Thursday, December 24, 2009

Belediyye Seckilerinin ilkin neticelere dair SMDT Ilkin Beynati






I. Xülasə

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafına çalışan müstəqil, tərəfsiz qeyri-hökumət təşkilatıdır. SMDT hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi ölkədə demokratik ənənələrin inkişafına, vətəndaşların rifahının yüksəlməsinə və insan hüquqlarının müdafiəsinə töhfə verəcək.

Bu bəyanat 23 dekabr 2009-cu ildə keçirilmiş Bələdiyyə seçkilərini müşahidə etmək üçün seçki komissiyalarında qeydiyyatdan keçmiş və SMDT ilə əməkdaşlıq edən bitərəf müşahidəçilərin məlumatları əsasında hazırlanıb. SMDT ilə əməkdaşlıq edən müşahidəçilər 23 dekabr 2009-cu ildə bələdiyə seçkilərinin keçirildiyi 118 seçki dairəsi üzrə 711 seçki məntəqəsindən monitorinq aparıblar.

SMDT 23 dekabr 2009-cu ildə bələdiyyə seçkilərinin keçirilməsi barədə rəsmi qərarın elan olunmasından başlayaraq, seçkilərə hazırlıq, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqat prosesləri üzrə Uzunmüddətli müşahidəçiliyi həyata keçirib1. Bu mərhələlərdə SMDT seçki komissiyalarında fərdi qaydada qeydiyyatdan keçmiş 96 nəfər müşahidəçi vasitəsilə 111 seçki dairəsi və milli səviyyədə uzunmüddətli müşahidə aparıb.

SMDT təəssüflə qeyd edir ki, Azərbaycan xalqının həqiqi iradəsinin ifadə edilməsi və seçkiyə ictimai marağın təmin olunması üçün bələdiyyə seçkilərinin keçirildiyi dövrdə fəal ictimai-siyasi müzakirələr və seçicilərin geniş ictimai məlumatlandırması baş verməyib. Buna rəvac verən əsas səbəblərdən biri ölkədə sərbəst toplaşmaq azadlığı, söz və mətbuat azadlığı və birləşmək hüququnun təmin olunmaması olub.

Namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsi bir çox seçki dairələrində yerli icra hakimiyyətlərinin seçki prosesinə qanunsuz müdaxilələri ilə müşayiət olunub. Yerli səviyyəli nüfuzu şəxslər, o cümlədən müxalif siyasi partiya təmsilçilərinin namizədliyinin qeydiyyata alınmaması üçün süni əngəllər yaradılıb. SMDT hesab edir ki, yerli icra hakimiyyətləri və bəzi dairə seçki komissiyaları ölkə üzrə namizdlərin yarısının, habelə siyasi mənsubiyyəti olan namizədlərin böyük çoxluğunun Yeni Azərbaycan Partiyasından olmasında xüsusi fəallıq göstərib. Bununla da ölkədə seçicilərin alternativ seçim imkanlarının məhdudlaşdırılması, ədalətli siyasi rəqabət şəraitinin yaradılmaması və yerli idarətmə orqanlarında hakim siyasi partiyanın üstünlüyünün önəcədən təmin olunmasına çalışılıb.

SMDT bildirir ki, bələdiyyə seçkilərinin təbliğat-təşviqat mərhələsi yerli və milli səviyyəli ictimai müzakirələr olmadan sönük seçki kampaniyası ilə müşayiət olunub. Seçkiqabağı təşviqat müddətində (25 noyabr-22 dekabr 2009-cu il) çox az sayda namizəd təşviqat aparıb və bununla da namizdlərin, siyasi partiyalar və seçicilərin seçki prosesinə cəlb olunması və geniş ictimai məlumatlanma baş vermyib.

Bələdiyyə seçkiləri günü SMDT ilə əməkdaşlıq edən müşahidəçilər seçki məntəqələrinin açılışı zamanı çox az sayda pozuntular qeydə alıblar. Seçki məntəqələrinin təşkili əsasən qanunun tələblərinə uyğun qurulub.

SMDT səsvermə prosesi zamanı müşahidənin aparıldığı seçki məntəqələrinin əksəriyyətində ciddi qanun pozuntularının baş verdiyini müəyyən edib. Bu qanun pozuntularına bir şəxsin bir-neçə dəfə səs verməsi, seçicilərin qrup halında məntəqəyə gətirilməsi, adı seçici siyahısında olmayan insanların səsvermədə iştirakı və seçki bülletenlərinin topa halında qutulara atılması daxildir.

SMDT əvvəlki seçkilər dövründə olduğu kimi, 23 dekabr 2009-cu il bələdiyyə seçkilərinin hazırlıq və seçkiqabağı təşviqat mərhələlərində, habelə seçki günü inzibati resurslardan istifadə və seçki iştirakçılarına təzyiq hallarını müşahidə edib.



