Thursday, July 22, 2010

Parlament seçkiləri başlayır

2010-cu ilin noyabrın 7-də Azərbaycan Respublikası Milli Məclisinə seçkilər keçiriləcək. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1995, 2000, 2005-ci illərdə Milli Məclisə seçkilər keçirib. Noyabrın 7-də keçiriləcək seçki 4-cü çağrış parlament seçkisi olacaq.

1995-ci ildə qəbul edilmiş Konstitusiyaya görə Parlamentin tərkibi 125 millət vəkilindən ibarət formalaşır. Eyni sayda da ölkə üzrə seçki dairələri yaradılır. Hər bir deputat bir seçki dairəsini təmsil edir. 2010-cu ildə Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasında olan seçicilərin sayını 4.829.888 nəfər göstərib. Bu da ki, ölkə əhalisinin 54 faizini təşkil edir. Yəni hər deputat təxminən 38 000 seçicini təmsil etməlidir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) nümayəndələri 2000, 2005-ci illərdə keçirilmiş müvafiq olaraq ikinci və üçünçü çağrış həmçinin 2004 2006-ci illərdə keçirilən əlavə və təkrar parlament seçkilərində müşçahidəçi kimi iştirak edib. 2005-ci il parlmanet seçkilərində 2115 nəfər müşahidəçi ilə 2315 seçki məntəqəsində müşahidələr aparılıb və hesabatlar yayılıb.

2010-cu il noyabrın 7-də keçiriləcək parlament seçkilərində SMDT yenidən müşahidə fəaliyyəti həyata keçirəcək. Bununla bağlı müşahidəçilərə təlimlər keçiriləcək. Sonradan
qanunauyğun, obyektiv, bitərəf müşahidə aparan şəxslər sertifikat ilə mükafatlandırılacaqlar. Ən əsası seçkilərin müşahidəsində maraqlı olan və gələcəkdə də bu sahədə fəaliyyətini davam etdirmək istəyən şəxslər xarici ölkələrdə keçirilən seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirak etmək hüququ əldə etmiş olacaqlar.

SMDT Azərbaycanda keçirilən seçkilərin azad və ədalətli şəraitdə keçirilməsinə çalışır. Müşahidə prosesi də seçkilərdə aşkarlığın təmin edilməsinə həmçinin seçki subyektləri üzərində ictimai nəzarəti təmin etməyə yönəlib.

SMDT SİZİ də bu prosesdə aktiv iştiraka səsləyir

Wednesday, April 28, 2010

“AZƏRBAYCAN RESPUBLİKASI SEÇKİ MƏCƏLLƏSİNƏ ZƏRURİ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR”

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT)

“AZƏRBAYCAN RESPUBLİKASI SEÇKİ MƏCƏLLƏSİNƏ ZƏRURİ
ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR”

mövzusunda İctimai Forum keçirəcək.

İctimai Forumda Azərbaycan Respublikası Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı zəruri əlavə və dəyişikliklərin və bununla bağlı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin Ekspert qrupu tərəfindən hazırlanan qanun layihəsi müzakirə olunacaq.
Forumda həmçinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin təkmilləşdirilməsi yönündə Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və yerli ictimai-siyasi qurumların təklifləri müzakirə olunacaq.
Tədbirdə dövlət orqanları, parlament üzvləri, siyasi partiya, qeyri-hökumət təşkilatları nümayəndələri və jurnalistlərin iştirakı nəzərdə tutulub.


İctimai Forum 4 may 2010-cu ildə saat 10.00-dan 14.00-dək Park İnn Otelinin Füzuli zalında keçiriləcək.



