Monday, December 21, 2009

SMDT-nin 23 dekabr 2009-ci ildə keçiriləcək Bələdiyyə seçkilərinin təbliğat-təşviqat mərhələsinə dair Aralıq Hesabatı

I. XÜLASƏ

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafına çalışan müstəqil və tərəfsiz qeyri-hökumət təşkilatıdır. SMDT hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi ölkədə demokratik ənənələrin inkişafına, vətəndaşların rifahının yüksəlməsinə və insan hüquqlarının müdafiəsinə töhfə verəcək.
SMDT Azərbaycan Respublikasında 23 dekabr 2009-ci ildə keçiriləcək bələdiyyə seçkilərinin uzunmüddətli müşahidəsinin ikinci mərhələsini – seçkiqababağı təşviqat mərhələsini (25 noyabr – 21 dekabr 2009-ci il) həyata keçirib. Bu mərhələdə SMDT 96 seçki dairəsində və milli səviyyədə seçkiqabağı siyasi mühit, seçki komissiyalarının fəaliyyəti, namizədlərin təşviqat prosesini müşahidə ediblər. Müşahidə üzrə məlumatlar həmçinin zərurət yarandıqda seçki komissiyalarının üzvlərindən, seçicilərdən, namizədlərdən və ya onların nümayəndələrindən alınaraq üçüncü şəxslərlə dəqiqləşdirilib.

SMDT hesab edir ki, 23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkiləri dəyərləndirilərkən, seçki prosesinin bütün mərhələləri – seçki qabağı siyasi mühit, qanunvericiliyin vəziyyəti, seçkidə sərbəst iştirak imkanları, səsvermə və səslərin hesablanması üzrə ayrıca qiymətləndirmə aparılmalı və bu zaman Azərbaycan Respublikasının azad və ədalətli seçkilərin keçirilməsinə dair beynəlxalq öhdəliklərinə istinad olunmalıdır.
SMDT qeyd edir ki, ölkədə bələdiyyə seçkiləri öncəsi siyasi mühit azad və demokratik qaydada seçkilərin keçirilməsi üçün normal şəraiti təmin etmir və bələdiyyə seçkiləri ərəfəsində sərbəst toplaşmaq azadlığı, siyasi fəaliyyət imkanları, söz və mətbuat azadlığına təminatla bağlı vəziyyət dəyişməyib.

SMDT narahatlıqla qeyd edir ki, 23 dekabr 2009-cu il bələdiyyə seçkilərinin ikinci mərhələsində siyasi fəallıq və seçkilərə ictimai maraq 2004-cü ildə keçirilmiş bələdiyyə seçkiləri ilə müqayisədə xeyli aşağı olub. Eyni zamanda yerli icra hakimiyyətləri seçkilərə qatılmaq istəyən müxalif siyasi partiya fəalları və yerli səviyyəli nüfuzlu şəxslərə təzyiqlər etməklə seçkilərdə rəqabətin süni olaraq azaldılmasına rəvac veriblər.
SMDT hesab edir ki, bələdiyyə seçkilərinin ikinci mərhələsində Mərkəzi Seçki Komissiyası bəzi hallarda, dairə seçki komissiyaları isə əksər hallarda seçkilərin qanunun tələblərinə uyğun təşkili ilə bağlı yetərli səylər nümayiş etdirməyib. Bununla yanaşı müvafiq seçki komissiyalarında hüquqları pozulan şəxslərin – namizədlər və seçicilərin şikayətlərinin ədalətli qaydada araşdırılması və təmin olunması baş verməyib.

SMDT qeyd edir ki, Azərbaycan seçki sisteminə vətəndaşların göstərdiyi inamsızlıq bələdiyyə seçkisində daha açıq şəkildə təzahür edib. Bunun əsas səbəblərdən biri bələdiyyələrin səlahiyyətlərinin aşağı olması, müstəqil yerli özünüidarəetmə institutu kimi formalaşmaması və yerli icra hakimiyyətlərindən asılı olmasıdır.

SMDT ümid edir ki, 23 dekabr 2009-cu ildə azad və ədalətli seçkilərin keçirilməsi naminə dövlət orqanları, seçki komissiyaları, qeydiyyata alınmış namizədlər, seçkiyə qatılan siyasi partiyalar, ictimai təşkilatlar və Kütləvi İnformasiya Vasitələri bələdiyyə seçkilərinin səsvermə günü azad seçki mühitinin yaradılması, söz və mətbuat azadlığının təmin olunması, habelə seçki prosesinə qanunsuz müdaxilələrin baş verməməsi ilə bağlı birgə səylər nümayiş etdirəcəklər.