SMDT bələdiyyə seçkiləri günü seçici fəallığına dair məlumatların bəzi seçki məntəqələrində süni olaraq şişirdildiyini və seçici fəallığının real səviyyəsinin 17-18 faiz olduğunu qeydə alıb.

SMDT hesab edir ki, səsvermə günü də daxil olmaqla ümumi seçki mühitində baş verən çatışmazlıqlar və ciddi qanun pozuntularına əsasən 23 dekabr 2009-cu il bələdiyyə seçkiləri Azərbaycan Respublikası qanunlarının kobud qaydada pozulması halları ilə müşayiət olunaraq baş vermiş və bu seçkilər azad, demokratik və ədalətli hesab edilə bilməz.

II. Gİrİş

SMDT 1 dekabr 2008-ci ildə qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri və üzvləri tərəfindən təsis edilib. Qeyd edək ki, 14 may 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin iddiası əsasında Xətai rayon məhkəməsi SMM-in qeydiyyatını qanunsuz olaraq ləğv edib.

SMDT Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, seçki sisteminin inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündə fəaliyyət göstərən bitərəf və təcrübəli qeyri-hökumət təşkilatıdır.

SMDT (keçmiş SMM) üzvləri 2001-2009-ci illərdə Azərbaycanda keçirilən əlavə və təkrar parlament seçkiləri, referendum, parlament, prezident və bələdiyyə seçkilərini müşahidə edib. SMDT ümumilikdə 10 seçkinin monitorinqini həyata keçirib. Seçkilərin monitorinqi ilə bağlı SMDT üzvləri indiyədək 9 min nəfərdən artıq vətəndaşa təlim keçib və onların seçki komissyialarında akkreditə olunmalarına hüquqi-texniki yardım edib.

Ölkədə keçirilən seçkilər ilə yanaşı SMDT nümayəndələri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ENEMO və digər beynəlxalq müşahidə missiyaları çərçivəsində Albaniya, Belarus, Norveç, Qırgızıstan, Qazaxıstan, Gürcüstan, Almaniya, Türkiyə, Ukrayna, Moldova, Əfqanıstan, Kosovada keçirilən parlament, prezident və yerli seçkiləri müşahidə ediblər.

SMDT ATƏT-ə üzv olan 17 dövlətdən 22 QHT-ni birləşdirən Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsinin (ENEMO) üzvüdür. ENEMO çərçivəsində təşkil olunan bütün tədbirlərdə və seçki müşahidə missiyalarında indiyədək SMDT-in 300-dən artıq üzvü və könüllüsü iştirak edib.

23 dekabr 2009-cu ildə keçiriləcək Bələdiyyə seçkisi ilə bağlı SMDT ölkə vətəndaşlarına fərdi qaydada müşahidəçilik üçün hüquqi-texniki yardım həyata keçirib. Bələdiyyə seçkiləri ilə bağlı SMDT 1442 nəfər ölkə vətəndaşına Dairə Seçki Komissiyaları və Mərkəzi Seçki Komissiyası üzrə fərdi qaydada müşahidəçi kimi qeydiyyatdan keçməsinə hüquqi-texniki yardım edib, habelə onları zəruri metodik vəsaitlərlə təmin edib.

23 dekabr 2009-cu il bələdiyyə seçkiləri vaxtı rəsmi elan olunduqdan sonra SMDT uzunmüddətli müşahidəni ölkənin 118 seçki dairəsindən 111-də 96 nəfər fərdi qaydada qeydiyyatdan keçmiş uzunmüddətli müşahidəçilər vasitəsilə həyata keçirməyə başlayıb. SMDT uzunmüddətli müşahidəni 23 dekabr 2009-cu il bələdiyyə seçkilərinin bütün mərhələləri – namizədlərin irəli sürülməsi və qeydiyyatı, təbliğat təşviqat kampaniyası, seçici siyahılarının dəqiqləşdirilməsi, seçki günü səsvermə və səsvermənin nəticələrinin hesablanması, habelə bələdiyyə seçkiləri dövründə hüquq pozuntularına dair şikayətlərin araşdırılması prosesi üzrə nəzərdə tutur.

SMDT Bələdiyyə seçkiləri ilə bağlı proqramını Böyük Britaniya hökuməti və Kanada səfirliyinin maddi-texniki dəstəyi ilə həyata keçirir.

II. SeçkiQABAĞI Sİyasİ Mühİt

a) Siyasi proseslər

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, bələdiyyə seçkilərini səsvermə gününə 75 gün qalmış elan edib. Bununla da 23 dekabr 2009-cu il bələdiyyə seçkiləri rəsmi olaraq 8 oktyabr 2009-cu ildə başlayıb.