Tədbirin keçirildiyi ünvan:
Bakı şəhəri, Azadlıq prospekti 1
PARK İNN OTELİ
AZ 1000
Telefon: (012) 490 60 00

Əlaqələndici şəxs:
Azər Qasımov
Telefon: (055) 625 56 59
(012) 596 22 94






AZƏRBAYCAN RESPUBLİKASI SEÇKİ MƏCƏLLƏSİNƏ ZƏRURİ
ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR” mövzusunda
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin
təşkil etdiyi İctimai Forumun

GÜNDƏLİYİ
4 may, 2010-cu il, Park inn oteli (Füzuli zalı)


9.30-10.00 – İştirakçıların qeydiyyatı

10.00-10.15 – Açılış
Anar Məmmədli, SMDT sədri

10.15 – 10.30 - Məruzə: Azərbaycan Seçki Məcəlləsində yerli seçki müşahidəçiliyinə təminat və seçki hüquqlarının pozulması üzrə şikayət qaydaları

Məruzəçilər:
Bəşir Süleymanlı, SMDT İcraçı Direktoru
Hafiz Həsənov, Hüquq və İnkişaf İctimai Birliyi

10.30-11.30 - Müzakirələr

11.30 – 11.45 - Kofe-çay fasiləsi:

11.45 – 12.15 – Məruzə: Azərbaycan Seçki Məcəlləsində seçki komissiyalarının formalaşması və seçkiqabağı təşviqat prosesi

Məruzəçilər:
Anar Məmmədli, SMDT sədri
Ələsgər Məmmədli, müstəqil ekspert

12.15 – 13.15 – Müzakirələr

13.15-13.30 – Yekun

Nahar

Friday, April 9, 2010

SMDT Parlament seçkilərində seçiciləri maarifləndirmək üçün Forumlar keçirir

















Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) noyabr 2010-cu ildə keçirilməsi gözlənilən Azərbaycan Respublikasına Milli Məclisinə seçkilərlə bağlı proqram həyata keçirir. Proqramın məqsədi seçki öncəsi vətəndaşlar arasında seçici aktivliyini artırmaq, azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində maarifçilik işinin gücləndirilməsindən ibarətdir.

Aprelin 8-də Masallı şəhərində “Seçki şikayətlərinin verilməsi və araşdırılması təcrübəsi” mövzusunda Vətəndaş Forumu keçirilib. Forumda SMDT-nin hüquqşünası Azər Qasımov müşahidəçilərin qeydiyyatı və fəaliyyətinin hüquqi tərəfləri, bitərəf müşahidəçiliyin əhəmiyyəti və müşahidənin aparılması prinsipləri ilə bağlı iştirakçılara məlumat verib.

Musavat partiyası numayəndəsi Xasay Fərzullayev Bələdiyyə seçkilərində poçt vasitəsi ilə göndərilən şikayətləri Dairə Seçki Komissiyasının inkar etdiyini bildirib: “Dedilər ki, onlara belə şikayət daxil olmayıb, poçt idarəsi isə şikayətin göndərildiyini bildirib. Sonrada MSK şikayəti təmin elədi və şikayət etdiyimiz Masallının Boradigah bələdiyyənin nəticələri ləğv edildi”.

Yeni Azərbaycan Partiyasının nümayəndəsi Ələşrəf Niftiyev Seçki Məcəlləsinə bir neçə dəfə dəyişikliklərin edildiyini bildirib: “Həmişə də beynəlxalq təşkilatların tövsiyyələri nəzərə alınıb. Ancaq yenə də onlar iddia edirlər ki, Seçki Məcəlləsinin dəyişikliklərə ehtiyacı var”.

Müəllim Xanəli Ağayev MnSK üzvlərini savadsız olduqalrını bildirib. Bu səbəbdən də seçki şikayətlərinin obyekriv araşdırılmadığını qeyd edib.

Böyük Quruluş partiyasının nümayəndəsi Qüdrət Hüseynov 23 dekabr 2009-cu ildə keçirilən Bələdiyyə seçkilərində olan saxtakarlıqlar və seçki şikayətlərinin çoxluğunun seçki tarixində rekord nəticə olduğunu vurğulayıb.

