Thursday, April 1, 2010

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Parlament seçkisi dövrü üçün yeni Fəaliyyət Proqramını təqdim edir


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) noyabr, 2010-cu ildə Mili Məclisə keçiriləcək seçkilərlə bağlı Fəaliyyət Proqramının icrasına başlayıb. Aprel ayından başlayaraq, həyata keçiriləcək proqrama Seçki Məcəlləsi və milli seçki təcrübəsinin təkmilləşdirilməsi, deputatlığa namizədlərin ictimai öhdəliklərinin artırılması, parlament seçkiləri üzrə ictimai məlumatlandırılmanın təşkili və parlament seçkilərinin uzunmüddətli və qısamüddətli müşahidəçiliyi yönündə tədbirlər daxildir.

Bu proqramın icrası ilə bağlı SMDT ölkədə fəaliyyət göstərən QHT, KİV, seçki komissiyaları, siyasi partiyalar və beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək.

SMDT mövcud seçki qanunu və təcrübəsinin təkmilləşdirilməsi yönündə son 1 il ərzində qeyri-hökumət təşkilatları, siyasi partiyalar və seçici qruplarının iştirakı ilə ictimai müzakirələr təşkil edib. Hazırda bu müzakirələrin yekunu əsasında müxtəlif istiqamətlərdə təkliflər hazırlanmaqdadır. SMDT aprel ayı ərzində seçki qanununun təkmilləşdirilməsi üzrə yekun müzakirələr keçirəcək və bu müzakirələr zamanı qəbul edilmiş təklifləri, o cümlədən Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanun layihəsini Milli Məclisə təqdim edəcək.

SMDT 2010-cu il parlament seçkilərinə qatılacaq namizədlərin ictimai öhdəliklərinin artırılması, seçici istəklərinə uyğun seçki proqramlarının hazırlanması və deputatlığa namizədlərin ədalətli qaydada seçki kampaniyasının təşkili üçün İctimai vəkillik kampaniyası təşkil edəcək. Bu kampaniya çərçivəsində Deputatlığa Namizədlərin Davranış Kodeksi hazırlanaraq, siyasi partiyalar və qeydə alınmış namizədlərə imzalanmaq üçün təqdim olunacaq. Parlament seçkiləri öncəsi vətəndaşların dövlət idarəetməsi, habelə seçkilərdə iştirakı həvəsləndirmək məqsədilə SMDT 60 dəfə Vətəndaş Forumları təşkil edəcək. Bu tədbirlər zamanı seçkiqabağı ictimai-siyasi durum, vətəndaş cəmiyyətinin vəziyyəti və ötən illərin seçki təcrübəsinin müzakirəsi nəzərdə tutulub. .

SMDT 2010-cu ildə keçiriləcək Parlament seçkilərinin monitorinqini həyata keçirməklə, seçki prosesinə ictimai nəzarət institutunun möhkəmlənməsini vacib sayır. Bu baxımdan SMDT parlament seçkilərinin monitorinqini seçki prosesinin bütün mərhələləri – namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqat kampaniyası, seçki günü (səsvermə və səs sayma) və seçkidən sonra nəticələrin hazırlanması və şikayətlərin verilməsi dövrləri üzrə təşkil edəcək.

No comments:

Post a Comment