SMDT hesab edir ki, bəzi siyasi təşkilatların 23 dekabr 2009-ci il bələdiyyə seçkilərində namizədlərinin az sayda olması seçici fəallığına mənfi təsir edib. Eyni zamanda namizədlərin irəli sürülməsi və qeydiyyatı dövründə əsas müxalif siyasi partiyaların nümayəndələrinə qarşı baş vermiş təzyiqlər2 seçkiqabağı təşviqat kampaniyasında rəqabətsizlik mühiti yaradıb və seçicilərin alternativ seçim imkanlarını məhdudlaşdırıb. Siyasi partiyaların bələdiyyə seçkilərində namizədlərin siyasi partiya və ya siyasi partiya bloklarının nümayəndələri kimi qeydiyyatı üçün tələb olunan sənədlərin çoxluğu3 da onların sayına təsir edib. Bunun nəticəsi olaraq bələdiyyə seçkilərində iştirak edən müxalif siyasi partiyaların namizədlərinin sayı ümumi namizədlərinin sayının 10 faizi qədər olaub.

SMDT-nin bələdiyyə seçkilərinin birinci və ikinci mərhələləri üzrə müşahidələri göstərir ki, seçici fəallığının artırılması və seçicilərin məlumatlandırılması yönündə əsaslı tədbirlər həyata keçirməyib. Eyni zamanda qeydə alınmış namizədlərə maliyyə vəsaitinin ayrılmaması, seçkiqabağı təviqat dövründə ictimai müzakirə və görüşlərə şərait yaradılmaması təşviqat prosesinə mənfi təsir edib.



c) İnsan hüquqları və vətəndaş cəmiyyətinin vəziyyəti

Bələdiyyə seçkiləri dövründə insan hüquqları və vətəndaş cəmiyyətinin vəziyyətində dəyişikliklər baş verməyib. Vətəndaş cəmiyyəti təşkilatları və fəallarına qarşı seçki öncəsi müşahidə olunan təzyiqlər və məhdudiyyətlər yenəqeydə alınıb.

15 dekabr 2009-cu ildə Naxçıvan şəhərində «Demokratiya və QHT-lərin İnkişafı» Resurs Mərkəzinin əməkdaşları İlqar Nəsibov və Vəfadar Eyvazov Naxçıvan Dövlət Universitetinin qarşısında sorğu keçirərkən Universitetin müəllim və bir qrup tələbələri tərəfindən fiziki təzyiqlərə məruz qalıblar. Xəsarət alan İlqar Nəsibov və Vəfadar Eyvazov polis idrəsinə müraciət etsələr də, polis onların şikayətlərinə baxmayıb. Zərərçəkən şəxslər tibbi ekpertiza üçün şəhər xəstəxanasına müraciər ediblər, ancaq onların müraciəti qəbul olunmayıb və tibbi yardım göstərilməkdən imtina edilib.

9 dekabr 2009-cu ildə Apellyasiya Məhkəməsi gənc bloqçular Adnan Hacızadə və Emin Millinin valideynlərinin şikayətini təmin etməyib. Hakim şikayətin əsassız olduğunu qeyd edərək Səbail Rayon Məhkəməsinin qətnaməsini qüvvəsində saxlayıb. Qeyd edək ki, 8 iyul 2009-cu il «Livan» restoranında baş verən münaqişədən sonra həbs edilən Adnan Hacızadə və Emin Milli xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunublar. 11 noyabr 2009-cu ildə Səbail Rayon Məhkəməsi gənc bloqçular, “OL” Gənclər Hərəkatının koordinatoru Adnan Hacızadəni 2 il, “Alumni Network” Gənclər Hərəkatının təsisçisi Emin Millini 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Yerli və beynəlxalq ictimaiyyət gənclərin ictimai fəaliyyətinə görə həbs edilidyini bildirib.

Bələdiyyə seçkiləri ərəfəsində Ədliyyə Nazirliyi Azərbaycanda müstəqil və yerli seçki müşahidə təşkilatı olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzini (SMDT) qeydiyyata almaqdan imtina edib. SMDT 2009-cu ildə 2 dəfə sənədlərini dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim etsə də, nazirlik müxtəlif bəhanələrlə sənədləri icraata almadan geri qaytarıb. SMDT bununla bağlı yerli məhkəmələrə müraciət etsə də, məhkəmə Ədliyyə Nazirliyinin xeyrinə qərar çıxarıb. 17 dekabr 2009-cu ildə Bakı Apellyasiya Məhkəməsi Yasamal rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.SMDT 3 dekabr 2009-cu ildə dövlət qeydiyyatına alınması üçün 3-cü dəfə Ədliyyə Nazirliyinə müraciət edib.

Ədliyyə Nazirliyi həmçinin 18 noyabr 2009-cu ildə “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” İctimai Birliyinini qeydiyyata almaqdan imtina edib.

III. SEÇKİqabağı vəzİyyət

a) Seçki komissiyalarının fəaliyyəti

Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin təşkili ilə bağlı üzərinə düşən vəzifələri əsasən qanunla müəyyən edilmiş müddətdə həyata keçirib. Seçkilərə hazırlıqla bağlı MSK bir neçə təlimatı və seçki sənədlərini təsdiq edib.

Namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsində, müşahidəçilərin qeydiyyatı prosesində, təbliğat-təşviqat prosesində seçki komissiyalarının qanuna uyğun fəaliyyətlərində ciddi nöqsanlar olub. MSK-nın müşahidəçilərin qeydiyyatı və şikayətlərin araşdırılması zamanı fəaliyyəti bir cox hallarda qanuna adevkat olmayıb. Belə ki, bəzi şikayətlər baxılmamış saxlanılıb və müşahidəçilərin qeydiyyatında isə gecikmələr olub.

MSK-nın iclaslarında iştirak etmək istəyən müşahidəçilərin müraciəti təmin edilsə də, həmin şəxslər mütamadi olaraq iclaslara dəvət olunmayıb və bununla da MSK-nın fəaliyyətində aşkarlığa tam şərait yaradılmayıb.

Dairə Seçki Komissiyalarında (DSK) qeydiyyatdan keçmək istəyən namizədlərə və müşahidəçilərə süni əngəllər yaradılıb. Dairə Seçki Komissiyaları namizədləri qeydə alınması və ya qeydiyyatdan imtina barədə qərarın surətini 24 saat müddətində4 verməli olduğu halda, qərarların surəti bəzən 10 gün gec verilib. Bununla da namizədlərin yuxarı seçki komissiyasına şikayət vermək üçün olan müddətdən istifadə edə bilməyib. Bəzi DSK-larda müşahidəçi olmaq istəyən şəxslərin ərizələrinə 2 gün ərzində5 baxılmalı olduğu halda 7-8 gün ərzində baxılaraq, müşahidəçilərin sayının az olmasına çalışılıb.

b) Namizədlərin irəli sürülməsi və qeydiyyatı

Bələdiyyə seçkiləri üzrə namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi 8 oktyabr 2009-cu ildə başlayıb və 23 noyabr 2009-cu ilədək davam edib.

Rəsmi məlumata görə 23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərində 35 076 nəfərin namizədliyi təsdiq edilib. Dairə Seçki Komissiyaları 3215 nəfərin namizədliyini qeydə almaqdan imtina edib və 31 min 861 namizəd qeydə alınıb. Bu namizədlər 1718 bələdiyyədə olan 15 682 bələdiyyə üzvlüyünə iddia edib.


Seçkilərdə iştirak edən namizədlərin partiya mənsubiyyətinə gəldikdə onların 17 688-i Yeni Azərbaycan partiyası (YAP), 2460 nəfər isə digər 29 siyasi partiyanın nümayəndələridir.

Seçkilərə 11 331 nəfər bitərəf qatılıb. Namizədlərin 382 nəfəri isə partiya mənsubiyyətini göstərməyib.

Göründüyü kimi, siyasi partiyalar arasında YAP üzvləri qeydə alınmış namizədlər arasında böyük çoxluğa malikdir. Ümumiyyətlə, YAP-dan olan namizədlər qeydə alınmış namizədlərin 48 faizni, siyasi partiya mənsubiyyəti olan namizədlərin isə 90 fazini təşkil edir.

SMDT təəsüflə qeyd edir ki, 2004-cü ildə keçirilmiş bələdiyyə seçkilərdən fərqli olaraq hazırkı bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi çoxlu sayda qanun pozuntuları ilə müşayiət olunub. SMDT-nin müşahidələri göstərir ki, qanun pozuntuları əsasən bələdiyyələrə namizədliyini irəli sürən müxalifət partiyası üzvlərinə və yerli səviyyəli nüfuzlu şəxslərə qarşı baş verib. Bəzi dairələrdə namizədliyini verən müxalifət nümayəndələrinin sənədləri müxtəlif bəhanələrlə qəbul edilməyib.

c) Seçkiqabağı təşviqat kampaniyası

Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən6 seçkiqabağı təşviqat səsvermə gününə 28 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Bələdiyyə seçkiləri ilə bağlı 25 noyabr 2009-cu ildən etibarən seçkiqabağı təbliğat-təşviqat kampaniyası başlayıb və bu proses 22 dekabr 2009-cu il saat 08.00-dək davam edib.

Bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsi üçün pulsuz efir vaxtından istifadə etmək hüququnu ancaq ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınan siyasi partiyalar (siyasi partiyalar bloku) əldə edir. Namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesində yalnız YAP-dan olan namizədlər ölkə üzrə seçki dairələrindən çoxunda qeydiyyata alındığı üçün digər partiyaları bu imkandan istifadə hüququ əldə edə bilmədilər.

Bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası üçün namizədlərə dövlət büdcəsindən vəsait ayrılmayıb. Bununla da maddi vəziyyəti zəif olan xeyli sayda namizəd təbliğat-təşviqat kampaniyasında fəal iştirak edə bilməyib.

