Monday, November 16, 2009

Namizədlərin qeydiyyatı Noyabrın 23-də başa çatacaq

13 noyabrın, saat 18-də bələdiyyə seçkilərində iştirak etmək üçün götürülən imza vərəqələrinin və digər seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim olunması başa çatıb. Namizədlərin qeydiyyatı isə bundan 10 gün sonra yekunlaşacaq.
“Media forum” saytına danışan Mərkəzi Seçki Komissiyası mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki, noyabrın 25-də təşviqat kampaniyasının rəsmi startı veriləcək. Kampaniya 28 gün çəkərək dekabrın 21-də başa çatacaq.
Namizədlərin qeydiyyatı başa çatdıqdan sonra MSK ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış partiya və blokların siyahısını müəyyənləşdirəcək. Ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış partiya və bloklar İctimai Televiziya və Radioda pulsuz efir vaxtından istifadə edəcəklər. Seçki Məcəlləsinə görə, efir vaxtı 3 saatdan az olmamalıdır. Ayrılan müddət televiziyada pulsuz təşviqat hüququ qazanan partiya və bloklar arasında bərabər şəkildə bölünəcək. Bu partiya və blokların təsisçiləri dövlət orqanları olan və ya büdcədən maliyyələşən 4 nəşrdə - “Azərbaycan”, “Xalq qəzet”, “Respublika” və “Bakinski raboçi”də də pulsuz təşviqat aparmaları mümkün olacaq.
Ölkə üzrə bələdiyyələrin yarıdan çoxunda namizədləri olmayan siyasi partiya və bloklar isə ancaq ödənişli təbliğat apara bilərlər. Lakin A.Sarıyev ödənişli təbliğatı çətinləşdirən bir nüansı açıqlayıb: “Biz vaxtında elan vermişdik ki, bələdiyyə seçkilərində ödənişli əsaslarla reklam vermək istəyən KİV MSK-ya rəsmi bildiriş təqdim etməlidir. Bu günə qədər heç bir televiziya, qəzet, agentlik MSK-ya bildiriş təqdim etməyib. Noyabrın 12-də bildirişin təqdim olunma vaxtı bitir. O zamana qədər bildiriş təqdim etməyən KİV bələdiyyə seçkiləri ilə bağlı ödənişli reklam verə bilməyəcək”. A.Sarıyevin sözlərinə görə, bu, pulsuz reklama yer ayıracaq İTV-yə də aiddir: “Onlar da ödənişli reklam vermək istəyirlərsə, ayın 12-dək MSK-ya bildiriş təqdim etməlidirlər”.
MSK-nın noyabrın 9-u axşama olan rəsmi məlumatına görə, artıq 1700 bələdiyyə üzrə 22 851 nəfərin namizədliyi qeydə alınıb. Namizədlikləri qeydə alınan şəxslərdən 5972 nəfəri bitərəfləri, digərləri isə 24 siyasi partiyanı əhatə edirlər. 22 siyasi partiya rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb.
Dekabrın 23-də keçiriləcək seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir

No comments:

Post a Comment