Monday, April 5, 2010

SMDT Parlament seçkilərində seçiciləri maarifləndirmək üçün Forumlar keçirir


















Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) noyabr 2010-cu ildə keçirilməsi gözlənilən Azərbaycan Respublikasına Milli Məclisinə seçkilərlə bağlı proqram həyata keçirir. Proqramın məqsədi seçki öncəsi vətəndaşlar arasında seçici aktivliyini artırmaq, azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində maarifçilik işinin gücləndirilməsindən ibarətdir.

Aprelin 3-də Sumqayit şəhərində “Seçkilərdə müşahidəçilik və könüllü müşahidəçiliyin əhəmiyyəti” mövzusunda Vətəndaş Forumu keçirilib. Forumda SMDT-nin hüquqşünası Azər Qasımov müşahidəçilərin qeydiyyatı və fəaliyyətinin hüquqi tərəfləri, bitərəf müşahidəçiliyin əhəmiyyəti və müşahidənin aparılması prinsipləri ilə bağlı iştirakçılara məlumat verib.

Ümid partiyasının nümayəndəsi Abbas Qurbanov müşahidəçilərin hüquqlarının məhdud olduğunu bildirib: “Müşahidəçilərə seçki komissiyalrının üzvlərinə təsir edə biləcək dərəcədə hüquqlar verilməlidir”.

Seçici Sadıq Əkbərov demokratik və ədalətli seçkilərin keçirilməsi üçün müşahidəçilərin böyük əhəmiyyətinin olduğunu bildirib: ” Buna görə də müşahidəçilər peşəkar şəkildə hazırlanmalı və hüquqlarını mükəmməl bilməlidir”.

“Sağlam Düşüncə” Gənclər Təşkilatının nümayəndəsi Cavid Nəbiyev müşahidəçilərin hüquqi cəhətdən düzgün təlimatlandırılmalı olduqlarını bildirib və müşahidəçiləri iradəli olmağa çağırıb.

"Bizim Şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzinin sədri Mətanət Zeynalova son vaxtlar seçkilərdə gənclərin müşahidəçi kimi aktivliyinin hiss olunduğunu qeyd edib. O, təhsili olan evdar qadınları da müşahidə prosesinə cəlb etməyi tövsiyyə edib.

Thursday, April 1, 2010

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Parlament seçkisi dövrü üçün yeni Fəaliyyət Proqramını təqdim edir


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) noyabr, 2010-cu ildə Mili Məclisə keçiriləcək seçkilərlə bağlı Fəaliyyət Proqramının icrasına başlayıb. Aprel ayından başlayaraq, həyata keçiriləcək proqrama Seçki Məcəlləsi və milli seçki təcrübəsinin təkmilləşdirilməsi, deputatlığa namizədlərin ictimai öhdəliklərinin artırılması, parlament seçkiləri üzrə ictimai məlumatlandırılmanın təşkili və parlament seçkilərinin uzunmüddətli və qısamüddətli müşahidəçiliyi yönündə tədbirlər daxildir.

Bu proqramın icrası ilə bağlı SMDT ölkədə fəaliyyət göstərən QHT, KİV, seçki komissiyaları, siyasi partiyalar və beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək.

SMDT mövcud seçki qanunu və təcrübəsinin təkmilləşdirilməsi yönündə son 1 il ərzində qeyri-hökumət təşkilatları, siyasi partiyalar və seçici qruplarının iştirakı ilə ictimai müzakirələr təşkil edib. Hazırda bu müzakirələrin yekunu əsasında müxtəlif istiqamətlərdə təkliflər hazırlanmaqdadır. SMDT aprel ayı ərzində seçki qanununun təkmilləşdirilməsi üzrə yekun müzakirələr keçirəcək və bu müzakirələr zamanı qəbul edilmiş təklifləri, o cümlədən Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanun layihəsini Milli Məclisə təqdim edəcək.