Ümumiyyətlə, seçkiqabağı təşviqat kampaniyasının nəticələri göstərir ki, bu çox sönük şəraitdə keçmiş, namizədlər arasında müzakirələr, seçicilərlə görüşlər, o cümlədən qarşı duran siyasi tərəflər arasında hər hansı siyasi müzakirələr baş verməyib.

b) Seçici siyahıları


SMDT Bələdiyyə seçkiləri ərəfəsində seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin monitorinqi zamanı seçicilər siyahısının bəzi seçki məntəqələri ərazisində qanunla müəyyən edilmiş vaxtda asılmadığı, bəzi seçicilərin adının seçicilər siyahısına daxil edilmədiyi və seçicilər barəsində məlumatların seçicilər siyahısına daxil edilməsi zamanı yanlışlıqlara yol verildiyi müəyyən edib.

d) Yerli və beynəlxalq müşahidəçilik

MSK-nın yaydığı məlumata görə, bələdiyyə seçkilərini müşahidə etmək üçün 50 min nəfər yerli və xarici müşahidəçi qeydiyyatdan keçib. Müşahidəçilərdən 54 nəfər beynəlxalq təşkilatlar və xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri olub.

IV. SEÇK günü müşahİdəçİlİk

Müşahidəçilərin yerləşməsi və hesabatvermə


SMDT seçki gününə hazırlıqla bağlı ölkə üzrə bələdiyyə seçkilərinin keçirildiyi 118 seçki dairəsindən təsadüfi üsulla seçilmiş 711 seçki məntəqəsində müşahidəçilik etmək üçün 1418 Azərbaycan vətəndaşına təlim keçib. Onlardan 1291 nəfəri seçki günü 118 seçki dairəsi üzrə 711 seçki məntəqəsində müşahidə aparmaq üçün SMDT ilə əməkdaşlıq edib.

Müşahidəçilər seçki günü qaydaları, müşahidəçilik funksiyaları, seçki günü hesabat/kommunikasiya və bitərəf müşahidəçilik barədə təlim keçiblər. Ümumilikdə, SMDT müşahidəçilər üçün 60 təlim keçirib. Müşahidəçilərin əksəriyyəti Mərkəzi Seçki Komissiyasında, 156 nəfər müşahidəçi isə Dairə Seçki Komissiyalarında fərdi təşəbbüsü əsasında akkreditə olunub.

Müşahidəçilər SMDT-nin hazırladığı vahid müşahidə forması əsasında səsvermə günü 4 dəfə hesabat veriblər. Hesabatlar SMDT-nin Baş Məlumat Mərkəzində qəbul edildikdən sonra təhlil edilib və ümumiləşdirilib.

SMDT-nin səsvermə gününün monitorinqinə dair nəticələri 118 seçki dairəsi üzrə 711 seçki məntəqəsindən (520 seçki məntəqəsi milli səviyyəli və 191 seçki məntəqəsi bələdiyyələr üzrə) daxil olan hesabatlarına əsaslanır (Bu bəyanat hesabatlara dair ilkin nəticələri əks etdirir və hesabatların təhlili prosesi davam edəcək).



Seçki günü müşahidə metodologiyası


SMDT seçki günü müşahidəçiliyi Statistikaya Əsaslanmış Müşahidəçilik (SƏM) metodologiyası əsasında 711 seçki məntəqəsində aparıb. Bu metodologiya üzrə bütün ölkəni təmsil edən təsadüfü seçilmiş seçki məntəqələrində müşahidəçilər yerləşdirilir. Bu sınanılmış metodologiya ölkə üzrə milli səviyyəli müşahidə aparmaq və respublikanın bütün seçki məntəqələri üzrə dəqiq məlumat əldə etmək üçün istifadə olunur.

23 dekabr 2009-cu il bələdiyyə seçkiləri ilə bağlı SMDT ölkə üzrə 2 səviyyədə təsadüfi seçim yolu ilə seçki məntəqələrini seçki gününə 2 həftə qalmış müəyyən edib – (1) bələdiyyələr üzrə 191 seçki məntəqəsi və (2) 520 seçki məntəqəsi üzrə milli təmsilçilik üzrə püşkatma yolu ilə seçilib.

1. Bələdiyyələr üzrə 191 seçki məntəqəsindı müşahidə

SMDT bələdiyyələr üzrə seçki prosesinin bütün tərəflərini və vəziyyətini qiymətləndirmək üçün Respublika üzrə 1718 bələdiyyə üzrə 10 bələdiyyənin bütün seçki məntəqələrində müşahidəçi yerləşdirib. Bu bələdiyyələr ölkənin 10 bölgəsində yerləşməklə SMDT-yə bölgələrdə keçirilən seçkilərin fərqli siyasi nəticələri, hüquqi xarakteri və seçici fəallığı barədə dəqiq təhlil aparmaq imkanı yaradır.