II. GİRİŞ


SMDT 1 dekabr 2008-ci ildə qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri və üzvləri tərəfindən təsis edilib. Qeyd edək ki, 14 may 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin iddiası əsasında Xətai rayon məhkəməsi SMM-in qeydiyyatını qanunsuz olaraq ləğv edib.

SMDT Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, seçki sisteminin inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündə fəaliyyət göstərən bitərəf və təcrübəli qeyri-hökumət təşkilatıdır.
SMDT (keçmiş SMM) üzvləri 2001-2009-ci illərdə Azərbaycanda keçirilən əlavə və təkrar parlament seçkiləri, referen¬dum, parlament, prezident və bələdiyyə seçkilərini müşahidə edib. SMDT ümumilikdə 10 seçkinin monitorinqini həyata keçirib. Seçkilərin monitorinqi ilə bağlı SMDT üzvləri indiyədək 9 min nəfərdən artıq vətəndaşa təlim keçib və onların seçki komissiyalarında akkreditə olunmalarına hüquqi-texniki yardım edib.

Ölkədə keçirilən seçkilər ilə yanaşı SMDT nümayəndələri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ENEMO və digər beynəlxalq müşahidə missiyaları çərçivəsində Albaniya, Belarus, Norveç, Qırgızıstan, Qazaxıstan, Gürcüstan, Almaniya, Türkiyə, Ukrayna, Moldova, Əfqanıstan, Kosovada keçirilən parlament, prezident və yerli seçkiləri müşahidə ediblər.
SMDT ATƏT-ə üzv olan 17 dövlətdən 22 QHT-ni birləşdirən Seçkilərin Moni¬torinqi Təşkilatlarının Avropa Şəbəkəsinin (ENEMO) üzvüdür. ENEMO çərçivəsində təşkil olunan bütün tədbirlərdə və seçki müşahidə missiyalarında indiyədək SMDT-in 300-dən artıq üzvü və könüllüsü iştirak edib.

23 dekabr 2009-cu ildə keçiriləcək Bələdiyyə seçkisi ilə bağlı SMDT ölkə vətəndaşlarına fərdi qaydada müşahidəçilik üçün hüquqi-texniki yardım həyata keçib. Hazırda bələdiyyə seçkiləri ilə bağlı SMDT 1500 nəfər ölkə vətəndaşına Dairə Seçki Komissiyaları və Mərkəzi Seçki Komissiyası üzrə fərdi qaydada müşahidəçi kimi qeydiyyatdan keçməsinə hüquqi-texniki yardım edib, habelə onlara seçki hüququ ilə bağlı təlimlər keçib və həmin vətəndaşları zəruri metodik vəsaitlərlə təmin edib.

23 dekabr 2009-cu il bələdiyyə seçkiləri vaxtı rəsmi elan olunduqdan sonra SMDT uzunmüddətli müşahidəni ölkənin 118 seçki dairəsindən 96-da fərdi qaydada qeydiyyatdan keçmiş uzunmüddətli müşahidəçilər vasitəsilə həyata keçirməyə başlayıb. SMDT uzunmüddətli müşahidəni 23 dekabr 2009-cu il bələdiyyə seçkilərinin bütün mərhələləri – namizədlərin irəli sürülməsi və qeydiyyatı, təbliğat təşviqat kampaniyası, seçici siyahılarının dəqiqləşdirilməsi, seçki günü səsvermə və səsvermənin nəticələrinin hesablanması, habelə bələdiyyə seçkiləri dövründə hüquq pozuntularına dair şikayətlərin araşdırılması prosesi üzrə nəzərdə tutur.

SMDT Bələdiyyə seçkiləri ilə bağlı proqramını Böyük Britaniya hökuməti və Kanada səfirliyinin maddi-texniki dəstəyi ilə həyata keçirir.


III. SEÇKİQABAĞI SİYASİ MÜHİT

a) Hüquqi - siyasi mühit


23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərindən əvvəl Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009 tarixli sərəncamına əsasən respublika ərazisində olan bələdiyyələrin bir qismi birləşdirilib. Müvafiq sərəncamdan sonra bələdiyyələrin sayı 2757-dən 1718-ə qədər azaldılıb. Bu seçkilərdə həmçinin səlahiyyətləri 2011-ci ildə bitməli olan bələdiyyələr də iştirak edəcəklər. Xatırladaq ki, həmin bələdiyyələrə 6 oktyabr 2006-cı ildə növbədənkənar təkrar və əlavə seçkilər keçirilib.

