm də imzatoplama vaxtı qeydə alınıb.

SMDT 23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərinin ilk mərhələsinin nəticələrinə əsasən aşağıdakıların həyata keçirilməsini təklif edir:

● Bələdiyyə seçkiləri ərəfəsində namizədlərin irəli sürülməsi və qeydiyyatı zamanı qeydə alınmış qanun pozuntularının araşdıırlması yönündə müvafiq tədbirlər həyata keçirilməlidir;

● Seçki hüququnu pozan bütün şəxslər, xüsusən də yerli icra strukturlarının nümayəndələri məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır;

● Bələdiyyə seçkilərinin növbəti mərhələlərində - seçkiqabağı təbliğat və seçki günü seçki iştirakçılarına sərbəst və azad seçki mühitinin yaradılması, sərbəst toplaşmaq, söz və mətbuat azadlığının təmin olunması, habelə seçki prosesinə kənar müdaxilələrin baş verməməsi və seçkiqabağı ictimai müzakirələr üçün şərait yaradılmalıdır;


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin İdarə Heyəti
25 noyabr, 2009-cu il

No comments:

Post a Comment