SMDT ilə əməkdaşlıq edən müşahidəçilər yuxarıda sözügedən bələdiyyələrə seçkiləri seçki məntəqələrinin açılması, səsvermə, seçici fəallığı, səsvermənin nəticələrinin hesablanması və protokollarda düzgün əks olunması üzrə aparıb.

Seçki gününün sonuna qədər daxil olmuş məlumatlara əsasən bu bələdiyyələrə seçkilərdə seçici fəallığı 17 faiz olub.

Aparılmış ümumi təhlil göstərir ki, bu bələdiyyələr üzrə seçkilərin keçirildiyi məntqələrdə ölkə üzrə digər seçki məntəqələrində olduğu kimi ciddi qanun pozuntuları qeydə alınıb. Məsələn, 191 seçki məntəqəsindən 53-də bir şəxsin bir neçə dəfə səsverməsi, 46 seçki məntəqəsində qutulara topa bülletenlərin atılması müşahidə edilib (SMDT bu seçki məntəqələri üzrə hesabatların təhlili prosesini səsvermə günündən sonra davam etdirəcək).

2. Milli təmsilçilik üzrə seçilmiş 520 seçki məntəqəsində müşahidə



SMDT seçki prosesinin xarakterini və qanunuyğunluğunu öyrənmək və qiymətləndirmək üçün ölkə üzrə 4813 seçki məntəqsi üzrə 520 seçki məntəqəsində müşahidəçi yerləşdirib. Bu məntəqələr ölkənin seçkilər keçirilən 118 seçki dairəsinin hər birini əhatə edib.

1. Seçki məntəqələrinin açılması



Müşahidəçilər məntəqələrin açılması zamanı cüzi problemlərin şahidi olublar. Mənətəqlər zəruri sənədlər və məlumat lövhələri ilə təmin olunub. Ancaq müşahidə aparılan seçki məntəqələrin 8 % faizində seçki məntəqəsindən kənarda səs vermək üçün müraciət edən seçicilərin sayı elan edilməyib.



2. Səsvermə prosesi




SMDT ilə əməkdaşlıq edən müşahidəçilər səsvermə prosesi zamanı seçki məntəqələrinin zəruri sənədləri olan seçicilərin səsvermədə iştirakına əsasən məhdudiyyətlərin yaradılmadığını (seçki məntəqələrinin 92 faizində), müşahidə ediblər.

Ancaq bununla belə səsvermə zamanı seçkilərin nəticələrinə təsir edəcək ciddi qanun pozuntuları qeydə alınıb. Məsələn, müşahidənin aparıldığı seçki məntəqələrinin 9 faizində seçicilər seçici siyahısını imzalamadan səsverməyə buraxılıb və ya seçicilərin barmağının mürəkkəblə işarələnməsi (seçki məntəqələrinin 23 faizində) yoxlanılmayıb.

SMDT-nin səsvermə prosesi üzrə ciddi qanun pozuntularına dairməlumatlarının xülasəsi:

* Müşahidənin aparıldığı seçki məntəqələrinin 16 faizində adı seçici siyahısında olmayan seçicilərin səsvermədə iştirakı halları qeydə alınıb.
* Müşahidənin aparıldığı seçki məntəqələrinin 17 faizində səsvermənin gizliliyinin pozulması halları qeydə alınıb.
* Müşahidənin aparıldığı seçki məntəqələrinin 22 faizində bir şəxsin bir-neçə dəfə səsverməsi (bir şəxs eyni məntəqədə bir-neçə dəfə səs verib və ya başqasının əvəzindən səs verib) qeydə alınıb.
* Müşahidənin aparıldığı seçki məntəqələrinin 16 faizində topa bülletenlərin seçki qutusuna atılması halları qeydə alınıb.
* Müşahidənin aparıldığı seçki məntəqələrinin 15 faizində seçicilərin qrup halında səsverməyə gətirilməsi halları qeydə alınıb.
* Müşahidənin aparıldığı seçki məntəqələrinin 13 faizində seçicilərin namziədlərin lehinə səs verməyə təhrik edilməsi halları qeydə alınıb.
* Müşahidənin aparıldığı seçki məntəqələrinin 15, 2 faizində seçki prosesinə polisin və yerli icra strukturları nümayəndələrinin müdaxiləsi halları qeydə alınıb.



3. Səslərin sayılması



SMDT ilə əməkdaşlıq edən müşahidəçilər səslərin sayılması zamanı ciddi təzyiqlərə məruz qalıblar. Belə ki, 7 seçki məntəqləsindən SMDT ilə əməkdaşlıq edən müşahidəçilər kənarlaşdırılıb.