Əvvəlki bələdiyyə seçkilərində (1999 və 2004-cü ildə) olduğu kimi bu seçkilərdə də Azərbaycan Respublikasının işğal olunmuş ərzilərindən olan məcburi köçkünlər səsvermədə iştirak edə bilməyəcklər. Bu səbəbdən respublika üzrə 125 seçki dairəsindən 118 seçki dairəsi hüdudlarında bələdiyyələrə seçkilər keçiriləcək.
23 dekabr 2009-cu ildə keçiriləcək Bələdiyyə seçkiləri əlavə və təkrar seçkilər də daxil olmaqla digər seçkilərdən qeydə alınmış namizədlər üçün dövlət tərəfindən maliyyə vəsaitinin ayrılmaması ilə fərqlənib.

SMDT hesab edir ki, bəzi siyasi təşkilatların 23 dekabr 2009-ci il bələdiyyə seçkilərində namizədlərinin az sayda olması seçici fəallığına mənfi təsir edə bilər. Eyni zamanda namizədlərin irəli sürülməsi və qeydiyyatı dövründə əsas müxalif siyasi partiyaların nümayəndələrinə qarşı baş vermiş təzyiqlər seçkiqabağı təşviqat kampaniyasında alternativsizlik mühiti yaradıb. Siyasi partiyaların bələdiyyə seçkilərində namizədlərin siyasi partiya və ya siyasi partiya bloklarının nümayəndələri kimi qeydiyyatı üçün tələb olunan sənədlərin çoxluğu da onların sayına təsir edib. Bunların nəticəsi olaraq seçkiqabağı təşviqat prosesi son bələdiyyə seçkisi ilə müqayisədə rəqabətsiz şəraitdə keçib.

SMDT-nin bələdiyyə seçkilərinin birinci və ikinci mərhələləri üzrə müşahidələri göstərir ki, siyasi hakimiyyət seçici fəallığına rəvac verəcək əsaslı tədbirlər həyata keçirməyib. Məsələn, qeydə alınmış namizədlərə maliyyə vəsaitinin ayrılmaması, seçkiqabağı təşviqat dövründə ictimai müzakirələr və görüşlərə şərait yaradılmaması təşviqat prosesinə mənfi təsir edib.

Bələdiyyə seçkilərində siyasi fəallığa mənfi təsir edən digər amil ölkədə indiyədək müstəqil və güclü səlahiyyətlərə malik yerli idarəetmə institutunun – bələdiyyələrin formalaşmasına kömək edəcək hüquqi-siyasi islahatların aparılmamasıdır. Eyni zamanda 18 mart 2009-cu il Referendum Aktında ölkə Konstitusiyasının 146-cı maddəsinə “bələdiyyələrin öz fəaliyyətləri barəsində Azərbaycan Respublikası Milli Məclisinə hesabat təqdim etməsi” haqqında bəndin əlavə edilməsi bələdiyyələrin müstəqilliyinin təminatını daha da məhdudlaşdırıb.

b) İnsan hüquqlarının vəziyyəti
15 dekabr 2009-cu ildə Naxçıvan şəhərində «Demokratiya və QHT-lərin İnkişafı» Resurs Mərkəzinin əməkdaşları İlqar Nəsibov və Vəfadar Eyvazov Naxçıvan Dövlət Universitetinin qarşısında sorğu keçirərkən Universitetin müəllim və bir qrup tələbələri tərəfindən fiziki təzyiqlərə məruz qalıblar. Xəsarət alan İlqar Nəsibov və Vəfadar Eyvazov polis idarəsinə müraciət etsələr də, polis onların şikayətlərinə baxmayıb. Zərərçəkən şəxslər tibbi ekpertiza üçün şəhər xəstəxanasına müraciət ediblər, ancaq onların müraciəti qəbul olunmayıb və tibbi yardım göstərilməkdən imtina edilib.
9 dekabr 2009-cu ildə Apellyasiya Məhkəməsi gənc bloqçular Adnan Hacızadə və Emin Millinin valideynlərinin şikayətini təmin etməyib. Hakim şikayətin əsassız olduğunu qeyd edərək Səbail Rayon Məhkəməsinin qətnaməsini qüvvəsində saxlayıb. Qeyd edək ki, 8 iyul 2009-cu il «Livan» restoranında baş verən münaqişədən sonra həbs edilən Adnan Hacızadə və Emin Milli xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunublar. 11 noyabr 2009-cu ildə Səbail Rayon Məhkəməsi gənc bloqçular, “OL” Gənclər Hərəkatının koordinatoru Adnan Hacızadəni 2 il, “Alumni Network” Gənclər Hərəkatının təsisçisi Emin Millini 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Yerli və beynəlxalq ictimaiyyət gənclərin ictimai fəaliyyətinə görə həbs edildiyini bildirib.
24 noyabr 2009-cu ildə Masallıda aksiya keçirilib. Aksiya iştirakçılarının əsas tələbi rayon icra başçısı Qəzənfər Ağayevin sifarişi ilə Masallı bələdiyyəsinə namizədlər Çingiz Həşimov və oğlu Yavər Həşimovun azad edilməsi olub. Xatırladaq ki, 16 noyabr 2009-cu ildə həbs edilən Çingiz Həşimov Masallıda Mərkəzi Bazarın rəhbəri və rayon bələdiyyəsinə namizəddir.
Bələdiyyə seçkiləri ərəfəsində yerli hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi şəxslər, o cümlədən “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirli, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin azad olunması barədə heç bir tədbirlər görülməyib.