SMDT 2010-cu il parlament seçkilərinə qatılacaq namizədlərin ictimai öhdəliklərinin artırılması, seçici istəklərinə uyğun seçki proqramlarının hazırlanması və deputatlığa namizədlərin ədalətli qaydada seçki kampaniyasının təşkili üçün İctimai vəkillik kampaniyası təşkil edəcək. Bu kampaniya çərçivəsində Deputatlığa Namizədlərin Davranış Kodeksi hazırlanaraq, siyasi partiyalar və qeydə alınmış namizədlərə imzalanmaq üçün təqdim olunacaq. Parlament seçkiləri öncəsi vətəndaşların dövlət idarəetməsi, habelə seçkilərdə iştirakı həvəsləndirmək məqsədilə SMDT 60 dəfə Vətəndaş Forumları təşkil edəcək. Bu tədbirlər zamanı seçkiqabağı ictimai-siyasi durum, vətəndaş cəmiyyətinin vəziyyəti və ötən illərin seçki təcrübəsinin müzakirəsi nəzərdə tutulub. .

SMDT 2010-cu ildə keçiriləcək Parlament seçkilərinin monitorinqini həyata keçirməklə, seçki prosesinə ictimai nəzarət institutunun möhkəmlənməsini vacib sayır. Bu baxımdan SMDT parlament seçkilərinin monitorinqini seçki prosesinin bütün mərhələləri – namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqat kampaniyası, seçki günü (səsvermə və səs sayma) və seçkidən sonra nəticələrin hazırlanması və şikayətlərin verilməsi dövrləri üzrə təşkil edəcək.

Wednesday, March 31, 2010

SMDT Parlament seçkilərində seçiciləri maarifləndirmək üçün Forumlar keçirir



Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) noyabr 2010-cu ildə keçirilməsi gözlənilən Azərbaycan Respublikasına Milli Məclisinə seçkilərlə bağlı proqram həyata keçirir. Proqramın məqsədi seçki öncəsi vətəndaşlar arasında seçici aktivliyini artırmaq, azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində maarifçilik işinin gücləndirilməsindən ibarətdir.

Martın 30-da Cəlilabad şəhərində “Seçkilərdə müşahidəçilik və könüllü müşahidəçiliyin əhəmiyyəti” mövzusunda Vətəndaş Forumu keçirilib. Forumda SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı müşahidəçilərin qeydiyyatı və fəaliyyətinin hüquqi tərəfləri, bitərəf müşahidəçiliyin əhəmiyyəti və müşahidənin aparılması prinsipləri ilə bağlı iştirakçılara məlumat verib.

Seçkilərdə uzun müddət müşahidəçi olmuş Azər Quluzadə bitərəf müşahidəçiliyin hələ Azərbaycanda normal qarşılanmadığını vurğulayıb: ”Seçki komisiyyalarında bəzən bildirirlər ki, seçkini müşahidə etməkdə sizin nə marağınız var?! Azərbaycan cəmiyyəti hələ bitərəf anlayışını həzm edə bilmir”. Azər Quluzadə bitərəf müşahidəçiliyin tərəfli müşahidəçilikdən daha effektli olmasını qeyd edib.

“Cənub Xəbərləri” qəzetinin əməkdaşı Sabir Nəsiroğlu seçiciləri maarifləndirməyə ehtiyac olduğunu və SMDT-nin də bununla bağlı keçirdiyi tədbirləri təqdir edərək, bunun davamlı xarakter daşıdığının daha effektli olacağını bildirib.