Səslərin sayılması zamanı müşahidəçilərin olduğu seçki məntəqələrinin 3,1 faizində seçki qutuları açılmazdan əvvəl onların möhürlü olub-olmadığı yoxlanılmayıb. Eyni zamanda müşahidənin aparıldığı seçki məntəqələrinin yalnız 95 faizində səslərin sayılması prosesi açıq şəkildə keçirilib.

SMDT narahatlıqla qeyd edir ki, müşahidəçilərin olduğu seçki məntəqələrinin 23, 4 faizində protokolların surəti məntəqənin qarşısında asılmayıb. Bununla yanaşı SMDT ilə əməkdaşlıq edən müşahidəçilərin olduğu seçki məntəqələrinin 20.4 faizində müşahidəçilərə protokolların surəti verilməmişdir.

4. Seçici fəallığı



SMDT ilə əməkdaşlıq edən müşahidəçilərin 520 seçki məntəqəsi üzrə hesablamalarına əsasən seçici fəallığı 17 faiz olub. Ancaq nəzərə alınmalıdır ki, bu seçki məntəqələrində adı seçici siyahısında olmayan seçicilərin səsvermədə iştirakı (16 faiz) və bir şəxsin bir neçə dəfə səsvermədə iştirakı (22,1 faiz) halları qeydə alınıb. Bu isə SMDT-nin müşahidə apardığı seçki məntəqələrinin bir çoxunda seçici fəallığının süni yolla yaradıldığını göstərir.

Qeyd edək ki, MSK-nın bu seçki məntəqələri üzrə elan etdiyi ilkin rəsmi rəqəmlər (31-32 faiz) SMDT-nin əldə etdiyi rəqəmlərdən fərqli olub və bu aşağı seçki komissiyalarında seçici fəallığı üzrə rəqəmlərin şişirdilmiş olmasını ehtimal etməyə imkan verir.

5. Seçki günü müşahidəçilərə göstərilmiş təzyiqlər

Seçki günü SMDT ilə əməkdaşlıq edən müşahidəçilərin fəaliyyətinə bəzi seçki məntəqələrində məhdudiyyətlər yaradılıb və müşahidəçilər müxtəlif təzyiqlərə məruz qalıblar.

Müşahidəçilərə təzyiqlərlə bağlı məlumatlar:


* 29 saylı Səbail seçki dairəsi üzrə 4 saylı Məntəqə Seçki Komissiyasının (MnSK) sədri Əliyeva Lalə müşahidəçi Umudov Əfqanı məntəqədən kənarlaşdırıb. Buna əsas kimi isə müşahidəçinin vəsiqəsində müvafiq dairənin möhürü olmadığını bildirib. Ancaq qeyd edək ki, müşahidəçinin MSK-dan akkreditə olunması barədə vəsiqəsi olub.



* 25 Nizami ikinci seçki dairəsinin 13 saylı MnSK-nın sədri Musayev Polad müşahidəçi Yusifov Ruslanı məntəqədən qanunsuz olaraq kənarlaşdırıb. Əsas kimi, isə müşahidəçinin vəsiqəsində müvafiq dairənin möhürü olmadığını bildirib. Qeyd edək ki, müşahidəçi MSK-da qeydiyyatdan keçib.



* 63 saylı Sabirabad birinci seçki dairəsinin 1 və 2 saylı məntəqə seçki komissiyalarında səsvermə bitdikdən sonra məntəqədə olan bütün müşahidəçilər məcburi sürətdə kənarlaşdırılıb.



* Seçki günü səsvermə prosesi başladıqdan sonra Yardımlı rayon icra hakimiyyətinin nümayəndəsi Xanıyev Azər 72 saylı Yardımlı-Masallı seçki dairəsinin 4 saylı məntəqəsinin qarşısında dayanaraq məntəqəyə daxil olmaq isətəyən seçici və müşahidəçiləri təhdid edərək məntəqəyə buraxmayıb.



* 31 saylı Suraxanı ikinci seçki dairəsinin 15 saylı MnSK-nın sədri Şəfiqə Abdulova komissiya üzvünün topa bülleten atdığı barədə akt yazan müşahidəçi Qurbanov Ruslanın əlindən akt formasını alaraq, məntəqəyə polis dəvət edib. Polis işçisi müşahidəçini Suraxanı rayon polis idarəsinin 33 saylı Polis bölməsinə aparıb. Polis idarəsində müşahidəçidə olan hesabat forması müsadirə edilib.



* 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsinin 6 saylı MnSK-da müşahidəçi olan Hüseynov İslama müşahidə etdiyi qanun pozuntuları ilə bağlı akt tərtib etdiyi üçün MnSK-nın sədri Rəhim Əliyev və komissiyanın digər üzvləri tərəfindən təzyiqlər olub.



* 81 saylı Beyləqan seçki dairəsinin Təzəkənd kəndində yerləşən 19 və 43 saylı MnSK-ında səsvermə bitdikdən sonra məntəqədə olan müxalifət namizədlərini və müşahidəçiləri polis vasitəsi ilə məntəqədən kənarlaşdırıblar.



