Thursday, March 18, 2010

SMDT Parlament seçkilərində aktivliyi artırmaq üçün İctimai Müzakirələr keçirir






Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) noyabr 2010-cu ildə keçirilməsi gözlənilən Azərbaycan Respublikasına Milli Məclisinə seçkilərlə bağlı proqramın icrasına başlayıb. Proqramın məqsədi seçki öncəsi vətəndaşlar arasında seçici aktivliyini artırmaq, azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində maarifçilik işinin gücləndirilməsindən ibarətdir.

Vətəndaş Forumlarında SMDT-nin hüquqşünası Azər Qasımov iştirakçılara Parlemnt seçkiləri öncəsi seçici siyahıların vəziyyəti barədə məlumatlandırıb. Həmçinin seçicilərin adlarının siyahılarda dəqiqləşdirilməsi, vəfat etmiş, yaşayış yerinini dəyişmiş insaların adlarının siyahılardan çıxarılması qaydaları və MSK-nin nəzdində olan İnformasiya Mərkəzinin internet ünvanı vasitəsi ilə seçicilərin adlarının dəqiqləşdirilməsi barədə iştirakçılara ətraflı məlumat verib.

Martın 16-də Göyçay şəhərində keçirilən Forumda “Azadliq” qəzətinin nümayəndəsi Şahin Əzizov seçki komissiyaların tərkibinin birtərfli formalaşmasının seçici siyahılarına da mənfi təsirini göstərdiyini bildirib.
Açıq Cəmiyyət Partiyasının nümayəndəsi Malik Soltanov seçki hüququna aid digər sahələrdə olduğu kimi secici siyahıları sahəsində də maarifləndirmə işinin gücləndirilməsini və əsasən də gənclərin aktiv olmasını bildirib.

Martın 17-də Beyləqan şəhərində keçirilən Forumda Musavat partiyasının nümayəndəsi Vaqif Allahverdiyev seçici siyahılarında ən cox saxtakarlığın hərbi hissələrdə olduğunu qeyd edib: “Ona görə də hərbi hissələrdə saxtakarlığın qarşısını almaq üçün xüsusi siyahılar tərtib edilməlidir”.

SMDT-nin könüllüsü İlqar Novruzov özü ilə bağlı baş vermiş qanun pozuntusunu Forum iştirakçıları ilə paylaşıb: “24 yaşım olmasına baxmayaraq adımı seçici siyahısına salmirlar, çünki siyahılar heç vaxt yenilənmir. Atam 9 ildi rəhmətə gedib amma adı siyahıda hələ də qalır”. İlqar Novruzov adının siyahıda olmamasına baxmayaraq hər dəfə səsvermədə iştirak etidiyini də vurğulayıb.

Musavat partiyasının üzvü Rövşən Alışlı isə bu sahadə daha çox gəncləri maraqlı olmağa cağırıb.


Qeyd edək ki, SMDT bu proqramı ABŞ Milli Demokratiya İnstitunun maliyyə dəstəyi ilə həyata keçirir.
Xatırladaq ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) dövlət qeydiyyatı 14 may 2008-ci ildə Xətai Rayon Məhkəməsi tərəfindən ləğv edilən Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri tərəfindən təsis edilib. Təsis olunduqdan indiyə kimi Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etsə də nazirlik müxtəlif bəhanələrlə SMDT-ni qeydiyyata almaqdan imtina edir.

No comments:

Post a Comment