SMDT seçkilər ərəfəsi və seçkilər dövründə ölkədə vətəndaşların sərbəst və dinc toplaşmaq azadlığının qorunması, söz və mətbuat azadlığına təminat yönündə müsbət dəyişikliklər qeydə almayıb, əksinə ölkədə əsas siyasi azadlıqların ciddi şəkildə pozulması halları müşahidə olunub.

c) Vətəndaş cəmiyyətinin vəziyyəti

Bələdiyyə seçkiləri ərəfəsində Ədliyyə Nazirliyi Azərbaycanda müstəqil və yerli seçki müşahidə təşkilatı olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzini (SMDT) qeydiyyata almaqdan imtina edib. SMDT 2009-cu ildə 2 dəfə sənədlərini dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim etsə də, nazirlik müxtəlif bəhanələrlə sənədləri icraata almadan geri qaytarıb. SMDT bununla bağlı yerli məhkəmələrə müraciət etsə də, məhkəmə Ədliyyə Nazirliyinin xeyrinə qərar çıxarıb. SMDT 3 dekabr 2009-cu ildə dövlət qeydiyyatına alınması üçün 3-cü dəfə Ədliyyə Nazirliyinə müraciət edib.

Bələdiyyə seçkilərində seçicilərin və vətəndaş cəmiyyəti təşkilatlarının fəal iştirakı yönündə mühüm tədbirlər baş verməyib. Seçki prosesinə ictimai marağın yaradılması, seçkiqabağı ictimai müzakirələr və seçicilərin məlumatlandırılması yönündə dövlət orqanları, seçki komissiyaları, yerli və beynəlxalq təşkilatların əsaslı fəaliyyəti müşahidə olunmayıb.

IV. SEÇKİ KOMİSSİYALARININ FƏALİYYƏTİ

a) Seçkilərin təşkili


Bələdiyyə seçkilərinin ikinci mərhələsi – seçkiqabağı təşviqat prosesi dövründə Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyəti əvvəlki mərhələdən fərqlənib. Namizədlərin irəli sürülməsi və qeydiyyatı dövrü ilə müqayisədə ikinci mərhələdə MSK müşahidəçilərin qeydiyyatı və şikayətlərin araşdırılması zamanı müsbət mövqe nümayiş etdirməyib. Belə ki, şikayətlərin bəzilərini baxılmamış saxlayıb və müşahidəçilərin qeydiyyatında isə gecikmələr olub. MSK-nın iclaslarında iştirak etmək istəyən müşahidəçilərin müraciətinə müsbət reaksiya verilsə də, həmin şəxslər mütəmadi olaraq iclaslara dəvət olunmayıb.
Dairə Seçki Komissiyalarında (DSK) qeydiyyatdan keçmək istəyən namizədlərə və müşahidəçilərə süni əngəllər yaradılıb. Dairə seçki komissiyaları namizədləri qeydə alınması və ya qeydiyyatdan imtina barədə qərarın surətini 24 saat müddətində verməli olduğu halda, qərarların surəti bəzən 10 gün gec verilib. SMDT-nın araşdırmaları göstərir ki, bunun əsas məqsədi namizədlərin yuxarı seçki komissiyasına şikayət vermək üçün müddətini süni olaraq gecikdirmək olub. Bəzi DSK-da müşahidəçi olmaq istəyən şəxslərin ərizələrinə 2 gün ərzində baxılmalı olduğu halda 7-8 gün ərzində baxılıb. Bu da müşahidəçilərin sayına mənfi təsir edib.