* 31 saylı Suraxanı ikinci seçki dairəsinin 6 saylı məntəqəsində olan müşahidəçi Qəmbərov Qəmbər muvafiq MnSK sədrinin dəvət etdiyi polis işçisi tərəfindən qanunsuz olaraq Suraxanı rayon polis idarəsinin 32 saylı Polis bölməsinə aparılıb.



* 80 saylı İmişli-Beyləqan seçki dairəsinin 40 saylı məntəqəsində səhər tezdən açıldığı zaman məntəqənin qarşısında polis dayanıb və müşahidəçiləri 1 saat müddətində məntəqəyə buraxmayıb.



* 108 saylı Ağstafa seçki dairəsinin 2 saylı MnSK-nın sədri Elxan Məmmədov səsvermə bitdikdən sonra onun dedikləri ilə razılaşmayan komissiya üzvü Adil Məmmədovu (Ümid Partiyasının nümayəndəsi) və qanun pozuntusu barədə akt tərtib edən İsmayıl Nəzirlini məntəqədən kənarlaşdırıb.



V. NƏTİCƏLƏR


SMDT 23 dekabr 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərinin bütün mərhələləri, o cümlədən seçki günü müşahidələri üzrə aşağıdakı nəticələrə gəlib:

* Bələdiyyə seçkiləri üzrə namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi yerli icra hakimiyyətlərinin qanunsuz müdaxilələri şəraitində baş verib və bu cür hallar əsasən müxalif siyasi partiyalardan namizəd olmaq istəyən şəxslərə qarşı təzyiqlərlə müşayiət olunub. Bununla da bələdiyyə seçkilərində siyasi partiyaların bərabər və ədalətli qaydada iştirakı məhdudlaşdırılıb;
* Bələdiyyə seçkiləri dövründə insan hüquqlarının vəziyyəti, xüsusən də söz və mətbuat azadlığı və sərbəst toplaşmaq azadlığına məhdudiyyətlər rəqabətli və azad seçkilər keçirməyə imkan verməyib;
* Seçkiqabağı təşviqat kampaniyası sönük şəraitində keçərək, qarşıduran siyasi tərəflər arasında siyasi müzakirələrə şərait təmin edilməyib;
* Bələdiyyə seçkilərində aşkarlığın təmin olunmasına təminat yaradılmayıb və bu əsasən müstəqil müşahidəçilərin qeydiyyatı və seçki günü fəaliyyətinə məhdudiyyətlərlə müşayiət olunub;
* Seçki günü ölkə üzrə seçki dairələrinin əksəriyyətində səsvermənin nəticələrinə ciddi təsir edən qanun pozuntuları – bir şəxsin bir neçə dəfə səsvermədə iştirakı, seçki qutularına saxta bülletenlərin atılması və adları seçici siyahılarında olmayan şəxslərin səsverçmədə iştirakı halları baş verib;
* Bir çox seçki məntqələrində səsvermənin nəticələri hesablanması açıq qaydada aparılmayıb və səsvermənin nəticələrinə dair seçki protoikollarının müşahidəçilərə təqdim edilməyib.



SMDT 23 dekabr 2009-cu ildə keçirlmiş bələdiyyə seçkilərinin müşahidələri üzrə nəticələri ümumiləşdirərək hesab edir ki, bu seçkilər Azərbaycan Respublikası qanunlarının kobud qaydada pozulması halları ilə müşayiət olunmuş və seçkilər azad, demokratik və ədalətli hesab edilə bilməz.


VI. TÖVSİYƏLƏR


SMDT 23 dekabr 2009-cu ildə keçirlmiş bələdiyyə seçkilərinin müşahidələri üzrə nəticələrinə dair aşağıdakıları təklif edir:

* Mərkəzi və Dairə Seçki Komissiyaları qanun pozuntuları ilə bağlı şikayətlərin dərhal araşdırıması və bu barədə qərarlarını ictimaiyyətə çatdırmasını təmin etməlidir;
* Siyasi hakimiyyət bütün siyasi rəqiblərin ölkənin ictimai-siyasi həyatında bərabər təmsilçiliyinə şərait yaratmalı və vətəndaşların sərbəst toplaşmaq, söz və mətbuat azadlığı ilə bağlı hüquqlarına hörmət etməlidir.
* Siyasi hakimiyyət ölkədə azad və demokratik seçkilərin keçirlməsi üçün siyasi iradə nümayiş etdirməli və mövcud Seçki Məcəlləsinin təkmilləşdirilməsi yönündə yerli və beynəlxalq təşkilatların səylərini dəstəkləməlidir;
* Akkreditasiyadan keçmiş müşahidəçilərə bütün seçki prosesini heç bir təzyiq olmadan izləmək üçün şərait yaradılmalıdır;

No comments:

Post a Comment