Wednesday, March 31, 2010

SMDT Parlament seçkilərində seçiciləri maarifləndirmək üçün Forumlar keçirir



Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) noyabr 2010-cu ildə keçirilməsi gözlənilən Azərbaycan Respublikasına Milli Məclisinə seçkilərlə bağlı proqram həyata keçirir. Proqramın məqsədi seçki öncəsi vətəndaşlar arasında seçici aktivliyini artırmaq, azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində maarifçilik işinin gücləndirilməsindən ibarətdir.

Martın 30-da Cəlilabad şəhərində “Seçkilərdə müşahidəçilik və könüllü müşahidəçiliyin əhəmiyyəti” mövzusunda Vətəndaş Forumu keçirilib. Forumda SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı müşahidəçilərin qeydiyyatı və fəaliyyətinin hüquqi tərəfləri, bitərəf müşahidəçiliyin əhəmiyyəti və müşahidənin aparılması prinsipləri ilə bağlı iştirakçılara məlumat verib.

Seçkilərdə uzun müddət müşahidəçi olmuş Azər Quluzadə bitərəf müşahidəçiliyin hələ Azərbaycanda normal qarşılanmadığını vurğulayıb: ”Seçki komisiyyalarında bəzən bildirirlər ki, seçkini müşahidə etməkdə sizin nə marağınız var?! Azərbaycan cəmiyyəti hələ bitərəf anlayışını həzm edə bilmir”. Azər Quluzadə bitərəf müşahidəçiliyin tərəfli müşahidəçilikdən daha effektli olmasını qeyd edib.

“Cənub Xəbərləri” qəzetinin əməkdaşı Sabir Nəsiroğlu seçiciləri maarifləndirməyə ehtiyac olduğunu və SMDT-nin də bununla bağlı keçirdiyi tədbirləri təqdir edərək, bunun davamlı xarakter daşıdığının daha effektli olacağını bildirib.

İctimai Araşdırmalar Mərkəzinin rəhbəri Mirnizami Əhmədli isə Azərbaycanda seçkilərin müşahidə etməyin əhəmiyyətsiz olduğunu bildirib: ”Yerli müşahidəçilər seçkilərdə qanun pozuntuları olduğunu hesabatlarında əks etdirirlər. Amma buna adekvat cavab verilmir. Konkret olaraq Beynəlxalq təşkilatlar heç bir halda müşahidəçilərin rəylərinə istinad edib iqtidara hasısa təzyiqlər etməyəcəksə, əksinə bu hesabatları kənara atıb seçkiləri hər dəfə tərifləyəcəklərsə, seçkini müşahidə etməyin əhəmiyyəti olmayacaq”. O, cəmiyyətdə ictimai-siyasi aktivliyin arıtırılması istiqamətində fəaliyyət göstərməyi, o cümlədən partiyalara bu istiqamətdə proqramlar həyata keçirməyi tövsiyyə edib.

“Region səs” qəzetinin bölgə müxbiri Asif Həsənov ictimai-siyasi proseslərdə və mühadəçilikdə gənclərə üstünlük verilməsini və onlara köməkliklər göstərilməsinin əhəmiyyətindən danışıb.

No comments:

Post a Comment