Seçki Məcəlləsinin 225-ci maddəsinə uyğun olaraq seçki komissiyaları bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün namizədlərə maliyyə vəsaiti ayırmalıdır. Ancaq MSK 23 dekabr 2009-cu il bələdiyyə seçkiləri üçün Maliyyə Nazirliyinin müvafiq vəsaiti ayırmadığını qeyd edərək, qeydə alınmış namizədlərin maliyyə vəsaiti ilə təmin edilməsini təşkil etməyib. Qeyd edək ki, maliyyə çatışmazlığı maddi imkanları aşağı olan namizədlərin seçkiqabağı təşviqatda zəif iştirak etməsinə və ya heç iştirak etməməsinə səbəb olub.

b) Seçki şikayətlərinin araşdırılması


Seçkiqabağı kampaniya dövründə vətəndaşların seçki hüququnu pozan hərəkətlərindən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində Ekspert Qrupu yaradılıb. Ancaq seçkiqabağı təşviqat üzrə müşahidələr göstərir ki, Ekspert Qrupunun fəaliyyəti qənaətbəxş olmayıb.
Məsələn, Ümid Partiyası bələdiyyə seçkilərində 103 nəfərin namizədliyinin qanunsuz olaraq qeydə alınmadığını iddia edərək, MSK-ya müraciət edib. Ancaq MSK-nın tərkibində fəaliyyət göstərən Ekspert Qrupu partiyanın ərizələrindən 21-nə baxıb və onlardan yalnız 11-i barəsində müsbət qərar verib. Digər 82 ərizənin isə MSK-ya daxil olması inkar edilib. Ümid Partiyasının nümayəndələri bu hallarla MSK-nın fəaliyyətindən Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. 16 dekabr 2009-cu ildə Bakı Apellyasiya Məhkəməsində MSK-nın qərar və hərəkətində (hərəkətsizliyindən) şikayətçi olan 40 saylı Kəpəz ikinci seçki dairəsindən namizəd İsmayılov Nadir, 114 saylı Şəki kənd birinci seçki dairəsindən namizədlər Abdurrahmanov Bəylər və Hacıbabayev Cavanşir, 84 saylı Füzuli seçki dairəsindən namizədlər Qasımov İlham və Qasımov Ayazın şikayətlərinə Ümid Partiyasının nümayəndələrinin iştirakı ilə baxılıb və heç bir şikayət təmin olunmayıb. Bununla yanaşı ANS və ATV telekanallarının jurnalistlərinə prosesi işıqlandırmaq üçün icazə verilməyib.

Seçki Məcəlləsin 112-ci maddəsinə əsasən vətəndaşlar seçki pozuntularından yuxarı seçki komissiyalarına 3 gün müddətində şikayət verə bilərlər. Ancaq MSK-ya təqdim olunan şikayətlər bəzi hallarda araşdırılmayıb. Məsələn, Müsavat Partiyası üzvlərinə Bərdə şəhərində olan təzyiqlərlə bağlı MSK-ya şikayətlə müraciət etsə də, MSK-nın Ekspert Qrupu şikayətin onun səlahiyyətlərinə aid olmamasını əsas gətirərək baxılmaq üçün qəbul etməyib.
Həmçinin MSK-ya seçici imzalarının toplanması zamanı polis orqanları və yerli icra hakimiyyəti orqanları nümayəndələrinin müdaxilələri, o cümlədən dairə seçki komissiyalarının fəaliyyəti ilə bağlı şikayətlər təqdim olunub. Məsələn, Ağdam rayonu Böyük Bəhmənli kənd sakini Əliyeva Gülşən Ərşad qızı, Sabirabad rayonu Qalağayın kənd sakini Əliquliyev Elxan Hacı oğlu, İsmayıllı rayonu Tircan kənd sakini Abdulov Mirzalı Fərzalı oğlu və digər şəxslərin MSK-ya ünvanlanan şikayətlərə müvafiq müddətdə cavab bildirilməyib.

V. SEÇİCİ SİYAHILARININ VƏZİYYƏTİ

Seçki Məcəlləsinin 48-ci maddəsinə əsasən seçici siyahısı seçki gününə ən azı 35 gün qalmış (18 noyabr 2009-cu ildən etibarən) seçicilərin tanış olması, bəzi əlavə və dəqiqləşdirmələr aparılması məqsədilə müvafiq seçki məntəqələrində asılmalıdır.