İctimai Araşdırmalar Mərkəzinin rəhbəri Mirnizami Əhmədli isə Azərbaycanda seçkilərin müşahidə etməyin əhəmiyyətsiz olduğunu bildirib: ”Yerli müşahidəçilər seçkilərdə qanun pozuntuları olduğunu hesabatlarında əks etdirirlər. Amma buna adekvat cavab verilmir. Konkret olaraq Beynəlxalq təşkilatlar heç bir halda müşahidəçilərin rəylərinə istinad edib iqtidara hasısa təzyiqlər etməyəcəksə, əksinə bu hesabatları kənara atıb seçkiləri hər dəfə tərifləyəcəklərsə, seçkini müşahidə etməyin əhəmiyyəti olmayacaq”. O, cəmiyyətdə ictimai-siyasi aktivliyin arıtırılması istiqamətində fəaliyyət göstərməyi, o cümlədən partiyalara bu istiqamətdə proqramlar həyata keçirməyi tövsiyyə edib.

“Region səs” qəzetinin bölgə müxbiri Asif Həsənov ictimai-siyasi proseslərdə və mühadəçilikdə gənclərə üstünlük verilməsini və onlara köməkliklər göstərilməsinin əhəmiyyətindən danışıb.

Friday, March 26, 2010

SMDT Parlament seçkilərində aktivliyi artırmaq üçün İctimai Müzakirələr keçirir



Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) noyabr 2010-cu ildə keçirilməsi gözlənilən Azərbaycan Respublikasına Milli Məclisinə seçkilərlə bağlı proqramın icrasına başlayıb. Proqramın məqsədi seçki öncəsi vətəndaşlar arasında seçici aktivliyini artırmaq, azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində maarifçilik işinin gücləndirilməsindən ibarətdir.

Vətəndaş Forumlarında SMDT-nin hüquqşünası Azər Qasımov iştirakçılara Parlemnt seçkiləri öncəsi seçici siyahıların vəziyyəti barədə məlumatlandırıb. Həmçinin seçicilərin adlarının siyahılarda dəqiqləşdirilməsi, vəfat etmiş, yaşayış yerinini dəyişmiş insaların adlarının siyahılardan çıxarılması qaydaları və MSK-nin nəzdində olan İnformasiya Mərkəzinin internet ünvanı vasitəsi ilə seçicilərin adlarının dəqiqləşdirilməsi barədə iştirakçılara ətraflı məlumat verib.

Martın 26-da Gəncə şəhərində keçirilən Forumda “Eko-Renessons” İctimai Birliyinin nümayəndəsi Sərxan Musayev qeyd edib ki, seçkilərə ictimai marağın artırılması üçün məcburi səsvermə tətbiq edilməlidir: “Yəni səsverməyə gələməyən şəxslər məsuliyyət daşımalıdırlar. Bundan sonra seçkiyə ictimai maraq artar və ədalətli seçkilərin keçirilməsi üçün zəmin yaranar”.

Seçici Məhərrəm Yusifli seçici siyahılarının davamlı olaraq yoxlanmasını və qüsurların aradan qaldırılması üçün seçki komissiyaların tərkibinin partitet əsaslarla formalaşmasının vacibliyini qeyd edib.

“Difai” qəzetinin nümayəndəsi Sabir İsayev seçici siyahılarını bir neçə dövlət orqanları tərəfindən bərabər şəkildə yoxlanılmasını və həmin məlumatları seçki komissiyalarına təqdim etməsini təklif edib.

Seçici İbrahim Altun seçici siyhaılarının yoxlanılması prosesində gəncləri daha fəal olmalı olduğunu vurğulayıb. Gənclərin bu sahədə maraqsız oladuqlarını bildirib. Bunun aradan qaldırılması üçün QHT-ləri daha fəal olmağa və gəncləri maarifləndirməyə çağırıb



Xatırladaq ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) dövlət qeydiyyatı 14 may 2008-ci ildə Xətai Rayon Məhkəməsi tərəfindən ləğv edilən Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri tərəfindən təsis edilib. Təsis olunduqdan indiyə kimi Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etsə də nazirlik müxtəlif bəhanələrlə SMDT-ni qeydiyyata almaqdan imtina edir.