Wednesday, March 3, 2010

SMDT “Seçki Məcəlləsinə əlavələr və dəyişiklikər edilməsi haqqında” qanun layihəsinə dair Sumqayıtda Vətəndaş Forumu keçirib



Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycan seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılmasıi, habelə müvafiq seçki qanununun yerli ictimaiyyətin, Avropa Şurası Venesiya Komissiyası (AŞ/VK)və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) təklifləri əsasında təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir.
Bu məqsədlə “Azərbaycanda seçki islahatlarının təşkilinə yardım” proqramını həyata keçirərək, bu proqram çərçivəsində “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsi hazırlayıb.

SMDT hazırda təqdim olunan qanun layihəsində 6 əsas istiqamət üzrə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilmsəini təklif edir; (1) Seçki anlayışlarının sadələşdirilməsi (2) Seçki komissiyaların tərkibinin formalaşdırılması, (3) Yerli müşahidəçilərin qeydiyyatı və hüquqları, (4) Seçkiqabağı təşviqat kampaniyası, (5) Seçki şikayətlərə baxılması qaydaları və (6) Milli Məclisə və Bələdiyyələrə keçirilən seçkilərlə bağlı bəzi qaydalar. Ümumilikdə 63 maddənin 117 bəndinə əlavə və dəyişiklik təklif edilir.

Martın 3-də Sumqayıtda keçirilən Vətəndaş Forumunda “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsi barədə SMDT-nin hüquqşünası Azər Qasımov iştirakçıları məlumatlandırıb.

Musavat Partiyasının Sumqayıt şəhər təşkilatın sədri Fəxrəddin Abbas hər dəfə seçki qanunverciliyinə dəyişikliklər müzakirə ediləndən sonra daha da burokratik maddələrin Məcəlləyə əlavə edildiyini bildirib: “Ancaq SMDT-nin hazırladığı layihənin qəbul ediləcəyi təqdirdə demokratik seçkilərin keçirilməsi üçün şərait yaradacağına inanıram”. Fəxrəddin Abbas həmçinin seçki şikayətlərinin baxılması müddətinin artırılmasının (7 gün), məşvərətçi səs hüquqlu üzvlərin hüquqlarının artırılmasının layihədə nəzərdə tutulmasını və proporsional seçki sisteminin tətbiq edilməsini təkilf edib.

“Bizim şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzinin sədri Mətanət Zeynalova Seçki Məcəlləsinə məcburi səsvermə üçün müddəanın əlavə edilməlı olduğunu təklif edib.

Ümid partiyasının nümayəndəsi Sadıq Əkbərov Milli Məclis və Prezident seçkilərində qeydə alınmış bütün namizədlərə pulsuz efir vaxtı verilməsinin layihəyə əlavə edilməsini təklif edib.

“Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsinə dair SMDT bütün təklif və rəyləri nəzərə almaqla 2010-cu ilin aprel ayında Azərbaycan Respublikası Milli Məclisinə son variantı təqdim edəcək.
Qeyd edək ki, SMDT bu proqramı Böyük Britaniya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirir.
Xatırladaq ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) dövlət qeydiyyatı 14 may 2008-ci ildə Xətai Rayon Məhkəməsi tərəfindən ləğv edilən Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri tərəfindən təsis edilib.

No comments:

Post a Comment