SMDT ilə əməkdaşlıq edən müşahidəçilər müxtəlif seçki dairələrinin 30 seçki məntəqəsində seçki siyahılarının dəqiqləşdirilməsi prosesini müşahidə ediblər. Seçici siyahılarının vəziyyəti ilə bağlı müşahidəçilər seçici siyahılarının müvafiq seçki məntəqələrinin ərazisində qanunla müəyyən edilmiş vaxtda asılmadığını müşahidə edib. Məsələn, noyabrın 23-dək 63 saylı Sabirabad birinci seçki dairəsinin 1, 2, 3, 6 və 7 saylı məntəqələrində, noyabrın 21-dək 30 saylı Suraxanı birinci seçki dairəsinin 10, 11 saylı seçki məntəqələrində, noyabrın 25-dək 64 saylı Sabirabad ikinci seçki dairəsinin 35, 36, 37, 38, 39, 40 saylı məntəqələrində seçici siyahıları asılmayıb.

SMDT bəzi seçki məntəqələrində seçici siyahılarının 15 oktyabr 2008-ci ildə keçirilmiş prezident seçkilərindən sonra yenilənmədiyini müəyyən edib. Məsələn, 49 saylı Mingəçevir-Yevlax seçki dairəsinin 19 saylı seçki məntəqəsinin ərazisindən qeydiyyatdan çıxıb 22 saylı seçki məntəqəsi ərazisinə köçən Məmmədov Vahid Sevindik oğlu və Paşayeva Hamar Bəhmən qızının adı hər iki seçki məntəqəsinin seçici siyahılarına daxil edilib.

VI. SEÇKİQABAĞI TƏŞVİQAT KAMPANİYASI ÜZRƏ MÜŞAHİDƏLƏR


25 noyabr 2009-cu ildən etibarən seçkiqabağı təbliğat-təşviqat kampaniyasına start verilib və bu proses 22 dekabr 2009-cu il saat 08.00-dək davam edəcək.
118 dairə seçki komissiyalarında 1718 bələdiyyəyə qeydə alınmış 31853 namizəd bu mərhələdə seçkiqabağı təbliğat aparmaq hüququ əldə ediblər. Qeydiyyatdan keçmiş namizədlərdən 15388 nəfəri Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri və 14647 namizəd isə bitərəfdi. Qalan çox az namizəd isə (1818 nəfər) digər əsas müxalif siyasi partiyaları təmsil edir. Qeydə alınmış namizədlərin təxminən 55 faizi YAP-ın üzvləri olduğu üçün bir çox bələdiyyələrdə rəqabət ancaq YAP-nın namizədləri arasında gedib. SMDT təəsüflə qeyd edir ki, bəzi bölgələrdə rayon icra hakimiyyəti nümayəndələri fəal seçki kampaniyası aparan şəxslərə, o cümlədən YAP-nın nümayəndələrinə təzyiqlər edərək, onların öz namizədliklərini geri götürməsini tələb ediblər. Bununla da seçki prosesinə yerli icra hakimiyyətlərinin qanunsuz müdaxilələri və seçkidə rəqabət şəraitinin məhdudlaşdırılması baş verib.

Seçki Məcəlləsinin 80.1-ci maddəsinə görə ölkə üzrə bələdiyyələrinin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiya və siyasi partiyalar blokunun pulsuz efir vaxtı almaq hüququ var. 23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərində isə bu imkanı yalnız hakim Yeni Azərbaycan Partiyası əldə edib. Digər siyasi partiyaların bu imkandan məhrum olması seçkiqabağı təşviqat mərhələsində rəqabət mühitinin zəifləməsi və seçicilərin alternativ seçim imkanlarının məhdudlaşmasına rəvac verib.

Bələdiyyə seçkilərinin bu mərhələsində seçki prosesinin gedişi ilə bağlı Bakının Nardaran kənd sakinləri adından etiraz bəyanatları yayılıb. Kəndin bir sıra nüfuzlu şəxsləri bəyan ediblər ki, 11 yer üçün qeydə alınmış 15 namizəddən 8-i YAP-ın üzvü və 7-sı bitərəfdir. Ancaq namizədlərin qeydiyyatı dövründə bəzi kənd sakinlərinin namizədliyi süni bəhanələr gətirilərək qeydə alınmayıb. Qeyd edək ki, kənd sakinlərinin qeydə alınmış namizədləri qəbul etmədiyi üçün 4 nəfəri öz namizədliklərini geri götürüb. Bununla da 11 yer uğrunda 11 nəfər namizəd rəqabət aparmalı olub.
Xatırladaq ki, Nardaranda indiyədək bələdiyyə seçkiləri keçirilməyib və hazırda bəzi kənd sakinləri seçkilərdə iştirak etməyəcəklərini bildiriblər.


SMDT ilə əməkdaşlıq edən müşahidəçilər seçkiqabağı təşviqat kampaniyası zamanı aşağıdakı növ qanun pozuntularını qeydə alıblar:


• 24 noyabr 2009-cu ildə 105 saylı Tovuz seçki dairəsinin 2 saylı məntəqəsində Yeni Azərbaycan Partiyasının bayraq, plakatları və Yeni Azərbaycan Partiyası “dünənin bu günün partiyası” adında stend asılıb. Təbliğat-təşviqat kampaniyası 25 noyabr 2009-cu ildə başladığı üçün qeyd olunan hadisə Seçki Məcəlləsinin 75.2-ci maddəsinin tələblərinə ziddir.

• Şamaxının Nüydi kənd sakini, YAP-ın yerli şöbəsinin müdiri Həsən İsgəndərov bələdiyyə üzvlüyünə namizədliyini 85 saylı Şamaxı seçki dairəsindən irəli sürüb. Həsən İsgəndərovun sözlərinə görə, namizədliyini irəli sürəndən bir neçə gün sonra Şamaxı İcra Hakimiyyətinin nümayəndələri onu çağıraraq namizədliyini geri götürməyi tələb ediblər.

• 13 dekabr 2009-cu ildə 60 saylı Salyan-Neftçala Dairə Seçki Komissiyasından namizədliyi qeydə alınan Noxudlu kənd bələdiyyəsinə namizəd, Demokrat Partiyasının üzvü Xudayev Məhərrəm Xudaverdi oğlu atasına və yaxın qohumlarına təzyiqlər edildikdən sonra namizədliyini geri götürməyə məcbur olub.

• 63 saylı Sabirabad birinci seçki dairəsində Qalağayın kənd bələdiyyəsinə namizədliyi qeydə alınan, YAP-ın üzvü Əbilov Əhmədağa Əliağa oğluna namizədliyini geri götürməsi üçün rayon icra hakimiyyəti nümayəndələri və dairə seçki komissiyasının sədri Nuriyev Məstalı Əlipaşa oğlu tərəfindən təzyiqlər olmasına baxmayaraq, namizədliyini geri götürməyib. 18 dekabr 2009-cu ildə dairənin sədri Məstalı Nuriyev namizəd Əhmədağa Əbilovun müvafiq dairənin 15 saylı seçki məntəqəsində müşahidəçisi olacaq Abdulağa Mahmudovu dairəyə çağıraraq, onun müşahidəçi vəsiqəsini alıb və qanunsuz olaraq ləğv edib. Xatırladaq ki, müşahidəçinin qeydiyyatını ancaq məhkəmə ləğv edə bilər.

• 15 dekabr 2009-cu ildə 60 saylı Salyan-Neftçala seçki dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi Qaraçala qəsəbə bələdiyyəsinə irəli sürülən Kərim Ağarzayevə təbliğat-təşviqat aparmaması üçün Qaraçala qəsəbəsinin icra nümayəndəsi Əliyoldaş Hüseynov tərəfindən təzyiqlər edib.

• Gəncə şəhərində namizədlikləri qeydə alınan Müsavat Partiyasının üzvlərinə müvafiq ərazi polisləri tərəfindən təzyiqlər olunub. Müəyyən səbəbdən şəhərdə olmayan namizədlərin tapılması üçün yerli Mənzil İstismar Sahələrinin (MİS) işçilərinə həmin şəxslərin tapılması və inzibati orqanlara cəlb edilməsində onlara kömək etmələri tapşırılıb.

• 11 dekabr 2009-cu ildə 59 saylı Salyan dairə seçki komissiyasında Arbatan kənd bələdiyyəsinə namizədlikləri qeyd alınan YAP-ın üzvü Natiq İsayeva təzyiqlər olub. YAP-ın üzvü Natiq İsayevi Arbatan kənd sahə müvəkkili Zahid İsmayılov onu kənd icra nümayəndəsi Akif Səfərovun otağına dəvət edərək namizədliyini geri götürməyi tələb edib və ona bildiriblər ki, Arbatan bələdiyyəsinə seçiləcək 11 nəfər namizədin adı məlumdur. Arbatan bələdiyyəsinə bitərəf namizəd İlham İsmayılova da namizədliyini geri götürmək üçün eyni şəxslər tərəfindən təzyiqlər olub

• Cəlilabad bələdiyyəsi üçün seçkilər keçirəcək 67 saylı seçki dairəsinin 14 seçki məntəqəsi üzrə məlumat lövhələrində namizədlər haqqında məlumatlar asılmayıb. Yalnız YAP-nın üzvləri olan Habil Quliyev, Əlheydər Əsədov, Kamil Quliyev və Ələkbər Əliyev haqqında məlumatlar Cəlilabad rayonun mərkəzində telefon təmiri dükanın üzərinə vurulub.

• 107 saylı Qazax seçki dairəsindən Daşsalahlı bələdiyyəsinə namizədliyi Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülən İlqar Mustafayevə yerli icra orqanın nümayəndəsi tərəfindən namizədliyini geri götürəcəyi halda ona iki maşın daş və bir maşın qum verəcəklərini bildirib.

• 17 dekabr 2009-cu ildə 63 saylı Sabirabad birinci seçki dairəsinin binası qarşısında bir nəfər polis işçisi dayanaraq dairəyə müşahidəçi kimi qeydiyyatdan keçmək üçün müraciət edən vətəndaşları və dairəyə daxil olmaq istəyən namizədləri buraxmayıblar. Polis işçisi vətəndaşlara bildirib ki, Mərkəzi Seçki Komissiyasından bülletenlər gətirilib, dairədə onları sayırlar. Qeyd edək ki, Seçki Məcəlləsinin 99.6-cı maddəsinə görə dairələrə bülletenləri 19 dekabr 2009-cu il tarixdə göndərilməlidir.


VII. NƏTİCƏLƏR VƏ TÖVSİYYƏLƏR

SMDT daxil olan məlumatları təhlil edərək, 23 dekabr 2009-cu ildə keçiriləcək Bələdiyyə seçkilərinin seçkiqabağı təşviqat mərhələsi üzrə aşağıdakı nəticələrə gəlib:


• Ölkədə bələdiyyə seçkiləri qabağı siyasi mühit azad və demokratik qaydada seçkilərin keçirilməsi üçün normal şəraiti təmin etməyib. Bələdiyyə seçkiləri ərəfəsində sərbəst toplaşmaq azadlığı, siyasi fəaliyyət imkanları, söz və mətbuat azadlığının təmin olunması yönündə dəyişikliklər baş verməyib.
• Yuxarı seçki komissiyalarında şikayətlərin baxılması və araşdırılması ədalətli və qanunla müəyyən edilmiş müddətdə baş verməyib;
• Seçki komissiyalarında yerli müşahidəçilərin qeydiyyatı və fəaliyyəti əvvəlki mərhələ ilə müqayisə də məhdudiyyətlərlə müşayiət olunub;
• Seçici siyahılarının dəqiqləşdirilməsi üçün seçki məntəqələrində siyahıların açıq yerlərdə yerləşdirilməsi bəzi seçki komissiyalarında müşahidə olunmayıb, bəzi MnSK-lar ötən 1 il ərzində seçici siyahılarında yenilənmə və dəqiqləşdirmə həyata keçirməyib;
• Dairə və Məntəqə Seçki Komissiyalarının fəaliyyətində davamiyyət olmayıb;
• Müxalif siyasi partiyaların nümayəndələri, o cümlədən yerli səviyyəli nüfuzlu şəxslərin namizədliyinin qeydiyyata alınmaması nəticəsində 23 dekabr 2009-cu bələdiyyə seçkisi rəqabətsiz şəraitdə keçərək, seçicilərin alternativ seçim imkanları məhdudlaşıb;
• Seçkiqabağı təşviqat prosesi çox zəif keçib və bu prosesə bir çox hallarda yerli icra hakimiyyətlərinin qanunsuz müdaxilələri və namizədlərə təzyiqləri rəvac verib.

SMDT-nin 23 dekabr 2009-cu il bələdiyyə seçkilərinin növbəti mərhələsi – seçki gününə hazırlıqla bağlı aşağıdakıları tövsiyə edir:

• Seçki komissiyaları seçki günü də daxil olmaqla seçici siyahılarının dəqiqləşdirilməsi üzrə seçicilərə maneəsiz və normal şərait yaratmalıdır;
• Seçki komissiyaları əmin olmalıdırlar ki, seçki iştirakçılarına təzyiqlərin baş verməməsi üçün müvafiq şərait yaradılıb;
• Seçkiqabağı təşviqat prosesində baş vermiş hüquq pozuntularına görə müvafiq şəxslər məsuliyyətə cəlb olunmalıdır;
• Seçki günü səsvermə və səslərin sayılması prosesinə yerli icra orqanların və digər strukturların kənar müdaxilələrinin qarşısının alınması üçün hökumət siyasi iradə nümayiş etdirməlidir.

No comments:

Post a Comment